...

İran xarici işlər nazirinin vəzifədən uzaqlaşdırılması gözlənilən idi - ekspert

Siyasət Materials 13 Dekabr 2010 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir D.Xatınoğlu/

İran Prezidenti Mahmud Əhmədinejad xarici işlər naziri Mənuçöhr Müttəkini tutduğu vəzifədən uzaqlaşdırıb. Qlazqo Universitetinin İran əsilli professoru və siyasi ekspert Rza Təqizadənin fikrincə, Müttəkinin vəzifədən uzaqlaşdırılması gözlənilməz hadisə deyildi. Bundan əvvəl də dəfələrlə Müttəkinin istefaya getdiyi və ya işdən uzaqlaşdırılacağı ilə bağlı KİV-də məlumatlar yayılırdı.

İran Prezidenti Mahmud Əhmədinejadın sərəncamı ilə ölkənin xarici işlər naziri Mənüçöhr Müttəki vəzifəsindən çıxarılıb. İran Prezidentinin rəsmi saytının bazar ertəsi yaydığı məlumata görə, bu vəzifəni müvəqqəti olaraq Əli Əkbər Salehi icra edəcək. Müttəkinin vəzifədən azad olunmasının səbəbi açıqlanmayıb.

Təqizadə telefonla Londondan Trend-ə bildirib ki, Əhmədinejad birbaşa və özü bildiyi kimi xarici siyasət yürütmək istəyir. O, bundan əvvəl də Xarici İşlər Nazirliyinin səlahiyyətində olan bəzi sahələrə müdaxilə etmişdi. "Məsələn, Əhmədinejad Xəzər, Asiya və digər regionlar üzrə xüsusi nümayəndə təyin etmişdi. Bu addım xarici işlər naziri və parlament nümayəndələrinin etirazına səbəb olmuşdu", - Təqizadə bildirib.

Əhmədinejad Avropa, Xəzər, Yaxın Şərq, Asiya, Afrika, Latın Amerikası və Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndələri təyin etsə də, İranın ali dini lideri ayətullah Əli Xamneyinin etirazından sonra xüsusi nümayəndə vəzifəsini müşavirlə dəyişib. Əhmədinejad Prezident Administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayini Yaxın Şərq məsələləri, İranın Mədəni İrs və Turizm Təşkilatının sədri Həmid Bəqayini Asiya məsələləri, İranın iqtisadiyyat naziri Şəmsəddin Hüseynini Afrika məsələləri, ticarət naziri Məhəmməd Abbasini Latın Amerikası məsələləri və İranın Ali Milli Təhlükəsizlik Şurası sədrinin müşaviri Əbülfəzl Zöhrəvəndi Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndə təyin etmişdi.

Təqizadə bildirib ki, Müttəkinin vəzifədən uzaqlaşdırılması onun prezidentin xarici siyasətlə bağlı tapşırıqlarına birbaşa əməl etməməsidir. O hesab edir ki, İran XİN rəhbəri vəzifəsinə təyin olunma ayətullah Xamneyinin təsdiqi və razılığı ilə həyata keçirilir və bundan əvvəl də Müttəkinin Əhmədinejada deyil, Xamneyiyə xarici siyasətlə bağlı məsələləri birbaşa məruzə etməsi Əhmədinejadın marağında deyildi.

Əhmədinejad birinci prezidentliyi dövründə 8 naziri işdən uzaqlaşdırmışdı. Təqizadə hesab edir ki, Əhmədinejad Nazirlər Kabinetini öz fikirlərinə tabe görmək istəyir.

Xəbər lenti

Xəbər lenti