Gürcüstan, Tbilisi, 29 oktyabr /Trend, müxbir N.Kirsxaliya/
Malayziyada böyük narkotik partiyası ilə saxlanılan iki Gürcüstan vətəndaşının ölüm cəzasından xilas olması prosesinə Gürcüstanın xalq müdafiəçisi Georgi Tuquşi də qoşulub.
Ombudsman kömək üçün beynəlxalq təşkilatlara müraciət etmək fikrindədir.
Malayziyada həbs olunan iki Gürcüstan vətəndaşına gəldikdə, onların kimliyinin Gürcüstan XİN-ə bu gün məlum olacağı ehtimal edilir. Bu gün tərcüməçi onlarla görüşməlidir.
Əldə olunan məlumata görə, dil baryeri üzündən saxlanılanların ifadə verməsi zamanı problem meydana çıxıb.
Malayziya heç bir beynəlxalq konvensiyanın, xüsusilə də insan haqları ilə bağlı konvensiyaların üzvü deyil.
Xalq müdafiəçisi həbs olunanların Gürcüstana ekstradisiyasına nail olacaq. Tuquşi hesab edir ki, insan nə qədər ağır cinayət törətsə də, ölüm cəzası onun cəzalandırılması üçün yolverilməzdir.
"Ölüm cəzası digər beynəlxalq təşkilatlar kimi, Avropa Şurası tərəfindən də pislənilir. Çox tez-tez əvvəlcə edam həyata keçirilir, daha sonra isə tənqid başlanır. Hesab edirəm, iş buna qədər gedib-çatmamalıdır, bunun üçün bizə dəstək lazımdır", - Tuquşi bəyan edib.
Bazar ertəsi Gürcüstan vətəndaşı olan iki qadın böyük miqdarda narkotiklə Malayziyada saxlanılıb. Malayziya qanunları ilə onları edam cəzası gözləyir.