...

MDB ölkələri mehriban qonşuluq münasibətlərini qoruyub saxlayacaq – Polad Bülbüloğlu

Siyasət Materials 21 Dekabr 2010 12:07 (UTC +04:00)
MDB ölkələri mehriban qonşuluq münasibətlərini qoruyub saxlayacaqlar. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu belə hesab edir.
MDB ölkələri mehriban qonşuluq münasibətlərini qoruyub saxlayacaq – Polad Bülbüloğlu

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir S.Ağayeva/

MDB ölkələri mehriban qonşuluq münasibətlərini qoruyub saxlayacaqlar. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu belə hesab edir.

"İndi adamların ən azı bir-birlərilə əlaqə saxlamaları üçün meydan lazımdır. Fondumuz da bunun üçün yaradılıb", - Polad Bülbüloğlu Kiyevdə Dövlətlərarası Humanitar Əməkdaşlıq  Fondunun (DHƏF) idarə heyətinin iclasının yekunları üzrə Fond rəhbərlərinin mətbuat konfransında bildirib. Bu barədə DHƏF yanında MDB, Baltiya və Gürcüstanın mətbuat klubu məlumat yayıb.

DHƏF idarə heyətinin sədri kimi Polad Bülbüloğlu qeyd edib ki, hazırkı müstəqil MDB dövlətlərinin hamısının tərkibində yaşadığı SSRİ-də bir çox mənfi amillərə baxmayaraq, müsbət amillər də çox idi. Səfir bildirib ki, təhsil üçün, mədəniyyətin, elmin inkişafı üçün gözəl şərait yaradılmışdı, ümumi uğurlar var idi, ziyalılar müxtəlif plenum və qurultaylar keçirmək imkanına malik idilər. Məsələn, komsomol gənclərin nümayəndələri arasında əlaqələrin inkişafı ilə məşğul idi. Bununla da çoxsaylı xalqların vahid məkanda birgə yaşaması üçün əlverişli şərait yaradılırdı.

"Biz artıq MDB ölkələrinin yaradıcı və elmi ziyalıları üçün beş forum keçirmişik. Və onların hamısı göstərir ki, adamların danışmağa çoxlu sözləri və ünsiyyət qurmağa mövzuları var", - o, əlavə edib.

Diplomatın sözlərinə görə, növbəti forum 2011-ci ilin payızında Kiyevdə keçiriləcək və əlaqə üçün, Ukraynada cərəyan edən prosesləri anlamaq üçün imkanlar yaradacaq. "Bu, insan ünsiyyəti üçün, ziyalılarımıza bir-birilə əlaqə qurmaq üçün, gənclərimizə isə bir-birini yaxından tanımağa və birgə layihələr yaratmağa daha bir imkan verəcək", - Polad Bülbüloğlu bildirib.

Mətbuat konfransında Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, DHƏF-in həmsədi Mixail Şvıdkoy, DHƏF-in icraçı dirdektoru, fövqəladə və səlahiyyətli səfir Armen Smbatyan, Ukraynanın mədəniyyət və turizm naziri Mixail Kulinyak iştirak ediblər.

Bu günlərdə Kiyevdə keçirilən DHƏF-in tədbirləri barədə suala cavab verən Bülbüloğlu bildirib ki, Fondun nüfuzu artır və bunu struktur tərəfindən baxılan çoxsaylı müraciətlər sübut edir. "Həm ekspert səviyyəsində, həm də Kiyevdə idarə heyətinin iclasında konsepsiya qəbul olunub. Həmin konsepsiyaya görə, biz MDB məkanında inteqrasiya proseslərini inkişaf etdirməliyik və gənclərə aid proqramlara xüsusi diqqət yetirməliyik. Hər il üçün bir neçə iri layihələrimiz var. Bunlar yaradıcı və elmi ziyalıların forumu, MDB Gənclər Simfonik Orkestri, "Debüt birliyi" mükafatı və s.-dir. 2011-ci il "Mədəni irs ili" elan edilib və bərpaçılara, bizim mədəni irsimizi qoruyub saxlamaqla məşğul olan adamlara xüsusi diqqət ayrılacaq. Fondun planlarına televiziya layihələri, telekörpülərin, KİV sahəsində layihələrin dəstəklənməsi daxildir. MDB məkanında məskunlaşan xalqlar arasında istənilən inteqrasiya layihəsi Fondumuz tərəfindən alqışlanacaq və dəstəklənəcək", - Polad Bülbüloğlu bildirib.

Xəbər lenti

Xəbər lenti