Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir S.Ağayeva/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Küveytin vəliəhdi Şeyx Nəvvaf əl-Əhməd əl-Cabir əs-Sabahla enerji məsələlərini müzakirə edib. Bu barədə XİN-in mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Danışıqlar bazar ertəsi Azərbaycan xarici işlər nazirinin Küveyt Dövlətinə işgüzar səfəri çərçivəsində baş tutub.
Vəliəhd Şeyx Nəvvaf əl-Əhməd əl-Cabir əs-Sabah ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, Azərbaycanda enerji sahəsində son inkişaf prosesi, xüsusilə də təbii qaz hasilatı və ixracı sahəsində aparılan işlərlə maraqlanıb. Nazir Məmmədyarov Küveyt Dövlətinin vəliəhdinə Azərbaycanın enerji sahəsində apardığı işlər, müxtəlif ölkələrlə bu sahədə əməkdaşlıq, həmçinin, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində verdiyi töhfə barədə məlumat verib.
Görüş zamanı tərəflər ikitərəfli, regional münasibətlər və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.