...

Azərbaycanla Macarıstan arasındakı münasibətlər həmişə yaxşı olub – Vilayət Quliyev

Siyasət Materials 16 Dekabr 2010 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir T.Hacıyev/

Budapeştdə ingilis və macar dillərində çıxan "Diplomat" jurnalının dekabr sayında Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyevlə geniş müsahibə dərc edilib. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

"Azərbaycanla Macarıstan arasındakı münasibətlər həmişə yaxşı olub" başlıqlı müsahibədə əsas diqqət Azərbaycanla Macarıstan arasında siyasi, iqtisadi və mədəni sahələrdə getdikcə genişlənən dialoqa yönəlib.

Səfir Azərbaycana qarşı 20 ildən bəri davam edən erməni işğalı və onun acı nəticələri, işğalçı Ermənistanın münaqişənin həllində tutduğu qeyri-konstruktiv mövqe, Azərbaycanın son illərdəki sürətli iqtisadi inkişafı, ölkədə yaradılmış biznes mühiti haqqında ətraflı məlumat verib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Quliyev müsahibəsində keçdiyi həyat yolu ilə bağlı suallara cavab verib, Azərbaycanın Macarıstandakı səfirliyinin indiyə qədər həyata keçirdiyi layihələrdən və gələcək planlardan bəhs edib.

Xəbər lenti

Xəbər lenti