...

Bəhailər BMT-nin İranla bağlı qətnaməsini alqışlayırlar

Siyasət Materials 19 Noyabr 2010 13:09 (UTC +04:00)
BMT Baş Assambleyası komitəsi insan haqlarının pozulması hallarının tezləşməsi və davam etməsinə görə İranı kəskin tənqid edib. Bu barədə bəhai beynəlxalq icmasının rəsmi məlumatında deyilir.
Bəhailər BMT-nin İranla bağlı qətnaməsini alqışlayırlar

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir T.Konyayeva/

BMT Baş Assambleyası komitəsi insan haqlarının pozulması hallarının tezləşməsi və davam etməsinə görə İranı kəskin tənqid edib. Bu barədə bəhai beynəlxalq icmasının rəsmi məlumatında deyilir.

"1985-ci ildən İranı pisləyən sayca 23-cü qətnamədəki fikir dünyanın əvvəlki kimi İranda insan haqlarının pozulmasının davam etməsi ilə bağlı dərin narahatlıq keçirdiyinə şübhə yeri qoymur", - bəhai beynəlxalq icmasının BMT-dəki baş nümayəndəsi Bani Duqal bildirib.

Cümə axşamı Assambleyanın üçüncü komitəsi İranda "insan haqlarının ciddi pozulması halları ilə bağlı dərin narahatlığın" ifadə olunduğu qətnaməni 44-ü əleyhinə olmaqla 80 səslə qəbul edib.

Qətnamə İranda işgəncələrin tətbiqi, hüquq müdafiəçilərinin təqib olunması, "gender bərabərsizliyinin və qadınlara qarşı zorakılığın saxlanması", azlıqlara, eləcə də bəhai təriqətinin davamçılarına qarşı ayrı-seçkiliyin davam etməsi haqqında sonuncu hesabatın əsasında qəbul olunub.

Duqalın sözlərinə görə, bəhai beynəlxalq birliyi bu qətnaməni təkcə İranda baş verənlərin obyektiv xülasəsinə görə deyil, həm də nəzarəti gücləndirmək barədə çağırışına görə alqışlayır.

Beş səhifəlik sənəd BMT baş katibi Pan Gi Munun oktyabrda dərc olunmuş məruzəsində ifadə etdiyi narahatlığı təkrarlayır. Baş katib İranda işgəncə və edam cəzasının tətbiqini, qadınlara qarşı zorakılıqları və keçirilən məhkəmə araşdırmaları zamanı dəfələrlə pozuntulara yol verildiyini, eləcə də onun dini və milli azlıqların, o cümlədən, bəhai, sufi, bəluc və kürdlərin hüquqlarının müdafiə etmək qabiliyyətinin olmamasını tənqid edib.

Qətnamə həmçinin İranı insan haqları üzrə beynəlxalq müşahidəçilərlə əməkdaşlığa və onları ölkəyə buraxmağa çağırır.

"Qətnamədə qeyd olunduğu kimi, BMT nümayəndəsinin İrana sonuncu səfərindən beş il ötür. Onlar buraya insan haqlarının pozulmasına dair məlumatları yoxlamaq üçün gəlmişdilər. Məlumdur ki, bu da nəyisə gizlətməyə ehtiyacı olmadığını iddia edən bir ölkə üçün əlverişli deyil", - Duqal bildirib.

Məlumatda deyilir ki, bütöv bir bəndi bəhai ardıcıllarının izlənməsinə həsr olunmuş qətnamə bu yaxınlarda bəhailərə qarşı törədilən insident və hücumların tam geniş siyahısını özündə ehtiva edir.

Eləcə də "dövlətin icma üzvlərini aşkar etmək, onların fəaliyyətinə nəzarət etmək və özbaşına həbslər həyata keçirmək cəhdlərinə sübutlar orada qeyd olunur. Bundan əlavə, bəhailərə ali məktəblərə daxil olmaq, özlərini maddi baxımdan təmin etmək qadağan olunur, əmlakları müsadirə və məhv edilir, eləcə də onların qəbiristanlıqlarında vandalizm aktları həyata keçirilir".

Qətnamədə eləcə də bəhailərin yeddi liderinin bu yaxınlarda keçirilmiş məhkəməsi və onlar barəsində çıxarılan hökmlə, həmçinin, "lazımi hüquqi prosedurun keçirilməsindən dəfələrlə imtina edilməsi" ilə bağlı narahatlıq ifadə olunur.

Yeddi bəhai ardıcıllarından altısı 2008-ci il mayın 14-də Tehrandakı evlərində həbs ediliblər. Məhvəş Sabit 2008-ci il martın 5-də Məşhəddə olduğu vaxt həbs edilib. Tehrandakı Evin həbsxanasında həbsdə saxlandıqları bütün müddət ərzində onlara qarşı heç bir rəsmi ittiham irəli sürülməyib, həmçinin onlara vəkilləri ilə görüşməyə icazə verilməyib. Saxlanılanlar arasında Fəriba Kamalabadi, Cəmaləddin Xəncani, Afif Naeimi, Səid Rzayi, Məhvəş Sabit, Bəhruz Təvəkküli və Vahid Tizfəhm də var.

Bir çox ölkələrin nümayəndələri, o cümlədən ABŞ, Braziliya, Hindistan, Kanada və Avropa İttifaqının görkəmli xadimləri ədalətsiz məhkəmə prosesi ilə bağlı narazılıqlarını bildiriblər, İran hakimiyyətini məhkəməni beynəlxalq hüquq standartlarına uyğun olaraq açıq keçirməyə çağırıblar.

42 ölkə tərəfindən irəli sürülən və Üçüncü komitənin qəbul etdiyi qətnamə dekabrda Baş Assambleyanın plenar iclasında tamamilə təsdiqlənəcək.

Xəbər lenti

Xəbər lenti