...

Azərbaycanın müxalif Müsavat Partiyasında zəifləmə prosesi davam edəcək - VİP sədri

Siyasət Materials 26 Yanvar 2011 15:12 (UTC +04:00)
Azərbaycanın müxalif Müsavat Partiyasında zəifləmə prosesi davam edəcək. Bu barədə çərşənbə günü Trend-ə müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.
Azərbaycanın müxalif Müsavat Partiyasında zəifləmə prosesi davam edəcək - VİP sədri

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Müsavat Partiyasında zəifləmə prosesi davam edəcək. Bu barədə çərşənbə günü Trend-ə müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.

"Hamı başa düşməlidir ki, ayrı-ayrı partiyaların müxtəlif dövrlərdə qazandığı kiçik uğurlar, müxtəlif fərdlərin korporativ maraqlarının öz həllini tapması sonda ümummilli maraqların həllini tapmasına deyil, həmin qüvvələrin özünün sıradan çıxmasına gətirib çıxarır. Müsavat buna bariz nümunədir", - Əliyev əlavə edib.

Partiya sədri hesab edir ki, Müsavat Partiyasında bu cür proseslərin baş verməsinin kökündə partiyanın 2005-ci ildə keçirilən parlament seçkilərindən sonra Parlamentin legitimliyini tanıması olub.

"Müsavat Partiyası 2005-ci ildə milli maraqları qurban verərək Parlamenti legitimləşdirdi. 2010-cu ildə hakimiyyətin dəstəyinin olmaması o partiyanı zəiflətdi və bu proses davam edəcək. Hamı vətəndaşlıq mövqeyindən çıxış edərək başa düşməlidir ki, bu zəifləmə təhlükəsi növbə ilə hamının qapısını döyəcək. Vaxtilə bir sıra qüvvələrin bu prosesə qurban getdiyi kimi, bu gün də Müsavat Partiyası zəifləmək məcburiyyətindədir", - Əliyev qeyd edib.

VİP sədri deyib ki, Müsavat Partiyasının zəifləməsini sevinclə qarşılamaq lazım deyil.

"Mən son seçkilərdə İsa Qəmbərin rəqibi olmuşam və bu partiyanın başqanının son il yarımlıq müddətdə əyani surətdə mənfi, dağıdıcı missiyasının şahidiyəm. Hətta ötən ilin aprel ayından etibarən həmin şəxslə mənim aramda çox ciddi gərginlik var və bu gərginlik sona qədər davam edəcək. Ancaq burada ümummilli və dövlət maraqlarımız var. Azərbaycanda siyasi institutlar sıradan çıxdıqca Azərbaycan dövlətçiliyi zəifləyir. Müsavat son iyirmi ildə Azərbaycanda oturuşmuş siyasi təşkilatlardan biri idi. Bu partiyanın ciddi zəifləməsi Azərbaycan müxalifətinin zəifləməsidir. Burda heç bir partiya rəhbəri əlini əlinə sürtüb sevinə bilməz. Bu ən azı ədalətsizlik olar. O partiyanın daxilində Azərbaycan dövlətçiliyinə təmənnasız xidmət etmiş şəxslər var. Hər hansı bir fərdin səhvləri bütün partiyanın ayağına yazıla bilməz", - o, vurğulayıb.

Parlament seçkilərindən sonra Müsavat Partiyasının dörd funksioneri - Sülhəddin Əkbər, İbrahim İbrahimli, Adil Qeybulla və Qabil Hüseynli partiya sıralarını tərk ediblər.

Yanvarın 14-də Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının 15 nəfər üzvü bəyanat verərək partiya sıralarını tərk etdiklərini bəyan ediblər. Onların bəyanatında qeyd olunub ki, istefa verənlər Müsavatın AXCP ilə birləşmə məsələsində tutduğu mövqeyə etirazlarını bildiriblər.

Müsavat Partiyasının Mətbuat Xidmətinin rəhbəri Mehman Cavadoğlu isə Trend-ə açıqlamasında VİP sədrinin sözlərinə münasibət bildirərək deyib ki, Əli Əliyev həmişə Müsavat Partiyasına qarşı qərəzli mövqeyi ilə seçilir.

"Onun Müsavat Partiyası haqqında dediyi sözlər heç bir məntiqə əsaslanmır. Onun Müsavat haqqında dediyi sözlər həqiqətdən uzaqdır. Müsavat deputat qrupunun beş illik parlament fəaliyyəti göstərdi ki, 2005-ci ildə parlamentə getməklə bağlı qərar doğru idi", - o, deyib.

VİP sədrinin Müsavatın zəifləməsindən təəssüf hissi keçirməyi barədə fikrinə gəlincə, Cavadoğlu deyib ki, Əliyevin təəssüflənməyinə ehtiyac yoxdur.

"Onun narahatçılığı üçün əsas görmürəm. Müsavat 1911-ci ildə yaranmış, 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətini qurmuş bir partiyadır. Müsavat Azərbaycanın bu gün də ən güclü və təşkilatlanmış siyasi qüvvəsidir", - o, qeyd edib.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. Partiya ideologiyasının əsasında müsavatçılıq, türkçülük, müasirlik liberallıq ideyaları dayanır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir.

Xəbər lenti

Xəbər lenti