...

Azərbaycan Prezidenti Şuşa şəhəri 1 saylı orta məktəbin kollektivini təbrik edib

Siyasət Materials 6 Dekabr 2010 19:25 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Şuşa şəhəri 1 nömrəli orta məktəbin kollektivini təbrik edib.
Azərbaycan Prezidenti Şuşa şəhəri 1 saylı orta məktəbin kollektivini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Şuşa şəhəri 1 nömrəli orta məktəbin kollektivini təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Sizi - məktəbinizin müəllim kollektivini, şagirdləri və məzunlarını Azərbaycanda ilk dünyəvi təhsil ocaqlarından olan Şuşa şəhəri 1 nömrəli orta məktəbin 180 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Məktəbiniz milli təhsil sisteminin inkişafına və maarif-mədəniyyət tariximizə dəyərli töhfələr vermişdir. Ədəbi-ictimai fikrimizin bir çox görkəmli simalarının təhsil aldıqları bu tədris müəssisəsi yarandığı vaxtdan bəri ölkəmizdə mütərəqqi fikirli yeni ziyalılar nəslinin və milli kadrların yetişməsində, mədəni-maarifçilik hərəkatının geniş vüsət qazanmasında təqdirəlayiq xidmətlər göstərmişdir", - təbrikdə deyilir.

İlham Əliyev qeyd edib ki, Şuşa şəhər məktəbi maarifpərvər insanların fədakar əməyi sayəsində uzun illər respublikamızın zəngin təcrübəyə malik bir ümumtəhsil ocağı olaraq tanınmışdır.

"Burada vaxtilə görkəmli alimlər, mədəniyyət və incəsənət xadimləri təhsil almışlar. Məktəbin məzunları bu gün də ölkəmizin sosial-iqtisadi, mədəni-intellektual potensialının artırılmasında bilik və bacarıqlarını əsirgəmirlər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində soydaşlarımız doğma yurd-yuvalarından didərgin salınmış, silahlı erməni quldur dəstələri tərəfindən işğal altına alınan torpaqlarımızda, o cümlədən xalqımızın iftixar mənbəyi qədim Şuşada iqtisadi və sosial infrastruktur büsbütün dağıdılmışdır. Şuşa şəhəri 1 nömrəli orta məktəb 1992-ci ildən Bakı şəhərində məskunlaşmaq məcburiyyətində qalmışdır. Məktəbiniz ötən illərdə özünün pedaqoji ənənələrini qoruyub yaşatmaq üçün böyük əmək sərf etmişdir. İnanıram ki, məktəbin müəllim kollektivi gənc nəslin mənəvi saflığı, bilikləri lazımınca mənimsəməsi və yurdumuzun layiqli övladları kimi yetişdirilməsi naminə bundan sonra da var qüvvə ilə çalışacaqdır", - təbrikdə deyilir.

Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhəri 1 nömrəli orta məktəbin kollektivinə cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti