...

Azərbaycanda dinin siyasətə müdaxiləsinin qarşısı alınmalıdır – hakim partiyanın sədr müavini (MÜSAHİBƏ)

Siyasət Materials 4 Fevral 2011 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 fevral  /Trend, müxbir T.Hacıyev/

Hakim Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, deputat Əli Əhmədovun Trend-ə müsahibəsi

 - Yeni Azərbaycan Partiyası 2011-ci il üçün fəaliyyət panını təsdiqlədi. Bu planda nələr nəzərdə tutulur və YAP üçün nə dərəcədə uğurlu olacaq?

- 2008, 2009 və 2010-cu illər Azərbaycanın siyasi həyatı üçün zəngin və maraqlı olub. Dalbadal prezident, bələdiyyə və parlament seçkiləri keçirilib. Yeni Azərbaycan Partiyasının fəaliyyəti də başlıca olaraq bu seçki kampaniyalarının təşkili, həyata keçirilməsi ilə bağlı olub. YAP seçki kampaniyalarının hər üçündə böyük uğurlar əldə edib, hər üç seçki kampaniyasının qalibi ola bilib. Təbii ki, üç il ərzində YAP-ın fəaliyyətinin əsas hissəsi, əsas diqqətimiz bu seçki kampaniyalarının təşkilinə yönəldilib. 2011-ci ildən 2013-cü ilə qədər Azərbaycanda seçki kampaniyaları nəzərdə tutulmur. Bu mənada qeyd etmək olar ki, nisbətən bu illər partiyalar, o cümlədən YAP üçün sərbəst illər kimi qiymətləndirilə bilər. İstəyirik ki, bu illərdə partiyadaxili işlərimizə daha çox diqqət yetirək. Partiyanın daxili strukturlarının işinin təkmilləşdirilməsi, yerli strukturlarla əlaqələrin möhkəmləndirilməsi və gücləndirilməsi, fəaliyyətimizin və fəaliyyət üsullarının təkmilləşdirilməsi üzərində düşünək. Hesab edirik ki, 2010-cu ildə yerli strukturlarımızda, yerli və rayon təşkilatlarımızda konfransların keçirilməsi üçün imkanlarımız olacaq ki, biz bu imkandan faydalanacağıq. Digər tərəfdən, YAP bu il ərzində partiyanın gənclər qolunun təkmilləşdirilməsi və gücləndirilməsi istiqamətində müəyyən addımlar atmağı planlaşdırır. Deyərdim, kiçik təşəbbüslər artıq edilib. Bir neçə gün bundan öncə YAP-ın Gənclər Birliyinin Qəbələdə əzəmətli konfransını keçirdik. Gənclər Birliyinin yeni rəhbəri və strukturları seçildi. Bunun özü də YAP-ın Gənclər Birliyinin fəaliyyətinin daha da gücləndirilməsinə yardımçı olacaq. Digər tərəfdən, hesab edirik ki, bu illər Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin genişləndirilməsi üçün də əlverişli imkan yaradır. YAP-ın çox geniş beynəlxalq əlaqələri artıq mövcuddur, Qərb ölkələrində fəaliyyət göstərən bir sıra partiyalar ilə əlaqə saxlayırıq və bu əlaqələri daim genişləndiririk. Avropanın sağ partiyalarının birliyi olan Avropa Xalq Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında çox yaxşı münasibətlər qurulub və inkişaf etdirilir. Şərq ölkələrində fəaliyyət göstərən partiyalarla da Yeni Azərbaycan Partiyasının yaxşı münasibətləri var və bundan sonra da inkişaf etdirmək niyyətindəyik. Yeni Azərbaycan Partiyası Asiya Siyasi Partiyalarının Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvüdür. Bütün bunların hamısı bizə imkan verir ki, beynəlxalq münasibətlər, beynəlxalq əlaqələr sahəsində işimizi daha da genişləndirək.
Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında daim yaxından iştirak edib. 2011-ci ildə bu istiqamətdə də fəaliyyətimizi davam etdirəcəyik ki, partiyamızın ictimai dayaqları, ictimai əlaqələri daha da möhkəmlənsin. Yeni Azərbaycan Partiyasının sıralarında artıq 530 minə yaxın insan cəmləşib. Sıralarımız ildən-ilə genişlənir. Hər il Yeni Azərbaycan Partiyasının sıralarına 25-30 min yeni üzvlər qəbul olunur. 2010-cu ildə YAP-ın sıralarına 32 min nəfər qəbul olunub. Güman edirəm ki, 2011-ci ildə də bu meyllər davam edəcək və bütün işlərin həyata keçirilməsi Yeni Azərbaycan Partiyasının onsuz da çox əzəmətli olan ictimai dayaqlarının daha da möhkəmlənməsinə imkan yaradacaq.

- Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin genişlənməsi Dağlıq Qarabağ probleminin həllinə necə təsir edir?

- Ayrı-ayrı ölkələrdəki çox mühüm və böyük siyasi partiyaları ilə əlaqələr qurmağımız sadəcə olaraq əlaqə yaratmaq xatirinə həyata keçirilmir. Bütün bunlarda qarşımıza qoyduğumuz məqsəd Azərbaycanı daha da tanıtmaq, Azərbaycan reallıqlarını həmin ölkələrin siyasi dairələrinə çatdırmaq, o cümlədən də Qarabağ Problemi ilə bağlı Azərbaycanın mövqeyini onların nəzərinə yetirməkdən ibarətdir. Bu istiqamətdə də əlaqələr qurduğumuz siyasi partiyalar ilə çox ciddi əməkdaşlıqlar edirik. Avropa Xalq Partiyası ilə əməkdaşlığımız çərçivəsində həmin partiyanın rəhbərliyi ilə, o cümlədən partiyanın prezidenti, Avropanın siyasi dairələrində çox böyük nüfuz sahibi olan Vilfred Martens ilə ətraflı söhbətlərimiz olub, Azərbaycanın mövqeyi onların nəzərinə çatdırılıb. Təqdim etdiyimiz mövqe və məntiq onlar tərəfindən anlaşılaraq qəbul olunub. Bütün bunlar Dağlıq Qarabağ probleminin həqiqətlərinin beynəlxalq aləmdə təqdim edilməsinə əhəmiyyətli töhfə verir. Partiyalararası münasibətlər çərçivəsində Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın mövqeyini təbliğ edə bilirk. Azərbaycan torpaqlarının işğaldan azad olunması tələbinin haqlı olduğunu onların diqqətinə və nəzərinə çatdırırıq.
Şərq ölkələrində fəaliyyət göstərən partiyalar ilə əlaqələrimiz kontekstində də eyni mövqe ortaya qoyulur. Asiya Siyasi Partiyalar Beynəlxalq Assosiasiyası çərçivəsində keçirilən bütün tədbirlərdə Dağlıq Qarabağ ilə bağlı Azərbaycanın mövqeyi ortaya qoyulub və Assosiasiya üzvü olan partiyaların səsləndirdiyi bəyanatlarda bu məsələ öz əksini tapıb. Məsələn, 2006-cı ildə Koreyanın Seul şəhərində keçirilən toplantıda qəbul olunan bəyannamədə bütövlükdə təcavüzkarlığa qarşı mübarizənin aparılması açıq şəkildə öz əksini tapıb. 2009-cu ilin dekabrında Qazaxıstanın Astana şəhərində, yenə də Asiya siyasi partiyalarının beynəlxalq müşavirəsində qəbul olunan bəyannamədə də Dağlıq Qarabağ probleminin ədalətli həlli ilə bağlı açıq şəkildə fikir ifadə olunub. Bunlar Yeni Azərbaycan Partiyasının əlaqələr qurduğu partiyaların rəhbərliyinə və təmsilçilərinə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin sadəcə olaraq çatdırılması deyil, həm də bu mövqeyin bu və ya digər dərəcədə həmin partiyaların təmsilçiləri tərəfindən qəbul olunmasına əhəmiyyətli kömək göstərir. Əməkdaşlıq bütövlükdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində Azərbaycan hökuməti tərəfindən aparılan genişmiqyaslı və səmərəli fəaliyyətə əhəmiyyətli töhfə verə bilir.

- Son dövrlərdə İrandakı bəzi dairələrin Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərinin şahidi oluruq. Bu cür hallar nədən qaynaqlanır?

- Azərbaycan Respublikasının həyata keçirdiyi siyasətin vacib prioritetlərindən və istinad etdiyi dəyərlərdən biri ondan ibarətdir ki, biz heç kimin daxili işlərinə qarşımırıq və heç kimin Azərbaycanın daxili işlərinə qarşımasını məqbul saymırıq. Bu, seçdiyimiz xarici siyasətin vacib dəyərlərindən biridir. Bu mənada hansısa bir dövlətin Azərbaycanın daxili işlərinə müdaxilə etmək cəhdlərini qətiyyətlə pisləyirik. Digər tərəfdən, Azərbaycan elə bir ciddi əsaslara söykənən qüdrətli dövlətə çevrilib ki, onun daxili işlərinə kiminsə müdaxilə etməsi sadəcə olaraq, mümkün deyil. İndi Azərbaycan öz siyasətini yalnız Azərbaycan xalqının maraqlarına uyğun şəkildə formalaşdırır və həyata keçirir. Kimlərinsə buna maneçilik törətmək, Azərbaycanın daxili işlərinə müdaxilə etmək imkanları və potensialı mövcud deyil.
O ki qaldı İranın Azərbaycanın daxili işlərinə müdaxilə etmək cəhdləri göstərməsinə, bunu qətiyyətlə pisləməklə yanaşı, ayrıca vurğulamaq istərdim ki, İran Azərbaycanla qonşu dövlətdir. Qonşuluqdan savayı İranı Azərbaycanla bağlayan çoxlu tarixi köklər var. İranda çoxlu sayda etnik azərbaycanlı yaşayır. Onlar İran vətəndaşları olsalar da, azərbaycanlıdırlar. Bizim qardaşlarımızdırlar. Bütün bunların hamısı İran-Azərbaycan münasibətlərinə xüsusi kolorit, xüsusi məna, məzmun gətirir. Bunlar mütləq şəkildə İran tərəfindən nəzərə alınmalıdır. Digər tərəfdən, Azərbaycan özünün həyata keçirdiyi siyasətdə İranın maraqlarına toxuna biləcək hər hansı bir addım atmayıb. Bu da mütləq şəkildə İran tərəfindən nəzərə alınmalıdır. Bütün bunların fonunda, bütün bunların reallıq olduğu bir halda İranın azərbaycanın daxili işlərinə qarışmaq cəhdi, Azərbaycanı bəzi hallarda aşağılamaq məqsədi güdən bəyanatlar səsləndirməsi, İran televiziyasında bu cür verilişlərin yer alması, hesab edirəm ki, qonşuluq münasibətlərinə, İran-Azərbaycan tarixi əlaqələrinə xas olmayan, ləkə gətirən cəhdlərdir. Eyni zamanda, hesab edirəm ki, İran tərəfi bütün bunlara açıq şəkildə münasibətini bildirməlidir.
Bilirsiniz ki, Ermənistanla Azərbaycan arasında olan münaqişə nəticəsində Azərbaycanın ərazilərinin 20 faizdən çoxu işğal olunub.  Bunların fonunda bir yandan guya dünya müsəlmanlığının müdafiəsində dayanan İran tərəfindən Ermənistana çox ciddi şəkildə kömək göstərilir. Bu sahədə İran tərəfinin fəaliyyəti son zamanlar xüsusilə genişlənib. Bu, onların rəsmi şəkildə dünyaya dəfələrlə bəyan etdikləri mövqeyə, onun məntiqinə və fəlsəfəsinə uyğun gəlmir. Əlbəttə, demək istəmirəm ki, İran tərəfi Ermənistan-Azərbaycan münaqişəsinə dini prizmadan yanaşsın. Xeyr, bütün dünya tərəfindən və beynəlxalq qurumlar tərəfindən Ermənistan işğalçı dövlət kimi birmənalı şəkildə qəbul olunur və reallıq da bundan ibarətdir ki, Ermənistan öz havadarlarının köməyi ilə Azərbaycanın iyirmi faiz torpaqlarını işğal edib və bu günə qədər də işğal etdiyi torpaqlardan geri çəkilmək istəmir. Ermənistana hər hansı bir dəstək, kimin tərəfindən göstərilməsindən asılı olmayaraq, əslində işğalçılığın dəstəklənməsi deməkdir. Dünya birmənalı olaraq işğalçılığa qarşı mübarizə apardığı halda, İranın işğalçı dövlətə istər mənəvi, istər maddi dəstək verməsi təkcə Ermənistanın - Azərbaycanın düşmənin dəstəklənməsi deyil, həm də təcavüzkarın, haqsızlığın, ədalətsizliyin dəstəklənməsidir. Çox arzulayardım ki, İran hakimiyyəti bütövlükdə dünyada ədalət prinsipləri haqqında bəyanatlar səsləndirərkən bunu da nəzərə alsın.
Digər tərəfdən, Ermənistanın İran tərəfindən dəstəklənməsi hər bir Azərbaycan vətəndaşını nəinki narahat edir, həm də onda anlaşılmaz hisslər və duyğular yaradır. Azərbaycanlılar və Azərbaycan vətəndaşı iranlılardan və İrandan tamamilə başqa münasibəti gözləyirdilər və hesab edirəm ki, buna haqları da var. Ən azından İranda  çoxlu sayda etnik azərbaycanlıların yaşadığını nəzərə alsaq, hesab edirəm ki, İran hakimiyyəti tərəfindən Azərbaycana qarşı təcavüz etmiş Ermənistanın, təcavüzkar dövlətin dəstəklənməsi yolverilməz haldır. Bütün bunların fonunda İranın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərini kəskin şəkildə pisləyirik.
Həm Azərbaycanda, həm İranda Azərbaycan-İran parlament dostluq qrupları fəaliyyət göstərir. Çox yaxşı olardı ki, onlar bir araya gəlib bu məsələləri müzakirə etsinlər. Dövlətlərimiz arasında münasibətlərin korlanmasına gətirib çıxara biləcək hərəkətlərə son qoymaq haqqında ümumi bir məxrəcə gəlməyə ehtiyac var.

- Müxalif partiyalar iddia edirlər ki, iqtidarın apardığı siyasət nəticəsində demokratik müxalifət tədricən zəifləyir və sıradan çıxır. Bunun nəticəsi olaraq yaranmış boşluğu siyasi islam tutmağa başlayır və Azərbaycanda radikal islamla bağlı problemlər yaranmağa başlayır. Sizin bu kimi iddialara cavabınız necə olacaq?

- Əvvəla, Azərbaycanda bəzi müxalifət partiyalarının, xüsusilə də radikal müxalifətin mövqelərinin zəifləməsinin Azərbaycan hökumətinin siyasəti ilə əlaqələndirilməsini düzgün yanaşma hesab etmirəm. Düşünürəm ki, Azərbaycanda insanların sərbəst şəkildə siyasi mövqelərini ifadə etməsi üçün, siyasi fəaliyyətlə məşğul olması üçün həm qanunvericilik səviyyəsində, həm də praktik siyasət səviyyəsində lazım olan imkanlar və şərait yaradılıb. Azərbaycanda çoxlu sayda siyasi partiyalar fəaliyyət göstərir. Azərbaycanda qeydə alınmış, mövcud olan partiyaların mütləq əksəriyyəti də müxalif yönümlü partiyalardır. O başqa məsələdir ki, Azərbaycanda bir sıra müxalif yönümlü siyasi partiyalar səmərəli şəkildə fəaliyyət göstərə bilmirlər. Düşünmürəm ki, bütün bunların səbəbləri haqqında geniş şəkildə danışmaq imkanlarımız var. Amma çox qısa şəkildə bəzi məsələləri qeyd etmək istəyirəm. Azərbaycanda qırxdan yuxarı qeydə alınan siyasi partiya var. Kiçik Azərbaycanda bu qədər siyasi partiyanın səmərəli şəkildə fəaliyyət göstərməsi imkanları mövcud deyil. Deməli, müxalifət qüvvələri özlərinin partiya yaratmaq həvəsinin həddən artıq çox olması nəticəsində parçalanıblar, dağılıblar. Bunların mövqelərinin zəif olmasının səbəblərindən biri budur. Digər tərəfdən, uzun müddət uğur əldə edə bilməyən müxalifət partiyalarının nə siyasətində, nə tərkiblərində hər hansı bir islahat həyata keçirilməyib. Üçüncü bir tərəfdən, onlar işlərində ona görə uğur qazana bilmirlər ki, insanlar tərəfindən dəstəklənə biləcək hər hansı bir bəyanat və yaxud proqramlar müəyyənləşdirə bilməyiblər. Onların mövqelərinin zəif olması bilavasitə özlərinin fəaliyyətinin, seçdikləri fəaliyyət strategiyasının birbaşa nəticəsidir. Mütləq şəkildə qeyd olunmalı cəhətlərdən biri də odur ki, Azərbaycan müxalifəti cəmiyyətin istəklərindən fərqli olaraq, radikallaşmaya meyl edirlər. Azərbaycan cəmiyyəti radikalizmi qəbul etmək istəmir. Bu Azərbaycanın son illər ərzində ictimai-siyasi sabitliyinin ortaya qoyduğu reallıqdan biridir. İnsanlar ictimai və siyasi sabitliyi yüksək qiymətləndirirlər və radikalizmi, aqressivliyi ölkəmizdə hamı üçün faydalı sayılan ictimai-siyasi sabitliyə təhlükə sayırlar. Müxalifət nə qədər radikallaşırsa, aqressiv metodlara əl atırsa, o dərəcədə ictimaiyyət və insanlar arasında dayaqlarını itirir. Siz bunu son bir neçə ilin təcrübəsi əsasında da təhlil edib görə bilərsiniz. Son bir neçə ildə Azərbaycan müxalifətinin mövqelərinin ciddi şəkildə itirilməsinin çox mühüm səbəblərindən biri bir sıra müxalifət partiyalarında radikalizm meyllərinin güclənməsidir. Azərbaycan müxalifəti həyatın müasir tələblərindən əhəmiyyətli dərəcədə geriyə qalıb və 2011-ci ildə 90-cı illərn ortalarının şüarları ilə insaları cəlb etmək və maraqlandırmaq mümkün deyil. Azərbaycan sürətlə inkişaf edir, dəyişib. İnsanların həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Bu, Azərbaycanın danılmaz reallıqlarıdır. Təbii ki, bütün bu reallıqlar istiqamətində işini uğurla quran Yeni Azərbaycan Partiyasının mövqeləri mhkəmlənir, sıraları genişlənir. Əgər YAP-ın sıralrına hər il 25-30 min civarında yeni üzvlər cəlb olunursa, bu o deməkdir ki, müxalif partiyaların mövqeləri zəifləyir, Azərbaycan vətəndaşları, xüsusilə də gənclər daha çox YAP-ın onların istəklərinə və maraqlarına uyğun siyasət həyata keçirdiyini dərk edirlər. Bütün bunların fonunda siyasi partiyaların ictimai mövqeyinin parametrlərini müəyyənləşdirən proseslər gedir.
O ki qaldı siyasi proseslərdə İslam faktoru məsələsinə, mən müəyyən dərəcədə belə bir meylin olduğunu qeyd etməklə yanaşı buna kəskin şəkildə mənfi münasibətimi bildirmək istyirəm. Dinin siyasiləşməsi heç bir ölkəyə hər hansı siyasi divident və heç bir xalqa uğur gətirməyib. Din tamam başqa bir müstəvidə fəaliyyət göstərməli olan ictimai hadisədir. Dinin siyasiləşməsi siyasətə onun mahiyyətini dəyişən elementlərin gəlməsi ilə müşayiət oluna bilər. Ona görə də heç bir ölkədə, o cümlədən Azərbaycanda dinin siyasətə müdaxilə etməsini məqbul saymıram. Biz hamımız birlikdə dinin ölkəmizdə siyasi proseslərə müdaxilə etməsinə ciddi şəkildə sinə gərməliyik.
Xüsusilə də dini radikalizmin siyasi proseslərə müdaxilə etməsini xoşagəlməz hal hesab edirəm. Ona görə də ölkənin bütün siyasi dairələrinin, o cümlədən siyasi partiyaların qarşısında duran bir nömrəli vəzifəni dinin siyasətə müdaxilə etməsinə ciddi müqavimət göstərilməsində, dini radikalizmin yer almasına imkan verilməməsində görürəm. Bu, hər bir vətəndaşın, hər bir siyasi təşkilatın öz vətəndaşlıq mövqeyi kimi qəbul olunmalı olan məsələlərdən biridir. Amma onu da vurğulamaq istəyirəm ki, belə bir vakumun yaranması elə həddə çatmayıb ki, indi onu xüsusi təhlükə kimi qeyd edək. Ancaq hər kəsin ayıq-sayıq olması vacib şərtlərdən biridir. Bu mənada ki, siyasət elə bir sfera sayılmalıdır və elə bir sfera kimi də qorunub saxlanmalıdır ki, orada din elementləri nəinki həlledici amilə, bütövlükdə siyasi proseslərə təsir edə biləcəcək prosesə çevrilməsin. Azərbaycandakı sabitlik də, əmin-amanlıq da, inkişaf da Azərbaycanın dünyəvi dövlət olması ilə əlaqədardır. Heç vəchlə Azərbaycanın dünyəvi dövlətçilik prinsiplərinə, siyasətimizin dünyəvi məzmununa kənar və təhlükəli elementlərin daxil olmasına imkan verməməliyik.

- Bir müddət öncə Yeni Azərbaycan Partiyası siyasi partiyaların yenidən qeydiyyatdan keçirilməsi ilə bağlı təkliflər səsləndirdi və bu mövzuya ölkə mətbuatı da geniş yer ayırdı. Siz bu prosedurun hansı formada aparılmasını təklif edirsiniz?

- İfadələri gərək düzgün işlədək. Partiya belə bir təklif verməyib, partiyanın belə bir ümumiləşmiş təklifi olmayıb. Ayrı-ayrı partiya təmsilçiləri, o cümlədən bəzi hallarda mən özüm də siyasi partiyalar haqqında qanunun dəyişilməsinə ehtiyac olması barədə təklif səsləndirmişik. Prinsip etibarilə, hesab edirəm ki, hər bir qanunun təkmilləşməyə ehtiyacı var, o cümlədən də siyasi partiyalar haqqında qanunun. Amma digər tərəfdən onun da fərqindəyəm ki, Azərbaycanda "Siyasi partiyalar haqqında" qanun fəaliyyət göstərir və məhz elə bunun nəticəsində qeyd etdiyim kimi, 40- dan yuxarı partiya qeydiyyatdan keçib. Bəziləri fəaliyyət göstərir, bəziləri isə faktiki olaraq fəaliyyət göstərmir və bunların sadəcə adı qalıb. Arzu edərdim ki, Azərbaycanda siyasi partiyaların fəaliyyətində və ümumiyyətlə mövcudluğunda nizam-intizam yaradılsın. Kağız üzərində mövcud olan siyasi partiyalardan təxminən 10-u Azərbaycanın siyasi mühitində fəaliyyət göstərə bildiyini nümayiş etdirir. Yerdə qalanları isə nə vaxtsa qeydiyyatdan keçiblər. İndi onların rəhbərləri bəlkə də müəyyən siyasi partiyanın başçısı olduqlarını unudublar. Bəlkə də bu hala son qoymaq vaxtı gəlib çatıb. Amma hesab etmirəm ki, bunun üçün mütləq siyasi partiyalar haqqında qanun dəyişdirilməlidir. Mövcud siyasi partiyaların fəaliyyətini tənzimləyən qanunda da bunlar nəzərdə tutulub. Eyni zamanda, bu o demək deyil ki, siyasi partiyaların fəaliyyətini tənzimləyən qanunun təkmilləşdirilməsinə ehtiyac yoxdur. Xeyr, var. Bu barədə düşünmək, fikirləri daha da cilalamaq və qanunu təkmilləşdirmək yox, qanunun fəaliyyətini daha da yaxşılaşdırmaq naminə onu təkmilləşdirmək lazımdır.
Bu gün Azərbaycanda siyasi partiyalar haqqında qanunun təkmilləşdirilməsi təklifini çox ciddi cəhdlə irəli sürənlərin arqumentlərindən biri və hətta ən əsası siyasi partiyaların maliyyələşdirilməsi ilə əlaqədardır. Bu məsələyə də prinsip etibarilə müsbət yanaşıram. Ölkəmizdə siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsinə bəlkə də ehtiyac var, amma siyasi partiyaların fəaliyyət göstərməsi üçün yeganə şərt onun dövlət tərəfindən maliyyələşdirilməsi deyil. Dünyanın heç bir yerində siyasi partiyalar dövlətdən maliyyələşdiyinə və ya maliyyələşmədiyinə görə fəaliyyət göstərmir. Çoxlu sayda ölkələrin adını çəkmək olar ki, bu ölkələrdə partiyalar dövlət tərəfindən maliyyələşdirilmir. Bir sıra ölkələrdə partiyaların normal şəkildə fəaliyyət göstərməsi üçün dövlət tərəfindən müəyyən kömək göstərilir. Amma dövlət tərəfindən göstərilən maliyyə yardımı o ölkələrdəki partiyaların fəaliyyət göstərməsi üçün yetərli deyil. Bu, sadəcə olaraq partiyaların fəaliyyətinə müəyyən dərəcədə dövlət dəstəyindən başqa bir şey deyil. Elə bir ölkəni nümunə gətirmək mümkün deyil ki, orada siyasi partiyalar yalnız dövlətin verdiyi vəsait hesabına fəaliyyət göstərirlər. Əslində siyasi partiyaları bu və ya digər ictimai qrup siyasi proseslərdə fəal iştirak etmək və uğurlu siyasət həyata keçirə biləcəkləri halda hakimiyyətdə təmsil olunmaqdan ötrü yaradır, onun maliyyələşmə formalarını və mənbələrini müəyyən və təmin edir. Hər hansı bir qrupun maraqlarını ifadə edən təşkilat meydana gəlir və həqiqi mənada o qrupun maraqlarını ifadə edə bilirsə, hakimiyyət iddialarını ortaya qoyursa, həmin qrup da qanuni şəkildə o təşkilatın fəaliyyət göstərməsi üçün lazımi şəraiti yaradır. Belə deyək, üzvlük haqları, ianələr vermək və s. vasitəsi ilə maliyyələşdirir və digər zəruri fəaliyyət resursları ilə təmin edir. Düyada formalaşmış, geniş yayılmış həlledici təcrübə bundan ibarətdir. Və bu, təkcə ondan ötrü edilmir ki, bu və ya digər qrupun ümumiləşmiş maraqlarını ifadə edən hər hansı bir qurum yaradılsın və onun üçün maliyyə mənbələri təmin edilsin. Bunun ən böyük mənası və məntiqi ondan ibarətdir ki, məhz bu yolla bir yandan cəmiyyət formalaşmış qurumların nə dərəcədə onları yaratmış qrupun marağını ifadə etdiyini göstərir, ikinci bir tərəfdən isə formalaşmış qrup bu marağı nə dərəcədə ifadə etmək iqtidarında olduğunu sübut etmiş olur. Məsələn, ABŞ-da prezident seçkilərində namizədlərinin seçki kampaniyasını keçirmək üçün partiyaya və onun namizədinə cəmiyyətin daha çox maliyyə dəstəyi göstərdiyi partiyalar qalib gəlirlər. Ona görə yox ki, onlar çox pul yığıblar. Onlar daha çox insan onu dəstəklədiyinə görə, çox pul yığa biliblər. Yəni partiyanın üzvlük haqları sadəcə onun  fəaliyyətinin maliyyə mənbəyi demək deyil - baxmayaraq ki, bu maliyyə olmadan partiya fəaliyyət göstərə bilməz - həm də o partiyanın nə dərəcədə cəmiyyət tərəfindən dəstəkləndiyinin ən bariz ifadəsidir. Bu mənada, partiyalar özlərini maliyyələşdrməlidirlər. Cəmiyyət tərəfindən nə dərəcədə dəstəkləndiklərinin ifadəsi kimi bu, həyata keçirilməlidir. Bu, partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı çıxmağım kimi başa düşülməməlidir. Mən də Azərbaycan dövlətinin siyasi partiyaların dəstəklənməsinə kömək etməsinin tərəfdarıyam. Amma digər dövlətlərlərdə olduğu kimi Azərbaycanda da partiyalara dövlət tərəfindən edilən yardım həmin partiyaların fəaliyyət göstərməsinə kifayət edəcək qədər olmayacaq. Dövlət öz üzərinə öhdəlik götürmür ki, hərə gündə bir partiya yaradacaq, dövlət də onu maliyyələşdirəcək. Dövlət yalnız müəyyən prinsiplər əsasında, parlamentdə təmsil olunma prinsipləri əsasında partiyaların maliyyələşdirilməsinə yardım göstərə bilər. Mən prinsip etibarilə bunun əleyhinə deyiləm. Sadəcə ona görə dedim ki, "Siyasi partiyalar haqqında" qanunun təkmilləşdirilməsi üçün təkliflər irəli sürülərkən daha çox bu arqumentə istinad edilir. Azərbaycanda siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsinə, bu sahədə bir nizam-intizam yaradılmasına, bunun üçün də qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac hiss olunduğunu bildirmək istəyirəm. Güman edirəm ki, bu barədə düşünmək və işləmək lazımdır.

Xəbər lenti

Xəbər lenti