Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbirV.Javoronkova/
Xəzər effektiv inteqrasiya regionu olmalıdır, Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov belə hesab edir.
"Xəzər bütün dünyanın maraqlarında effektiv inteqrasiya və iqtisadi əməkdaşlıq regionu olmalıdır", - çərşənbə günü Trend BİA-in konfrans zalında səfir bildirib.
"Bizim Xəzərdə ümumi məsələmiz tammiqyaslı qarşılıqlı əlverişli tərəfdaşlıq qurmaq, müasir çağırışlara ümumi cavab tapmaq və Xəzər regionunda sabitliyi möhkəmləndirməkdir", - Qazaxıstanın müstəqilliyinin 19 illiyinə həsr olunmuş mətbuat konfransında diplomat bildirib.
Səfir ilin əlamətdar hadisəsi kimi noyabrın 18-də Bakıda keçirilən Xəzəryanı dövlət rəhbərlərinin sammitini göstərib.
Onun sözlərinə görə, Xəzəryanı ölkələr arasında konstruktiv dialoq və qarşılıqlı anlaşma yaxın günlərdə birgə səylər nəticəsində dənizin hüquqi statusu haqqında Konvensiya üzrə saziş əldə olunacağına ümid yaradır.
2003-cü ilin noyabrında sahilyanı dövlətlər Xəzər dənizinin dəniz mühitinin müdafiəsi üzrə Çərçivə konvensiyasını imzalayıblar.
1998-ci ilin iyulunda Qazaxıstan və Rusiya arasında yeraltı istifadəyə suveren hüququn gerçəkləşdirilməsi məqsədilə Xəzər dənizinin şimal hissəsinin ayrılması haqqında saziş, 2002-ci ilin mayında isə mövcud Sazişə dair protokol imzalanıb.
2001-ci il 29 noyabr və 2003-cü il 27 fevralda isə Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibinin ayrılması haqqında saziş və ona uyğun protokol imzalanıb.
Qazaxıstan, Azərbaycan və Rusiya arasında 2003-cü ilin 14 mayında Xəzər dənizinin həmhüdud məntəqələrinin ayrılması xəttinin qovuşma nöqtəsi haqqında saziş imzalanıb.