...

Azərbaycanlı deputat Misirin birinci xanımı ilə görüşüb

Siyasət Materials 14 Dekabr 2010 11:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir M.Əliyev/

Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilən "İnsan alverinə qarşı Beynəlxalq Forum"da iştirak edən millət vəkili Qənirə Paşayeva və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdindəki Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin direktoru, professor Sevda Abdullayeva forum çərçivəsində Misirin birinci xanımı Suzan Mübarəklə görüşüblər.

Misirin birinci xanımı Azərbaycanla münasibətlərin və əməkdaşlığın inkişafından məmun olduğunu vurğulayıb. Millət vəkili Qənirə Paşayeva isə Azərbaycan dövlətinin və rəhbərliyinin Misir dövləti ilə münasibətlərin və əməkdaşlığın inkişafına böyük önəm verdiyini deyib. Suzan Mübarəkin rəhbərliyi altında keçirilən "İnsan Alverinə Son" beynəlxalq forumunun çox vacib və əhəmiyyətli olduğunu vurğulayan millət vəkili Azərbaycanın da bu məsələyə böyük önəm verdiyini və bu yöndə işlər gördüyünü deyib.

Forum çərçivəsində Bəhreyin Krallığının birinci xanımı, prinsessa Sabeeka bint İbrahim Əl Xəlifə ilə də görüş keçirilib. Azərbaycanlı deputat Bəhreynin birinci xanımı və eyni zamanda ölkəsində Qadın Məsələləri üzrə Ali Şuranın prezidenti olan Sabeeka bint İbrahim Əl Xəlifəyə Azərbaycanla bağlı məlumatlar verib, fikir mübadiləsi aparılıb.

Qənirə Paşayeva Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müxtəlif sahələr, o cümlədən mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində gördüyü işlər barədə də Bəhreyn Krallığının birinci xanımına məlumatlar verib. Bundan başqa, forum çərçivəsində Polşanın keçmiş birinci xanımı, Polşa və dünya səviyyəsində insan alverinə qarşı mübarizə, səhiyyə ilə bağlı müxtəlif kampaniyalara rəhbərlik edən, bir neçə fondun rəhbəri olan Jolanta Kvasneskaya ilə də görüş keçirilib. Bir müddət əvvəl Azərbaycana  səfərindən böyük məmuniyyət duyduğunu deyən Kvasnevskayaya Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirən Jolanta Kvasnevskaya Azərbaycanla əməkdaşlığının dərinləşməsində, müxtəlif layihələr çərçivəsində əməkdaşlığını genişləndirməkdə maraqlı olduğunu bildirib.

Forum çərçivəsində, həmçinin uzun illər BMT-də məsul vəzifələr tutmuş və bu gün də təşkilatla sıx əməkdaşlıq edən, Suzan Mübarək Qadınların Beynəlxalq Sülh Hərəkatının üzvü olan xanım Thereze Gaztautla da görüş keçirilib. Görüş zamanı xanım Gaztauta Azərbaycanla, Dağlıq Qarabağ münaqişəsi ətrafında bu günkü vəziyyətlə bağlı məlumatlar verilib, fikir mübadiləsi aparılıb. Eyni zamanda , Thereze Gaztauta Azərbaycanla bağlı xatirə hədiyyəsi və Azərbaycan həqiqətlərini və Mədəniyyətini özündə əks etdirən kitablar hədiyyə edilib. Millət vəkili Qənirə Paşayeva BMT-yə Butros Qalinin rəhbərliyi dönəmində, Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmizə səfər etmiş Thereze Gaztautu Azərbaycana dəvət edib və bu dəfə tamam fərqli, surətlə inkişaf edən, güclü, Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycan görəcəksiniz deyib, o, isə böyük məmuniyyətlə Azərbaycanı yenidən görməyə şad olacağını vurğulanıb.

Luksor şəhərində Misirin birinci xanımı Suzan Mübarək ilə BMT-nin rəsmilərinin rəhbərlik etdiyi "İnsan alverinə qarşı Beynəlxalq Forum" u keçirilib. Palermo Konvensiyasının 10 illiyinə həsr olunmuş beynəlxalq foruma dünyanın bir sıra nüfuzlu siyasi və ictimai xadimləri, məhşur sənətçilər qatılıb. Forumun əsas məqsədi transmilli cinayətkarlığa, insanların, xüsusilə qadın və uşaqların təcavüzə və alverə məruz qalmasına qarşı mübarizənin dəstəklənməsidir.

Xəbər lenti

Xəbər lenti