...

Azərbaycanın müxalif Müsavat Partiyasında yeni istefaların olması mümkündür - partiya üzvü Rauf Arifoğlu

Siyasət Materials 7 Yanvar 2011 14:45 (UTC +04:00)
Azərbaycanın müxalif Müsavat Partiyasında yeni istefaların olması mümkündür.
Azərbaycanın müxalif Müsavat Partiyasında yeni istefaların olması mümkündür - partiya üzvü Rauf Arifoğlu

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Müsavat Partiyasında yeni istefaların olması mümkündür, bunu cümə günü Trend-ə partiyanın sıravi üzvü, "Yeni Müsavat" qəzetinin təsisçisi Rauf Arifoğlu deyib.

"Tamamilə mümkündür ki, proses davam etsin və istefalar yenə də olsun. Onun bir səbəbi də İsa Qəmbərin partiya rəhbərliyindən getmək qərarını qətiləşdirməsi və bunu açıqlamasıdır", - Arifoğlu deyib.

2010-cu il noyabrın 29-da Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər tutduğu vəzifədən, Divan üzvü İbrahim İbrahimli isə partiya sıralarından istefa verib. Əkbər bu hərəkətini partiyanın strateji kursu ilə razılaşmaması ilə əlaqələndirib. İbrahim İbrahimli isə partiya rəhbərliyinin ona etimad göstərmədiyini əsas gətirərək partiya sıralarını tərk edib.

Hər iki siyasətçinin noyabrın 30-da yaydığı birgə bəyanatda qeyd olunub ki, istefa vermələrinə səbəb Müsavatın daxilində bəzi qüvvələrin AXCP-Müsavat birliyinə mane olmasıdır.

2011-ci il yanvarın 5-də isə Partiyanın başqan müavini Qabil Hüseynli və Divan üzvü Adil Qeybulla da istefa verib. Onların yaydıqları bəyanatda qeyd olunub ki, mənəvi-etik səbəblərdən partiyadan istefalarının səbəblərini bildirmək istəmirlər.

Arifoğlu təəssüf edir ki, çox dəyərli insanlar Müsavat Partiyasının rəhbərliyindən və sıralarından getdilər.

"Bu, çox acı hadisədir. Həm onların özü üçün, həm də bizim üçün. Partiya fəaliyyətindən bir qədər kənarda olduğum və onlarla görüşmək imkanım olmadığı üçün yalnız İbrahim İbrahimli ilə danışa bilmişəm. İstefaların qəzetlərdə yazılmayan səbəbləri haqqında məlumatsızam. Amma ümumi şəkildə onu deyə bilərəm ki, çox şübhəsiz, bu cür proseslərin, ən müxtəlif səbəblərlə dörd funksionerin partiyadan getməsinin qəzetlərdə yazılmayan səbəbləri də var", - partiya üzvü deyib.

Onun sözlərinə görə, digər səbəblərlə bağlı kənar müşahidəçilər artıq qeydlər etməyə başlayıblar və bizim də diqqətimizə çatdırırlar ki, hakimiyyət "düyməni basıb" və özünün əsas siyasi opponentini sıradan çıxarır.

"Bu proseslə bərabər, təlaşlı şəkildə Amerikanın üstünə getmək və Amerikanı suçlamaq prosesi də var. Bütün bunları bir yerdə təhlil edəndə əlbəttə ki, ortaya müəyyən təhlillər qoymaq mümkündür. Lakin tələsməyin tərəfdarı deyiləm. Vaxt var və bu təhlilləri etmək hər zaman mümkün olacaq", - partiya üzvü bildirib.

"Doğrudanmı istefalar əsasən AXCP-Müsavat birləşməsi məsələsinə görədir?" sualına gəlincə, Arifoğlunun buna münasibəti birmənalı olub.

"Onlar hamısı bəhanədir. Mənim qəti inamıma görə, Cəbhə-Müsavat birliyi ilə bağlı istefa vermək o dərəcədə absurd bir gedişdir ki, onu əsas və bəhanə kimi göstərmək olmaz. Mən bunu qəbul edə bilmirəm. Birlik istəyən adamlar partiyadan niyə getməlidirlər? Birlik istəyən adamlar partiyada qalıb birliyə nail olmalıdırlar", - qəzet təsisçisi qeyd edib.

"Azərbaycanda hər seçkilərdən sonra hansısa bir müxalifət partiyasında istefaların olması təsadüfi haldırmı?" sualını cavablandıran Arifoğlu deyib ki, Müsavat Partiyasında indiyə qədər ən çox istefalar rayon təşkilatlarının sədrləri səviyyəsində olurdu. Onlar da adətən polis bölməsində döyüldükdən sonra efirə çıxıb partiya biletlərindən imtina etdiklərini deyirdilər. Bu səviyyədə istefalar uzun illər idi ki, Müsavat Partiyasında böyük siyasi "şoular"dan, "teatrlar"dan sonra baş vermirdi. Adətən bu cür istefalar Xalq Cəbhəsi Partiyasının tərkibində müşahidə olunurdu. Söhbət yüksək səviyyəli funksionerlərin, müavinlərin istefasından gedir. Bu dəfə isə proses Müsavat Partiyasını da əhatə etdi", - Arifoğlu bildirib.

Onun sözlərinə görə, kənardan səhnədə gedən prosesləri müşahidə edənlərə elə gələ bilər ki, bu, Azərbaycan hakimiyyətinin özünün əsas alternativini tələm-tələsik sıradan çıxarma prosesinin başlanğıcıdır.

"Ancaq belə olmaya da bilər. Bu, mənim fikrim deyil, kənardan olan müşahidəçilərin qeydləridir. Buna görə də bütün bunları dəqiqləşdirmək üçün hesab edirəm ki, dostlarım olan keçmiş funksionerlərlə görüşüb-danışmağa ehtiyac var. Əlbəttə, Sülhəddin Əkbərdən başqa digərləri ilə görüşəndən sonra müəyyənləşdirə biləcəm ki, bu cür seçkilərdən sonra hakimiyyətin heç bir Müsavat üzvünü parlamentə buraxmaması siyasətinin ardınca bunların baş verməsi üzvi ardıcıllıq nəticəsindədir, yoxsa sadəcə təsadüfdür", - o, bildirib.

Arifoğlu Sülhəddin Əkbərlə münasibətləri olmadığı üçün onunla görüşməyəcəyini də açıqlayıb.

"Müsavat"ın növbəti qurultayından gözləntiləriniz nədir?" sualına cavabında isə Arifoğlu ilk növbədə İsa Qəmbərin başqanlıqdan getməsi qərarını strateji səhv olduğunu bildirib.

"Qurultaydan gözləntim haqqında danışmazdan əvvəl tarixi məqamda mövqeyimi bildirməliyəm. Hesab edirəm ki, İsa Qəmbərin başqanlıqdan getmək qərarı barədə israr etməsi onun strateji səhvidir. Bu, Müsavat Partiyası üçün ağır fəsadlar verir və verəcək. Partiyanın qurultayı əlbəttə ki, elə də asan olmayacaq. Çünki həmin qurultayda başqan dəyişikliyi baş verəcək. Qurultay həm diqqət mərkəzində olacaq, həm də gərgin keçəcək. Müsavatın tanınan sıravi üzvü kimi qeyd etməyi özümə borc bilirəm ki, İsa bəyin başqanlıqdan getmək istəyini strateji səhv hesab etsəm də, bu prosesin yolverilməzliyini özümdə qəbul etsəm də, qurultayda başqan seçiləcəksə, partiya üzvləri kimi onu qəbul edəcəm", - Arifoğlu bildirib.

Müsavat Məclisinin 2010-cu ilin dekabr ayında keçirilən sessiyasında Müsavat başqanı İsa Qəmbər partiya rəhbərliyindən gedəcəyini və növbəti qurultayda yeni başqan seçiləcəyini bəyan edib.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. 1920-ci ilin aprelində Azərbaycan Sovet qoşunları tərəfindən işğal olunduqdan sonra Müsavat Partiyasının fəaliyyəti məhdudlaşıb və gizli fəaliyyət göstərməyə başlayıb.

1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilib. Partiya ideologiyasının əsasında müsavatçılıq, türkçülük, müasirlik liberallıq ideyaları dayanır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir.

Xəbər lenti

Xəbər lenti