...

Londonda nəşr olunan "Diplomat" jurnalının Azərbaycana həsr edilmiş xüsusi sayı dərc edilib

Siyasət Materials 1 Noyabr 2010 16:58 (UTC +04:00)
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, xüsusi say Azərbaycanda baş verən yeniliklərin Britaniya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədi ilə hazırlanıb.
Londonda nəşr olunan "Diplomat" jurnalının Azərbaycana həsr edilmiş xüsusi sayı dərc edilib

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Londonda nəşr olunan "Diplomat" jurnalının Azərbaycana həsr edilmiş xüsusi sayı dərc edilib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, xüsusi say Azərbaycanda baş verən yeniliklərin Britaniya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədi ilə hazırlanıb.

Jurnalda Azərbaycan-Böyük Britaniya ikitərəfli münasibətlərindən bəhs olunur, bu əlaqələrin dinamik inkişaf etdiyi, sıx enerji əməkdaşlığı ilə yanaşı, humanitar, mədəni və təhsil sahələrində əlaqələrin getdikcə dərinləşdiyi bildirilir. İkitərəfli münasibətlərin inkişafında xüsusi rol oynayan Britaniyadakı Azərbaycan təşkilatları və onların fəaliyyət istiqamətləri haqqında oxuculara məlumat verilir.

Ölkəmizin xarici siyasətinə həsr olunmuş bölmədə Azərbaycanın xarici siyasətinin praqmatik xarakter kəsb etdiyi, son illərdə region ölkələri ilə yüksək səviyyəli əməkdaşlığın dərinləşdiyi qeyd olunur. Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin sayının artırıldığı, müxtəlif beynəlxalq təşkilatların işində uğurlu fəaliyyət nəzərə çatdırılır. Hesabatda, həmçinin, xarici siyasətin qarşısında duran əsas vəzifə kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və ölkənin ərazi bütövlüyünün təmin olunması vurğulanır.

Xüsusi sayın iqtisadi təhlil hissəsində son illər müşahidə olunan yüksək iqtisadi artımın davamlı xarakter aldığı, həyata keçirilmiş uğurlu iqtisadi siyasət nəticəsində region ölkələri ilə müqayisədə Azərbaycan iqtisadiyyatına qlobal iqtisadi böhranın ciddi təsir göstərmədiyi qeyd olunur. Enerji ixrac marşrutlarının çeşidləndirildiyi bildirilir, enerji ehtiyatlarının Avropa bazarlarına çıxarılması məqsədilə reallaşdırılacaq layihələrdən biri olan Azərbaycan-Gürcüstan-Rumıniya mayeləşdirilmiş qaz layihəsi haqqında məlumat verilir.

Azərbaycanın müxtəlif mədəniyyətlərin qovşağında yerləşdiyi və bunun ölkədəki mədəni müxtəlifliyin ortaya çıxmasında özünü büruzə verdiyi qeyd olunur. Hazırda ölkənin sivilizasiyalararası dialoq prosesində fəal iştirak etdiyi, bu istiqamətdə Azərbaycanın təşəbbüsü ilə "Bakı prosesi" adlandırılan dialoq prosesinin davam etdirildiyi qeyd olunur. Zəngin muğam sənətinin qorunması istiqamətində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bir sıra tədbirlərin görüldüyü, o cümlədən dünyada yeganə Beynəlxalq Muğam Mərkəzinin tikilib istifadəyə verildiyi, xüsusi muğam ensiklopediyasının hazırlandığı barədə məlumat verilir.

"Diplomat" jurnalı Böyük Britaniya hökumətinin və parlamentinin üzvləri, Avropa İttifaqının yüksək rəsmiləri, Avropa Parlamentinin üzvləri, Britaniyadakı diplomatik korpus və işgüzar dairələr arasında paylanılır. 1947-ci ildə əsası qoyulmuş jurnal dünyada ən qədim diplomatik jurnallardan hesab olunur.

Xəbər lenti

Xəbər lenti