...

Brüsseldə NATO-nun Qafqazdakı siyasəti müzakirə ediləcək

Siyasət Materials 2 Noyabr 2010 19:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir A.Qasımova/

NATO-nun ictimai diplomatiya üzrə departamenti Azərbaycandan altı nəfərdən ibarət ekspertlər qrupunu noyabrın 25-26-da NATO-ya səfərə dəvət edib. Bu barədə təşkilatın ölkədə fəaliyyətini əlaqələndirən Rumıniyanın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Azərbaycandan olan iştirakçılar müxtəlif araşdırma mərkəzlərini, QHT və universitetləri təmsil edəcəklər. İlkin proqrama əsasən, görüşlər zamanı təşkilatın yeni starteji konsepsiyası, NATO əməliyyatları, NATO-nun Qafqazla bağlı siyasəti, Rusiya-NATO münasibətləri, Lissabondan sonra NATO çərçivəsində tərəfdaşlıq və s. müzakirə ediləcək. Belə səfərlər NATO-nun əlaqələndirici səfirliyinin maddi-texniki dəstəyi ilə mütəmadi olaraq təşkil edilir.

Azərbaycan və NATO arasında əməkdaşlığın əsası 1994-cü il mayın 4-də "Sülh naminə tərəfdaşlıq" proqramının - çərçivə sənədinin imzalanması ilə qoyulub.

1996-cı ilin aprelində "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində rəsmi sənəd imzalanıb. Adıçəkilən sənəd qarşılıqlı fəaliyyətin konkret istiqamətlərini müəyyən edib. Hazırda bu proqrama uyğun olaraq, Azərbaycan üzərinə düşən 50-yə yaxın tərəfdaş vəzifəni yerinə yetirir.

2005-ci ilin avqustunda Prezident İlham Əliyev "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlığı üzrə Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Hazırda "Azərbaycan Respublikasının NATO ilə fərdi əməkdaşlığı üzrə Fəaliyyət Planı"nın ikinci mərhələsi həyata keçirilir.

Azərbaycan 1999-cu ilin sentyabrından etibarən sülhməramlı əməliyyatlarda iştirak edir. Azərbaycan hərbi qulluqçuları beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovo, Əfqanıstan və İraqda fəaliyyət göstəriblər. Hazırda Azərbaycanın hərbi kontingenti Əfqanıstandadır.

Xəbər lenti

Xəbər lenti