...

Aİ Bakı və Aşqabad ilə gələcək qarşılıqlı fəaliyyət baxımından regionda siyasi iştirakını genişləndirir

Siyasət Materials 17 Yanvar 2011 20:13 (UTC +04:00)
Joze Manuel Barrozunun başçılığı ilə Avropa Komissiyasının nümayəndə heyətinin Xəzəryanı regiona səfəri Avropa İttifaqının region ölkələri ilə siyasi münasibətlərində yeni tendensiyalardan xəbər verir.
Aİ Bakı və Aşqabad ilə gələcək qarşılıqlı fəaliyyət baxımından regionda siyasi iştirakını genişləndirir

Trend-in Avropa redaksiyasının icmalçısı Elmira Tariverdiyeva

Joze Manuel Barrozunun başçılığı ilə Avropa Komissiyasının nümayəndə heyətinin Xəzəryanı regiona səfəri Avropa İttifaqının region ölkələri ilə siyasi münasibətlərində yeni tendensiyalardan xəbər verir. Barrozu Azərbaycan və Türkmənistanda olduğu zaman əsas komponenti "Nabukko" qaz kəməri olacaq "Cənub dəhlizi"nin yaradılması işində Avropaya qaz tədarükündə iki əsas namizədin dəstəyini qazanıb.

Lakin əsas odur ki, Aİ-nin enerji sahəsində Bakı və Aşqabadla bağladığı sazişlər çox mühüm siyasi əhəmiyyətə malikdir.

Avropa Komissiyası rəhbərinin sözlərinə görə, Aİ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının gedişini diqqətlə izləyir. Lakin bu gün Avropa İttifaqı regionun həyatında ATƏT-in Minsk qrupunda Fransanın işitirak etməsi səviyyəsində iştirak edirsə, gələcəkdə çox güman ki, Avropa İttifaqının regionun həyatında rolunun gücləndirilməsi tendensiyası müşahidə ediləcək. Hadisələrin bu ssenaridə cərəyan edəcəyi qaçılmazdır.

Azərbaycan və Türkmənistandan enerjidaşıyıcıların tədarükünə başladıqdan sonra Aİ regionda sabitlikdə daha maraqlı olacaq. Aİ Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş yeddi rayonu səbəbindən hərbi qarşıdurmanın bərpası ilə əlaqədar riskləri minimuma endirməyə çalışacaq. Bu, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminində lazımi şərtdir. Belə şəraitdə Avropa İttifaqının regiondakı siyasi vəziyyətdən kənarda qalması sadəcə olaraq sərf etmir.

Gələcəkdə Yerevan və Bakı arasında danışıqlar platforması Aİ-nin münaqişəli tərəfləri "Şərq tərəfdaşlığı" layihəsində birləşdirdiyi institutu ola bilər.

Aİ-nin regionun siyasi həyatında daha fəal vasitəçiliyə cəlb edilməsi indiyədək durğunluq vəziyyətində olan çoxlu sayda yığılıb qalmış problemlərin həllinə müsbət təsir göstərməlidir.

Digər tərəfdən, Aİ Fransanın timsalında Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədridir. Lakin Aİ ümumilikdə münaqişənin həllində öz sözünü deməlidir və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha mühüm rol oynamalıdır. Brüssel Avropa siyasətçilərinin Cənubi Qafqazın sabitliyinin artırılmasında marağını artıra biləcək və Avropa İttifaqının regionda ərazi mübahisələrinin nizamlanması məsələsində səylərinin koordinasiyasına başlanğıc olacaq birləşdirici element olmalıdır.

Aİ-nin bütün ölkələrinin ümumi xarici siyasət xəttinə əməl etməsinə baxmayaraq, daxili siyasət kursunun nüansları öz reallığını diktə edir.

Erməni diasporunun ABŞ və Fransaya təsiri heç kimə sirr deyil. Qərbdəki erməni diasporu Vaşinqton və Paris tərəfindən qərarların qəbul edilməsində fəal siyasi rol oynayır. Bu kontekstdə Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında siyasi iştirakını Minsk qrupu ilə eyni səviyyədə öz üzərinə götürsə, yəqin ki, həqiqətən daha effektiv olar.

Aİ-nin vasitəçiliyi, bütün Qafqaz ölkələrini maraqlandıran Avropa inteqrasiyası layihəsini nəzərə alaraq, xüsusilə uğurlu ola bilər. Həyata keçirilməsinə regionda qeyri-sabitliyin mane olduğu məhz bu layihə münaqişə tərəfləri, o cümlədən Ermənistan və Azərbaycan arasında dialoq üçün əsas ola bilər.

Ermənistan-Azərbaycan ərazi mübahisəsinin nizamlanmasının fəal iştirakçısı olmaq üçün Aİ münaqişənin reallıqları ilə yaxından tanış olmalıdır. Belə ki, keçmiş sovet ölkələrindən fərqli olaraq, Avropanın əksər liderləri indiyədək Dağlıq Qarabağ münaqişəsinin nüansları barədə kifayət qədər yaxşı məlumatlı deyillər və Azərbaycan ərazisinin 20 faizinin işğal olunması faktını bilmirlər.

Türkmənistana gəldikdə, burada da enerji sahəsində əməkdaşlığın başlanılması ölkənin rifahına müsbət təsir göstərəcək. Avropa Komissiyasının sədri Barrozu şənbə günü Aşqabadda danışıqlar zamanı Tükmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova ölkənin Ümumdünya Ticarət Təşkilatına daxil olması üçün ərizə verməsini təklif edib. Barrozu Avropa Komissiyası tərəfindən məsələnin həlli üçün lazımi yardım göstəriləcəyinə söz verib. Bu, Türkmənistan üçün Avropa inteqrasiyası prosesində böyük təsiri təmin edəcək çox vacib addımdır. Bu isə sözsüz ki, ölkənin ümumilikdə inkişaf səviyyəsinə müsbət təsir göstərəcək.

Xəbər lenti

Xəbər lenti