Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir Y.Ostapenko/
Cümə axşamı Demokratik Seçkilər üzrə Şuranın 35-ci görüşündə noyabrda Azərbaycanda keçirilən parlament seçkiləri ilə əlaqədar fəaliyyət planının gerçəkləşməsi haqqında məlumat təqdim olunacaq. Bu barədə Komissiyanın saytında məlumat verilib.
Venesiya Komissiyası (Avropa Şurasının strukturlarından biri) görüşdə, həmçinin Ermənistanda seçki məcəlləsinin dəyişdirilməsi üzrə işlərin gedişi və noyabrda Moldovada vaxtından əvvəl keçirilən parlament seçkilərinə hazırlıq və onların yekunları haqqında Demokratik Seçkilər üzrə Şuranın rəyini təqdim edəcək.
Görüşdə, həmçinin Demokratik Seçkilər üzrə Şuranın Demokratik Təsisatlar və İnsan Haqları üzrə Büro ilə gələcək əməkdaşlığı haqqında fikir mübadiləsi aparılacaq.
Seçki hüququ sahəsində işləyən Venesiya Komissiyası seçkilər haqqında qanun layihələri üzrə rəylər verir, həmçinin referenduma aid məsələlərlə məşğul olur.
2002-ci ildən seçki qanunvericiliyi sahəsində Venesiya Komissiyasının fəaliyyəti Demokratik Seçkilər üzrə Şuranın yaradılmasına yönəldilib.
Şura seçki hüququ sahəsində Venesiya Komissiyasının araşdırmaları və rəylərini onlara Komissiyanın plenar iclasında baxılmamışdan əvvəl təhlil edir.
Venesiya Komissiyası və Demokratik Seçkilər üzrə Şura seçki hüququ sahəsində hüquqi sabitlik və Avropa irsinin zənginləşdirilməsini təmin etmək üçün Avropa seçki irsi prinsipləri, xüsusilə də seçkilərin keçirilməsi üçün məsləhət normaları toplusu, həmçinin onun tövsiyələrinə əlavə olan digər prinsipləri hazırlayıblar.
Venesiya Komissiyasının növbəti, 85-ci plenar iclası cümə və şənbə günləri keçiriləcək.