Azərbaycan, Bakı, 6 dekabr /Trend/
Ankarada yerləşən Avrasiya İqtisadi Əlaqələr Dərnəyi və Şimali Kipr Türk Respublikasının (ŞKTR) Lefkə Avropa Universitetinin təşkilatçılığı ilə keçirilən "XXI yüzildə Türk dünyası" adlı beynəlxalq simpoziumun yekun qətnaməsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türk dünyasına, beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara müraciətlər öz əksini tapıb.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, ŞKTR, nümayəndə heyətlərinin, habelə Əfqanıstan, Kosova, Makedoniya, Krım, Şərqi Türküstan və dünyanın müxtəlif bölgələrində yaşayan türk toplumunu təmsil edən millət vəkilləri, ictimai-siyasi xadimlər, elm adamlarının qatıldığı simpoziumun sonunda 12 maddədən ibarət yekun bəyanat qəbul edilib.
Millət vəkili Qənirə Paşayevanın və Azərbaycan nümayəndə heyətinin digər üzvlərinin təklifləri əsasında respublikamızın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulması, Azərbaycan torpaqlarının 20 faizinin işğalı, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşaması kimi faktlara yekun sənəddə geniş yer verilib.
Simpozium iştirakçıları Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini və 15 ildən artıqdır ki, bu işğalı davam etdirməsini qətiyyətlə pisləyir və beynəlxalq təşkilatları və ictimaiyyəti bu problemin həllində daha fəal rol oynamağa, üzərlərinə düşən vəzifələri yerinə yetirməyə çağırıb, XX əsrin sonlarında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımın bütün dünyaya tanıdılması istiqamətində bütün türkdilli dövlətləri, və onların xaricdəki diasporlarını Azərbaycan dövləti və diasporu ilə geniş əməkdaşlığa dəvət ediblər.
Simpozium iştirakçıları 2011-ci ilin bütün Türk dünyasında Qarabağ ili elan edilməsini təklif ediblər.