...

Azərbaycan prokurorluq orqanlarında işə qəbulla bağlı müsabiqə elan olunub

Siyasət Materials 5 Yanvar 2011 12:18 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, müsabiqəyə 100 ştat vahidi üzrə vakant yer çıxarılıb.
Azərbaycan prokurorluq orqanlarında işə qəbulla bağlı müsabiqə elan olunub

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda prokurorluq orqanlarında işə qəbulla bağlı müsabiqə elan olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, müsabiqəyə 100 ştatvahidi üzrə vakant yer çıxarılıb.

Azərbaycan prokurorluq orqanlarında işə qəbulla bağlı müsabiqədə iştirak etmək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər Baş Prokurorluq tərəfindən müəyyən olunmuş formada ərizə, şəxsiyyət vəsiqəsinin əsli və notarial qaydada təsdiq edilmiş surəti, tərcümeyi-hal və kadrlar uçotuna dair anket (blanklar prokurorluqdan verilir), 3x4 və 5x6 sm ölçülərdə, hər birindən 4 ədəd, ağ fonda, rəngli fotoşəkil, ali təhsil haqqında diplomun, diploma əlavə olunan qiymət cədvəlinin əsilləri və notarial qaydada təsdiq edilmiş surətləri, əmək kitabçasının notarial qaydada və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti, yaşadığı ünvan üzrə poliklinikadan (forma №086) və ruhi-əsəb dispanserindən sağlamlıq barədə, narkoloji dispanserdən qeydiyyatda olub-olmadığı barədə arayışlar, yaşadığı ünvan və ailə tərkibi haqqında arayış, yaşadığı ünvan üzrə rayon (şəhər) hərbi komissarlığında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış, hərbi biletin əsli və notarial qaydada təsdiq edilmiş surətini təqdim etməklə Baş Prokurorluğa müraciət edə bilərlər.

Sənədlər aprelin 29-dək qəbul olunur.

Prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində, şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcək. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri mükəmməl bilənlərə üstünlük veriləcək.

Müsabiqənin test imtahanının tarixi, imtahan sualları, onların hazırlanmasında istifadə edilmiş qanunların siyahısı və digər məlumatlar barədə mətbuatda, Baş Prokurorluğun internet saytında (www.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilmiş lövhədə əlavə elan veriləcək.

Prokurorluq orqanlarına keçirilən son müsabiqə ilə 98 nəfər işə qəbul olunub. 2002-ci ildən müsabiqə yolu ilə qulluğa qəbul başlandıqdan sonra gənc prokurorluq əməkdaşlarının sayı artaraq 41 faizə bərabər olmuşdur.

Xəbər lenti

Xəbər lenti