...

Macarıstanın Baş naziri Aİ-yə sədrliyi dövründə "Şərq tərəfdaşlığı"nı inkişaf etdirməyə söz verir

Siyasət Materials 8 Yanvar 2011 12:39 (UTC +04:00)
"Şərq tərəfdaşlığı"nın uğuru Avropa cəmiyyətini əhəmiyyətli dərəcədə gücləndirə bilər.
Macarıstanın Baş naziri Aİ-yə sədrliyi dövründə "Şərq tərəfdaşlığı"nı inkişaf etdirməyə söz verir

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir Y.Ostapenko/

"Şərq tərəfdaşlığı"nın uğuru Avropa cəmiyyətini əhəmiyyətli dərəcədə gücləndirə bilər. 2011-ci ilin birinci yarısında Avropa İttifaqına sədrlik edəcək Macarıstanın Baş naziri Viktor Orban belə hesab edir.

"Şərq tərəfdaşlığı" proqramının irəliləyişi Macarıstanın Aİ-yə sədrliyinin xarici siyasətində mühüm istiqamətlərdən biri kimi təqdim olunur", - Orban Avropa İttifaqı Şurasının saytında dərc olunmuş müsahibəsində deyib. ENPI Avropa qonşuluğunun məlumat resursu xəbər verir.

Macarıstan yanvarın 6-da keçirilmiş mərasimdə Belçikadan 2011-ci ilin birinci yarısı üçün Avropa İttifaqında rotasiya sədrliyini təhvil alıb.

"Şərq tərəfdaşlığı" layihəsi postsovet məkanının altı ölkəsinin - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarusun Avropa İttifaqı ilə siyasi və iqtisadi yaxınlaşmasına yönəldilib. Proqram Aİ-yə üzvlük imkanlarını nəzərdə tutmasa da, viza rejiminin asanlaşdırılması, energetika sahəsində əməkdaşlıq, azad ticarət zonasına girişə imkan yaradır. Həmçinin tələbə mübadiləsi, ətraf mühitin mühafizəsi, enerji təminatı üzrə kiçik layihələr həyata keçiriləcək.

Orban öz müsahibəsində vurğulayıb ki, Macarıstan may ayında Budapeştdə "Şərq tərəfdaşlığı" sammitini təşkil edəcək.

"Aİ dünya arenasında uğur qazanmaq istəyirsə, "evdə" də uğurlu olmalıdır", - Baş nazir hesab edir.

Orban bildirib ki, sədrliyə hazırlıq zamanı bütün Avropa üzrə məsləhətləşmələr aparıb: Aİ ölkələrinin bütün baş nazirləri ilə görüşüb, həmçinin "Şərq tərəfdaşlığı" proqramında iştirak edən dövlət başçıları və Balkan regionunda bir sıra hökumət rəhbərləri ilə danışıqlar aparıb.

"Bu görüşlərin yekunu üzrə belə nəticəyə gəlmişəm ki, bütün Aİ ölkələri və Avropa qonşuluğu dövlətləri güclü Avropa yaratmaqda maraqlıdırlar Belə ki, o, bütün xalqlar üçün dəstək və ehtiyat mənbəyidir. Buna görə də Avropa cəmiyyətini daha da çiçəkləndirmək və "Avropa-2020" strategiyasında uğur qazanmaq üçün bizdən asılı olan hər şeyi edəcəyik", - Baş nazir deyib.

Avropa İttifaqının yeni iqtisadi strategiyası "Avropa-2020" Avropa Komissiyası tərəfindən hazırlanıb. O, özündə üç əsas hərəkətverici iqtisadi artım qüvvələrini birləşdirir: səmərəli artım (biliklər, innovasiyalar, təhsil və rəqəmsal cəmiyyətin inkişafına yardım), davamlı artım (ehtiyatların effektiv istifadəsi və rəqabət qabiliyyətinin artırılması) və inteqrasiya artımı (vətəndaşların məşğulluq səviyyəsinin artırılması və yoxsulluqla mübarizə).

Xəbər lenti

Xəbər lenti