...

Küveyt Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır - vəliəhd

Siyasət Materials 26 Oktyabr 2010 00:52 (UTC +04:00)
Bazar ertəsi Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev Küveyt Dövlətinin Vəliəhdi Şeyx Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabahla görüşüb.
Küveyt Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır - vəliəhd

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir S.Ağayeva /

Bazar ertəsi Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev Küveyt Dövlətinin Vəliəhdi Şeyx Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabahla görüşüb. 

Görüş əsnasında, səfir Azərbaycan Prezidenti İlham Əliyevin şəxsən Əmir Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabaha, Vəliəhd Şeyx Nəvaf  Əl-Əhməd Əl-Cabir Əl-Sabaha və bütün Küveyt xalqına ünvanladığı səmimi salamları və xoş arzuları çatdıraraq, cənab Prezidentin iki dost ölkə arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd etmişdir. Bu barədə Trend-ə bazar ertəsi səfirliyindən bildirilib. 

Ölkələrimiz arasında tarixi, dini və mədəni bağlılığın əlaqələrimizin inkişafı üçün münbit şərait yaratdığını bildirən Rzayev, İslam dinini birincilər sırasında qəbul etmiş Azərbaycanın İslam və ərəb dövlətləri, o cümlədən Küveytlə münasibətlərinə toxunaraq, mövcud əlaqələrin qurulması və inkişafında ümummilli liderimizin böyük rolunu vurğulamış, daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin fevral ayında Küveytə rəsmi səfərinin əhəmiyyətini qeyd etmişdir. Səfir bu cür yüksək səviyyəli səfərlərin iki ölkə arasındakı səmimi münasibətlərin inkişafına güclü təkan verdiyini bildirmişdir. 

Daha sonra səfir beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığından söhbət açaraq, ölkəmizin taleyüklü problemi olan Ermənistan - Azərbaycan  Dağlıq Qarabağ münaqişəsilə əlaqədar Küveyt Dövlətinin Respublikamızın ədalətli mövqeyinə göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə etmişdir. 

Küveyt Dövlətinin Vəliəhdi Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını və bu münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini vurğulayaraq, Respublikamızda mövcud sabit siyasi - ictimai durum, sosial-iqtisadi sahələrdə uğurla həyata keçirilən islahatlar və  misilsiz inkişaf barədə məlumatlı olduğunu qeyd etmiş, qardaş ölkənin yüksələn xətt üzrə inkişafının onu olduqca sevindirdiyini bildirmişdir. 

Söhbətin sonunda Şeyx Nəvaf Əl-Əhməd AAzərbaycan Prezidenti İlham Əliyevə səmimi salamları və xoş arzularına görə dərin minnətdarlığını ifadə etdi, öz növbəsində möhtərəm Prezidentə salamlarının və bütün Azərbaycan xalqına rifah, inkişaf və tərəqqi barədə arzularının çatdırılmasını xahiş etdi.

Xəbər lenti

Xəbər lenti