Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir T.Hacıyev/
Ermənistan region ölkələrinə qarşı qeyri-konstruktiv xarici siyasəti ucbatından regiondakı inteqrasiyadan kənarda qalır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov Kaliforniya ştatında yerləşən Çəpmən Universitetində (Chapman University) Azərbaycana həsr olunmuş mühazirəsi zamanı deyib.
"Ermənistan region ölkələrinə qarşı qeyri-konstruktiv xarici siyasəti ucbatından regiondakı inteqrasiyadan kənarda qalır. Geosiyasi baxımdan mürəkkəb regionda yerləşən Azərbaycanın siyasi rəhbərliyi praqmatik xarici siyasət aparır və region ölkələri ilə yaxşı qonşuluq münasibətləri quraraq, regionun iqtisadi baxımdan inteqrasiya və inkişafına çalışır", - Süleymanov əlavə edib. Məlumatı cümə günü Baş Konsulluğun mətbuat xidməti yayıb.
Universitetin professor, müəllim heyəti və əsasən, magistr pilləsində təhsilini davam etdirən tələbələrinin iştirak iştirak etdiyi tədbirdə Süleymanov Azərbaycanın tarixi, geosiyasi mövqeyi, regiondakı aparıcı rolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və münaqişənin regionun inkişafına təsiri haqqında ətraflı məlumat verib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ətraf mühitin təmizlənməsi istiqamətində həyata keçirdiyi layihələrə həsr olunmuş videotəqdimatı dinləyicilərin diqqətinə çatdırılıb.