...

Azərbaycanın müxalifət partiyası Müsavat başqanını birləşmə qərarına tərəddüd etməməyə çağırır

Siyasət Materials 13 Dekabr 2010 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Xalq Cəbhəsi Partiyası (AXCP) hesab edir ki, Müsavat Partiyasının rəhbərliyi ictimaiyyətin ondan gözlədiyi qərarı qəbul etməkdə tərəddüd etməməlidir. Bu barədə bazar ertəsi Trend-ə AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı bildirib.

"Birləşmə ilə bağlı Xalq Cəbhəsi Partiyası öz qərarını qəbul edib. İndi hər şey Müsavat Partiyasının atacağı addımlardan asılıdır. AXCP-nin qurultayında bu qərar qəbul olunarkən Müsavat başqanı da qərarın doğruluğu ilə bağlı fikir söyləyib. Xalq Cəbhəsinin birləşmə ilə bağlı mövqeyi artıq müəyyən olunub", - Qəhrəmanlı əlavə edib.

İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər Rəsulzadə-Elçibəy yolunda olan siyasi partiyalarının birləşməsini təklif edib. Bu təklifə ilk reaksiya AXCP-dən gəlib. AXCP-nin sentyabrın 25-də keçirilən qurultayı zamanı Müsavat Partiyasına birləşmək haqqında qərar qəbul olunub.

Bundan əvvəl Müsavat Partiyasının sabiq Məclis sədri Sülhəddin Əkbər jurnalistlərə açıqlamasında bildirmişdi ki, Müsavat başqanı da daxil olmaqla partiya rəhbərliyi birləşməyə qarşıdırlar.

"Müsavatla bağlı son dövrlərdə yaşanan proseslərdən, xüsusilə də Sülhəddin Əkbərlə İbrahim İbrahimlinin verdiyi açıqlamalardan bəlli olur ki, partiyada bu məsələ ilə bağlı, çox təəssüf ki, yekdil və birmənalı mövqe yoxdur. Bu, təbii ki, Azərbaycan cəmiyyətinin maraqlarına, demokratik müxalifətin istəklərinə uyğun olmayan haldır və bu, cəmiyyətdə müəyyən narahatçılıq yaradır", - Qəhrəmanlı qeyd edib.

Onun sözlərinə görə, AXCP qeyd-şərtsiz birləşməyə və vahid güc kimi mübarizə aparmağa hazır olduğunu dəfələrlə qeyd edib və hazırda Müsavatın atacağı addımları gözləyirlər.

Xəbər lenti

Xəbər lenti