...

Avropa Parlamentinin sədr müavini 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib

Siyasət Materials 22 Yanvar 2011 12:28 (UTC +04:00)
Avropa Parlamentinin sədr müavini, Rumıniyadan olan macar mənşəli deputat Laslo Tokeş 1990-cı il 20 yanvar hadisələrinin ildönümü ilə bağlı Azərbaycanın Belçikadakı səfirliyinə məktub göndərib. Bu barədə Azərbaycanın Belçikadakı səfirliyindən məlumat verilib.
Avropa Parlamentinin sədr müavini 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Avropa Parlamentinin sədr müavini, Rumıniyadan olan macar mənşəli deputat Laslo Tokeş 1990-cı il 20 yanvar hadisələrinin ildönümü ilə bağlı Azərbaycanın Belçikadakı səfirliyinə məktub göndərib. Bu barədə Azərbaycanın Belçikadakı səfirliyindən məlumat verilib.

Tokeş məktubda 21 il əvvəl -1990-cı ilin 19-20 yanvarında Bakıda sovet qoşunlarının müstəqillik uğrunda sülh hərəkatına zorla son qoymağa çalışdığını və bunun günahsız vətəndaşların ölümü və yüzlərlə insanın yaralanmasına gətirib çıxardığını xatırladır. O, həmin ildə baltikyanı sovet ölkələrində - Latviya və Litvada dinc əhaliyə qarşı necə zorakılıq törədildiyini və nəticədə əhalinin həlak olduğunu qeyd edir. "Gələcəkdə nə regionumuzda, nə də bütünlüklə dünyada bu cür hadisələrin təkrarlanması üçün bütün səylərimizi göstərməliyik", - deputat baş vermiş hadisələrin Avropanın ümumi keçmişi olduğunu deyərək, vurğulayıb.

Rumıniya vətəndaşı və Transilvan regionunun macar icmasının üzvü Tokeş totalitar rejimə qarşı çıxış edərək, ağır iztirablar keçirmiş, demokratiya uğrunda mübarizə aparmış Azərbaycan xalqının mətinliyi və əzmini alqışlayır. Məktubun sonunda Avropa Parlamentinin deputatı Azərbaycan xalqına sülh və tərəqqi arzulayır və ümid edir ki, gələcəkdə dramatik hadisələr təkrar olunmayacaq.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Azərbaycan Baş Prokurorluğunun rəsmi məlumatına görə, istintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər şəxs qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılıb, dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.

Xəbər lenti

Xəbər lenti