...

Azərbaycanda tələbə yataqxanalarının bərpa olunma prosesi sürətləndirilməlidir – deputat (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 13 Oktyabr 2010 22:48 (UTC +04:00)
Azərbaycanın bölgələrindən ali təhsil almaq üçün gəlmiş tələbələrin yaşayış yeri ilə təmin olunmasından ötrü yataqxanaların bərpası prosesi daha sürətli getməlidir. Bu barədə Milli Məclisin çərşənbə günü keçirilən iclasında çıxışı zamanı millət vəkili Qənirə Paşayeva bildirib.
Azərbaycanda tələbə yataqxanalarının bərpa olunma prosesi sürətləndirilməlidir – deputat (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir M.Əliyev/

RED. əlav. : Millət vəkilinin sözləri və fikirləri 1-ci və 6-cı abzaslardan, maliyyə nazirinin fikirləri 7-ci abzasdan sonra əlavə olunub.

Azərbaycanın bölgələrindən ali təhsil almaq üçün gəlmiş tələbələrin yaşayış yeri ilə təmin olunmasından ötrü yataqxanaların bərpası prosesi daha sürətli getməlidir. Bu barədə Milli Məclisin çərşənbə günü keçirilən iclasında çıxışı zamanı millət vəkili Qənirə Paşayeva bildirib.

O, qeyd edib ki, bu məsələni ötən həftənin şənbə günü parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Təhlükəsizlik və müdafiə, İnsan haqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin 2011-ci ilin dövlət büdcəsinin müzakirəsinə həsr olunmuş birgə iclasında da qaldırıb. Onun sözlərinə görə, parlamentdə kənd rayonunu təmsil etdiyi üçün tez-tez bu yöndə problemlərlə üzləşən insanlar ona müraciətlər edir və o da öz növbəsində bu problemləri həll etməkdə çox zaman aciz qalmalı olur.

"Bir zamanlar Ermənistanın işğalı nəticəsində qaçqın və məcburi köçkünlərimizin yerləşdirilməsi ən vacib məsələ idi və o zaman bu problemlə bağlı bir o qədər danışa bilmirdik. Lakin bu gün dövlətimizin imkanları artır; cənab Prezidentin göstərişi ilə qaçqın və məcburi köçkünlər üçün evlər tikilir, düşərgələr salınır", - Paşayeva bildirib.

Onun sözlərinə görə, çox yaxşı olardı ki, ali məktəblərin yataqxanalarında yaşayan məcburi köçkünlər üçün evlər tikilib köçürülsünlər ki, ali məktəbə daxil olan tələbələrin problemləri azalsın.

"Azərbaycan bölgələrindən gələn tələbələrimiz var, onların arasında imkansız ailələrin övladları da var və kirayə ödəyə bilməmələri səbəbindən, çox ciddi problemlər yaşayırlar", - millət vəkili bildirib.

Qənirə Paşayeva, həmçinin, çıxışında sosial ipotekaya ayrılan vəsaitin artırılmasının hərbçilər, elm dalınca gedən gənclər, gənc ailələrin mənzillə təminatında çox önəmli olduğunu bildirib.

"İpotekanın ilkin şərtlərinin yumşaldılması və regionlara genişləndirilməsi nəzərə alınmalıdır", - o deyib.

"Hərbi qulluqçularımız öz mənzil şəraitlərini təmin etmək üçün sosial ipoteka götürübsə və əgər onların içərisində kimlərsə sonradan torpaqlarımız uğrunda şəhid olubsa, onların ailələri həmin mənzillərə görə sosial ipotekanı ödəməkdən azad edilsinlər", - Paşayeva bildirib.

Millət vəkilinin sözlərinə görə sosial ipotekadan yararlanaraq özünə mənzil almış insanların arasında şəhid hərbçi Əhməd Abdullayevin də ailəsi var. Əhməd Abdullayev  bir müddət öncə Ermənistanın, erməni hərbi birləşmələrinin növbəti dəfə atəşkəsi pozması, ermənilərin hücumlarının qarşısının alınması zamanı böyük igidlik, şücaət  göstərərək qəhrəmancasına şəhid olub. Bundan sonra isə onun ailəsi ciddi bir problemlə - yəni, yaşadıqları mənzili uzunmüddətli sosial ipoteka ilə aldıqlarına görə, həmin ipotekanın ödənilməsində problemlə üzləşib.

Şəhid hərbçi Ə.Abdullayevin ailəsi bu problemin həlli üçün millət vəkilinə müraciət edib. O da öz növbəsində Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovla əlaqə saxlayıb: "Mən bu məsələ ilə bağlı Elman müəllimlə danışdım, vəziyyəti onun diqqətinə çatdırdım. Bildirdim ki, çox yaxşı olar, bu ipoteka dövlət tərəfindən ödənilsin. Çünki həyat yoldaşını itirən qadın 2 övladı ilə qalıb və onun bu ipotekanı ödəməyə heç cür imkanı yoxdur. Eyni zamanda qeyd edim ki, bu məsələnin həlli həm də cənab prezidentin şəhid ailələrinə diqqət və qayğısıyla bağlı məlum siyasətinə çox müsbət bir töhfə olar. Elman  müəllim də çox sağ olsun ki, zəngimizə və yazılı müraciətimizə müsbət cavab verdi. Onu da bildirdi ki, Əhməd Abdullayev dövlət, millət yolunda şəhid olub, cənab prezidentin də bizim qarşımıza qoyduğu vəzifə ondan ibarətdir ki, şəhid ailələrinə hər birimiz diqqət və qayğımızı əsirgəməyək. Ona görə Mərkəzi Bank olaraq həmin şəhid ailəsinin ipotekasını dövlət, Mərkəzi Bank səviyyəsində ödəməyi öz üzərimizə götürürük, onlar öz evlərində rahat şəkildə yaşamaqda davam edə bilərlər".

Maliyyə naziri Samir Şərifov çərşənbə günü Milli Məclisdə çıxışı zamanı bildirib ki, yataqxanaların təmir olunması nəzərdə tutulub. Millət vəkilinin təklifləri maliyyə naziri tərəfindən müsbət qarşılanıb və o, bildirib ki,  bu məsələnin həlli istiqamətində dövlət səviyyəsində atılan addımlar bundan sonra da davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti