...

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında Konstitusiya Günü qeyd olunub

Siyasət Materials 12 Noyabr 2010 16:55 (UTC +04:00)
MTN-in ictimaiyyətlə əlaqələr mərkəzinin cümə günü yaydığı məlumata görə, Akademiya rəisinin tədris işi üzrə I müavini general-mayor Şahin Sultanov tədbiri açıq elan edərək Konstitusiyanın qəbul olunmasının 15-ci ildönümü münasibətilə toplantı iştirakçılarını təbrik edib.
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında Konstitusiya Günü qeyd olunub

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.

MTN-in ictimaiyyətlə əlaqələr mərkəzinin cümə günü yaydığı məlumata görə, Akademiya rəisinin tədris işi üzrə I müavini general-mayor Şahin Sultanov tədbiri açıq elan edərək Konstitusiyanın qəbul olunmasının 15-ci ildönümü münasibətilə toplantı iştirakçılarını təbrik edib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

General-mayor Sultanov məruzə ilə çıxış edərək, ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda misilsiz xidmətlərindən, Azərbaycan xalqının strateji seçimi olan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində respublikada bütün sahələrdə apardığı köklü islahatlar barədə danışıb.

Məhz ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığını, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyini qeyd edən Sultanov, bu mühüm tarixi hadisənin ümummilli liderin gərgin və fədakar əməyinin bəhrəsi olduğunu qeyd edib.

Bildirilib ki, Konstitusiya qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 21 fevral 1996-cı il tarixli sərəncamı ilə Hüquq İslahatları Komissiyası təsis olunub, azad vətəndaş cəmiy­yətinin formalaşmasına, insan hüquqlarının müdafiəsinə təminat verən yeni konsepsiya işlənib hazırlanıb.

1998-ci il iyulun 14-də Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması ilə konstitusiya nəzarəti institutu yaradılıb, 1999-cu il dekabrın 12-də isə Azərbaycanda ilk bələdiyyə seçkiləri keçirilib, ölkədə yerli özünüidarəetmə sisteminin formalaşdırılmasına başlanılıb.

Bütün bu işlərin məntiqi nəticəsi olaraq, Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edilib, dünyanın demokratik dövlətləri sırasında layiqli yerini tutub.

Məruzəçi ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konstitusiyamızın daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirdikləri mühüm işləri xatırladaraq bildirib ki, 24 avqust 2002-ci il və 18 mart 2009-cu il tarixlərdə qəbul olunmuş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktlarına uyğun olaraq, Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilib.

Bu əlavə və dəyişikliklər ölkəmizin "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulması, eləcə də məhkəmə islahatlarının həyata keçirilməsi nəticəsində yaranan öhdəliklərə əməl olunması, Milli Məclisin fəaliyyətinin və seçki sisteminin daha da təkmilləşdirilməsi kimi mühüm məqsədlərə xidmət edirdi. Bu mənada, qeyd olunan əlavə və dəyişikliklər Konstitusiyanı yeni müddəalarla zənginləşdirib.

General-mayor Sultanov dahi öndərin rəhbərliyi altında qəbul edilən mütərəqqi qanunların, respublikamızın qoşulduğu beynəlxalq-hüquqi aktların, məhkəmə-hüquq sisteminin yenidən qurulmasının ölkəmizdə demokratik, hüquqi dövlətin möhkəm əsasını və sarsılmaz bünövrəsini yaratdığını, qədirbilən xalqımızın Heydər Əliyevin bu misilsiz xidmətlərini heç bir zaman unutmayacağını, onun ölməz ruhu qarşısında baş əydiyini söyləyib.

Sultanov ümummilli liderin Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi sahəsində həyata keçirdiyi bütün işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkədə aparılan hüquqi islahatların qanun­veri­cilik bazasının möhkəmləndirilməsinə və daha effektli işləməsinə, mütərəq­qi hüquq məkanına inteqrasiyanı sürətləndirmək üçün beynəl­xalq hüquq normalarının səmərəli tətbiqinə yönəldiyini vur­ğu­layıb.

Sultanov qeyd edib ki, ölkə Konstitusiyasının müddəaları Milli Təhlükəsizlik Nazirliyinin və onun hər bir əməkdaşının fəaliyyətinin əsasıdır, çünki bu fəaliyyət müstəqil Azərbaycan Respublikasının təhlükəsizliyinin, vətəndaşların hüquq və azadlıqlarının qorunması işinə bilavasitə xidmət edir.

Sultanov bu ilin noyabr ayının 7-də Milli Məclisə demokratik əsaslarla keçirilən seçkiləri ümummilli lider Heydər Əliyev ideyalarının, eyni zamanda, onun rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın təntənəsi olduğunu bildirib.

Akademiyanın Konstitusiya hüququ kaferasının müəllimi, hüquq elmləri namizədi Tuqay Əliyev müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunmasının tarixi-siyasi və hüquqi əhəmiyyəti barədə danışıb, Ali Qanunumuzun xalqın mənafelərini təmin edən ən demokratik analoji sənədlər sırasında layiqli yerini tutduğunu qeyd edib.

Çıxış edən dinləyici və kursantlar Azərbaycanın təhlükəsizlik orqanlarının əzəli və əbədi rəhbəri Heydər Əliyevin adını daşıyan Akademiyada təhsil almalarından qürur duyduqlarını, xalqımızın milli maraqlarının və təhlükəsizliyinin etibarlı təmin olunması, dövlətimizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşunun qorunması, ölkəmizin inkişafı və qüdrətlənməsi naminə fəaliyyətlərində bundan sonra da möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin ən sadiq köməkçiləri olacaqlarını iftixarla vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti