Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan və Türkiyə gəncləri 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Ağrı dağa birgə yürüş edə bilər. Trend-in məlumatına görə, bu təklifi Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakıda Türkiyə Respublikasının gənclər və idman direktoru Yunus Akgüllə görüşü zamanı səsləndirib.
Nazir bildirib ki, bu gün Gürcüstan və Ermənistanın gənclər və idman nazirləri görüşüb birgə layihələrlə bağlı təkliflər irəli sürəcəklər. Qonaqların bu gun burada olmasını nəzərə alan Rəhimov Azərbaycan və Türkiyə gənclərinin birgə Ağrı dağa çıxması və ya Naxçıvandan İğdır vilayətinə veloyürüş etmələri ilə bağlı qərarın qəbul edilə biləcəyini bildirib, bu təklif Türkiyəli qonaqlar tərəfindən məmnuniyyətlə qəbul olunub.
Rəhimov idmançıların birgə təlim məşq toplantılarına qatıla biləcəyini, eyni zamanda bir neçə ay bundan öncə Mingəçevirdə açılışı olan Kür Olimpiya İdman Tədris Mərkəzində məşqlər etmək imkanının olduğunu bildirib.
Nazir bir neçə il öncə mövcud olan gənclər düşərgələrinin bərpa olunmasının önəmindən danışıb.
"Türkiyədə Azərbaycanı sevirlər, amma əfsuslar olsun ki, bu ölkənin mədəniyyəti, tarixi haqqında bir o qədər də məlumatlı deyillər. Biz GUAM ölkələrinin gənclər günlərini böyük məmnuniyyətlə Bakıda keçiririk. Qarşılıqlı olaraq Türkiyə və Azərbaycan gəncləri günlərinin keçirilməsi münasibətlərin inkişafına xüsusi təkan ola bilər", - Rəhimov deyib.
Akgül səfər çərçivəsində bu gün Fəxri xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.