...

Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyada "İlin adamı" elan olunub

Siyasət Materials 24 Noyabr 2010 12:22 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyada "İlin adamı" elan olunub
Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyada "İlin adamı" elan olunub

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyada 2010-cu ildə "İlin adamı" elan olunub, bu barədə çərşənbə günü Trend-ə ölkəmizin Rumıniyadakı səfirliyindən məlumat verilib.

Məlumata görə, Buxarest şəhərində Rumıniyanın, eləcə də Cənub-Şərqi Avropanın nüfuzlu "Balcanii si Europa" ("Balkanlar və Avropa") jurnalı tərəfindən 2010-cu ildə ictimai-siyasi həyatın müxtəlif sahələrində mühüm xidmətlərə malik insanlara mükafatların təqdimat mərasimi keçirilib.

2000-ci ildən etibarən mütəmadi olaraq, hər il keçirilən təqdimat mərasimlərində siyasət, iqtisadiyyat, ədliyyə, insan hüquqları, mədəniyyət üzrə nominasiyalarda əlahiddə xidmətləri olan şəxslər mükafatlandırılırlar. İndiyə qədər müxtəlif nominasiyalar üzrə Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçıları, ictimai-siyasi xadimləri mükafata layiq görülüblər.

Siyasi, iqtisadi, sosial, mədəni sahələrdə xüsusi çəkiyə malik olan şəxsiyyətlərdən və ölkənin nüfuzlu qeyri-hökumət təşkilatları, müstəqil ekspertlər, kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət münsiflər heyəti cari ilin yekunlarına görə baş nominasiya olan "İlin adamı 2010" mükafatının Azərbaycan Prezidenti İlham Əliyevə verilməsi barədə yekdilliklə qərar qəbul edib.

Münsiflər heyəti bu addımını Azərbaycan Prezidentinin siyasi, iqtisadi, elmi, mədəni və humanitar sahələrdə əldə etdiyi uğurlara, Rumıniya-Azərbaycan əlaqələrinin, hər iki xalqın və geniş Xəzər və Qara dəniz bölgəsinin tərəqqisinə yetirdiyi xüsusi diqqətlə əsaslandırıb, regionun və eyni zamanda Qərbi Avropanın gələcək enerji problemlərinin səmərəli həllinə gətirib çıxaracaq AGRİ (Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İnterkonnektoru) layihəsini buna bariz nümunə olaraq göstərib.

Mükafatın təqdimolunma mərasimində Azərbaycan Prezidentinin rəhbərliyi altında dinamik inkişaf edən iqtisadiyyata malik, yürüdülən müdrik və müstəqil siyasət nəticəsində müasirlik və milli köklərin vəhdət təşkil etdiyi Azərbaycanın daha da çiçəklənən gələcəyə doğru inamlı addımlarla irəliləməsi təkzibolunmaz gerçəklik kimi vurğulanıb. Bunun da, öz növbəsində, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki layiqli yerini tutmasında və geostrateji əhəmiyyətini möhkəmləndirməsində danılmaz tarixi xidmətlər olduğu qeyd edilib.

Təltif mərasimində səfir Eldar Həsənov çıxış edib.

Xəbər lenti

Xəbər lenti