Azərbaycan, Bakı, 17 dekabr /Trend/
Dekabrın 18-də "Gülüstan" sarayında nüfuzlu "İlin şirkəti" ("Company of the Year") Milli Mükafatının 5-ci yubiley təqdimetmə mərasimi keçiriləcək.
Mükafatın təqdim edilməsində məqsəd, iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli nəticələrə nail olmuş, Azərbaycan biznesinin müsbət imicinin formalaşmasına, ölkənin dünya iqtisadiyyatına inteqrasına və ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına kömək etmiş şirkətləri mükafatlandırmaqdan ibarətdir.
"İlin şirkəti" Milli Mükafatı ölkə iqtisadiyyatına investisiyalar cəlb etmək, nominant şirkətlərə öz biznesinin genişləndirilməsində kömək etmək, daxili və xarici bazarlarda nüfuzu və rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır.
Öz səciyyəsinə və həyata keçirilməsinə sərf olunan mənbələrin səviyyəsinə görə, bu ictimai aksiyanın Azərbaycanda analoqu yoxdur. O, təkcə ölkənin işgüzar mətbuatının deyil, həmçinin xarici kütləvi informasiya vasitələrinin marağına səbəb olur. Mükafatın təqdimetmə mərasiminin baş sponsoru Nar Mobile-dır.
"İlin şirkəti" Milli Mükafatının ilk təqdimetmə mərasimi 2006-cı ildə keçirilib. Ötən dövr ərzində Mükafat, özünü təkcə uğurlu şirkətlərdən ibrət götürən ictimai institut kimi deyil, eyni zamanda Azərbaycan biznesinin yeni imicini formalaşdıran və ölkədə işgüzar etikanın yeni standartlarını irəli sürən bir ictimai təsisat kimi tanıdıb. "İlin şirkəti" Milli Mükafatının təsisçisi, MiniMax Media Holding tərəfindən nəşr olunan aylıq Consulting&Business işgüzar jurnalıdır.