...

Argentina Azərbaycan ilə mədəniyyət və təhsil sahəsində sazişin imzalanmasında maraqlıdır – nazir müavini

Siyasət Materials 24 Noyabr 2010 18:57 (UTC +04:00)
Trend-in Azərbaycanda səfərdə olan Argentinanın xarici işlər nazirinin müavini Alberto Pedro D'Alotto ilə müsahibəsi
Argentina Azərbaycan ilə mədəniyyət və təhsil sahəsində sazişin imzalanmasında maraqlıdır – nazir müavini

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir S.Ağayeva/

Trend-in Azərbaycanda səfərdə olan Argentinanın xarici işlər nazirinin müavini Alberto Pedro D'Alotto ilə müsahibəsi


- Cənab D'Alotto, Azərbaycana xoş gəlmişsiniz. Bildiyimizə görə, Siz Argentina hökumətinin ölkəmizdə olan ilk nümayəndəsisiniz. Azərbaycan haqqında təəssüratlarınız necədir?

- Mən zəngin tarixi ənənələrə malik və eyni zamanda gələcək inkişaf üçün açıq olan dost və dinamik cəmiyyət gördüm.

Hökumət adamlarının qarşılıqlı səfərlərinə gəldikdə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun 2006-cı ildə etdiyi səfəri xatırlamaq yerinə düşər. Onun səfərinə o zaman keçmiş xarici işlər naziri Xorxe Tayana, vitse-prezident Daniel Sçioli və federal planlaşdırma naziri Xulio de Vido ilə görüşlər daxil idi.

- Argentina və Azərbaycan arasında münasibətlərin indiki səviyyəsini necə qiymətləndirirsiniz?

- Biz inanırıq ki, bu səfər gələn il bizim xarici işlər nazirimizin səfəri ilə davam edəcək. Biz bu səfərin ölkələrimiz arasında əlaqələrin gələcək möhkəmlənməsinə xidmət edəcəyini gözləyirik.
Artıq hazırlanan ikitərəfli müqavilələrin imzalanması da ölkələrimizi yaxınlaşdırmağa kömək edəcək.


- Ölkələrimiz arasında əməkdaşlıq perspektivlərini necə görürsünüz?

- İqtisadi və ticari baxımdan biz əməkdaşlığımızı genişləndirməliyik və ticarət balansımızı şaxələndirməliyik. İndiyədək bizim Azərbaycana başlıca ixracımız əczaçılıq malları, ət və süd məhsulları olub. Ölkənizdən idxalımızın böyük hissəsi isə kimya sənayesi ilə bağlıdır.
Biz bilirik ki, Bakı Argentinanın kənd təsərrüfatındakı təcrübəsində və müasir kənd təsərrüfatı texnikasından istifadədə maraqlıdır. Buna görə də hesab edirik ki, texniki əməkdaşlıq haqqında sazişin imzalanması birinci dərəcəli əhəmiyyətə malikdir.


- Ərazi mübahisəsi olan ölkə kimi Argentinanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövqeyi necədir? Argentinada ərazi mübahisələrinin necə həll edildiyi barədə danışa bilərsinizmi?

- Bildiyiniz kimi, hökumətimiz Argentina Respublikasının Malvin adaları, Cənubi Georgia və Cənubi Sandviç adaları və milli ərazimizin ayrılmaz hissəsi olan yaxın dəniz rayonları üzərində suverenliyini təsdiq edir. Hökumət suverenliklə bağlı son qərarın tapılması məqsədilə BMT-nin Baş Assambleyası ilə birgə Birləşmiş Krallıqla ikitərəfli danışıqları bərpa etmək üçün daimi və səmimi hazırlığını bir daha bəyan edir.
Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, biz ATƏT-in Minsk qrupunun fəaliyyətini həmişə dəstəkləmişik və forumların bir çoxunda tərəflərin münaqişənin ədalətli və etibarlı nizamlanmasına nail olmasını istədiyimizi bəyan etmişik.


- Azərbaycan bu yaxınlarda Cənubi Amerikada ilk dəfə olaraq Buenos-Ayresdə səfirlik açıb. Argentina hökumətinin Azərbaycanda səfirlik açmaqla əlaqədar planları necədir?

- Azərbaycanda Argentina səfirliyinin açılması qarşılıqlı prinsipə əsaslanır və hazırda regionda siyasətimizin kontekstində priotitet kimi baxılır və baxılacaq.

- Azərbaycanda Argentina öz futbolu, tanqosu və mal əti ilə məşhurdur. Lakin əminik ki, Sizin gözəl ölkənizin xeyli gözəllikləri var. Azərbaycan cəmiyyəti ölkənizin zəngin mədəniyyətini və dəyərlərini dərindən öyərənməyə səy göstərir. Argentina hökumətinin bu sahədə hansısa planı varmı?

- Hesab edirik ki, biz bir-birimizdən çox şey öyrənməliyik. Məhz buna görə də biz ölkələrimiz arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlıq haqqında sazişin imzalanmasında çox maraqlıyıq. Belə ki, bunun bir-birimizi daha yaxşı tanımağa kömək edəcəyinə ümidvarıq.

Xəbər lenti

Xəbər lenti