Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir M.Əliyev/
Parlament seçkiləri zamanı Azərbaycan Mərkəzi Seçki Komissiyasına səkkiz seçki dairəsindən məntəqə seçki komissiyalarının təxminən 100 aktı daxil olub. Bu barədə bazar günü MSK-nın iclasında Komissiyanın katibi Natiq Məmmədov bildirib.
"Aktlarda əsasən müşahidəçilərin öz hüquq və vəzifələrini bilməmələri əks olunub", - Məmmədov qeyd edib. Onun sözlərinə görə, bu aktlar dairə seçki komissiyalarına göndərilib.
Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.
Məmmədovun sözlərinə görə, səsvermə günü MSK-ya müraciət göndərilməyib.
MSK-nın iclasında seçkilər başlanana qədər daxil olan müraciətlərə baxılıb.
Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparıb.
Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.