Yeni təfərrüatlar əlavə olunub (İlk versiya saat 15:10-da dərc edilib)
Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir A.Qasımova/
Azərbaycan ilə münasibətlərin dərinləşdirilməsi Avstriya üçün böyük əhəmiyyətə malikdir. Bu barədə Avstriya Prezidenti Hayns Fişer bəyan edib.
Bazar ertəsi Fişer Vyanada ölkədə akkreditasiya edilən diplomatik korpusların nümayəndələri üçün Yeni il qəbulu keçirib. Məlumatı Avstriyanın APA agentliyi yazır.
"Avstriya üçün Avropa İttifaqının genişləndirilməsinin davam etdirilməsi və "Şərq tərəfdaşlığı" proqramının iştirakçı ölkələri, o cümlədən Azərbaycan ilə münasibətlərin dərinləşdirilməsi böyük əhəmiyyətə malikdir", - Fişer qəbulda deyib.
Prezident Fişer öz çıxışında Avstriyanın builki xarici siyasətinin prioritetlərini və əsas istiqamətlərini qeyd edib. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov deyib.
"Xüsusilə də o, ölkə hökumətinin iyunda Ümumdünya İqtisadi Forumu ilə birgə konfrans keçirmək niyyətində olduğunu qeyd edib. Konfrans Balkan, Qara dəniz, Qafqaz və Orta Asiya regionlarının inkişafına həsr ediləcək", - diplomat vurğulayıb.
Tədbir başa çatdıqdan sonra Azərbaycan səfirinin Prezident Fişer və xarici işlər naziri Mixail Şpindeleggerlə söhbəti olub. "Görüş zamanı Avstriya tərəfi yüksək səviyyədə səfərlərin həyata keçirilməsi ilə iki ölkənin səmərəli əməkdaşlığının davam etdiriləcəyinə ümidvar olduğunu qeyd edib", - səfir əlavə edib.