Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir M.Əliyev/
Buxarestdə ümummilli lider Heydər Əliyevin vəfatının 7-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib. Bu barədə bazar günü səfirliyin mətbuat xidməti məlumat yayıb.
Buxarest şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Xiyabanında Azərbaycan Rumıniyadakı səfirliyi tərəfindən keçirilən anma mərasimində Ulu öndərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Buxarest şəhərində ucaldılan büstü önünə əklillər qoyulub.
Həmin gün tədbir iştirakçıları Buxarest şəhərində fəaliyyət göstərən Heydər Əliyev Fondu Rumıniya Nümayəndəliyini ziyarət etdilər. Tədbirdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Dumitru Balan iki ölkə arasında dostluq və siyasi tərəfdaşlıq əlaqələrinin yaradılmasında Heydər Əliyevin misilsiz rolu barədə danışdı.
Heydər Əliyev Fondunun-Rumıniyadakı nümayəndəsi İqbal Hacıyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun çoxşahəli humanitar xeyriyyəçilik fəaliyyətindən söhbət açıb.