...

Azərbaycan müxalifəti mübarizə üsulunu dəyişməlidir – müxalif partiyanın sədri

Siyasət Materials 14 Dekabr 2010 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Xalq Partiyasının lideri hesab edir ki, müxalifət mübarizə üsullarını dəyişməlidir.

"Biz mübarizə müstəvisini dəyişməliyik. Bu müstəvidəki oyunu daim uduzmuşuq və əgər bu müstəvini dəyişməsək, uduzmaqda davam edəcəyik", - bunu müxalifət partiyalarının və vətəndaş cəmiyyəti nümayəndələrinin çərşənbə axşamı keçirilən forumunda çıxışı zamanı Pənah Hüseyn deyib.

O qeyd edib ki, siyasi mübarizənin yeni forması "Xalq Məclisi"nin yaradılması ola bilər. Onun sözlərinə görə, hələ ki bu məclis simvolik və ictimai xarakter daşımalıdır.

"Xalq Məclisi" bu gün simvolik olsun. Biz bunun həyata keçirilməsi üçün iradə ortalığa qoysaq, inanıram ki, gələcəkdə real şəkildə olmasına nail ola biləcəyik. Bu, tək mənim təklifim deyil, həm də müxtəlif siyasi partiya üzvlərinin, 3-cü çağırış parlamentdə Müsavat deputat qrupunun üzvlərinin ortaq təklifidir və müzakirə üçün açıqdır", - o qeyd edib.

Noyabrın 23-də Müsavat partiyasının mərkəzi qərargahında 7 noyabr parlament seçkisinin nəticələrini tanımayan namizədlərin forumu keçirilib.

"AXCP-Müsavat" seçki blokunun təşəbbüsü ilə keçirilən forumda Milli İstiqlal, Klassik Xalq Cəbhəsi, Azadlıq, Demokratik Azərbaycan Dünyası, Azərbaycan Xalq partiyalarının təmsilçiləri və müstəqil namizədlər iştirak ediblər. Forumda parlament seçkiləri, sekçidən sonrakı vəziyyət müzakirə edilib.

Forumda həmçinin Milli Məclisə alternativ qurumun - Xalq parlamentinin yaradılması təklifi səsləndirilib. Bir sıra müxalif partiyaların funksionerləri mətbuata açıqlamalarında "Xalq Məclisi" ideyasının reallaşmasına qarşı olduqlarını qeyd ediblər.

Hüseyn "Xalq Məclisi"nin məqsədlərindən də danışıb.

"Xalq Məclisi"nin yaradılmasında başlıca məqsəd ölkədə demokratik siyasi mədəniyyət formalaşdırmaq, bu işə müxtəlif qüvvələri cəlb etmək, bunun üçün seçki islahatının və azad, ədalətli və demokratik seçkilərin keçirilməsinə nail olmaq və Azərbaycan cəmiyyətinin siyasi mənsubiyyətindən asılı olmayaraq bütün mütərəqqi nümayəndələrini əlaqələndrməkdir", - Hüseyn vurğulayıb.

Onun sözlərinə görə, "Xalq Məclisi"nin yaradılması qanunazidd deyil.

"Xalq Məclisi" öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında, hamılıqla qəbul edilmiş və Azərbaycan Respublikasının da qoşulduğu beynəlxalq müqavilələrdə, bəyannamələrdə, konvensiyalarda, saziş və paktlarda təsbit olunan qayda və prinsipləri rəhbər tutur və hesab edir ki, yalnız qeyri-zorakı, dinc, sivil mübarizə vasitələri məqbuldur", - o deyib.

Hüseyn bildirib ki, "Xalq Məclisi"nin yaradılması hakimiyyətin səlahiyyətlərinin həyata keçirilməsi və ya hakimiyyətin mənimsənilməsi kimi başa düşülə və şərh oluna bilməz. "Biz "Xalq Məclisi" yaratmaqla rəmzi formada, simvolik formada xalqın iradəsini ifadə edən orqanların bərpasına cəhdlər göstərməliyik", - Hüseyn bildirib.

Forumun sonunda "Xalq Məclisi" ideyasının və səslənən digər təkliflərin partiya sədrləri arasında müzakirə olunması və dekabrın sonuna qədər növbəti forumun keçirilməsi qərara alınıb. Hüseyn Forumdan sonra Trend-ə açıqlamasında bildirib ki, "Xalq Məclisi" ideyasının reallaşacağına inanır.

Xəbər lenti

Xəbər lenti