Üçüncü abzasdan sonra təfərrüatlar, fotoşəkillər əlavə olunub (ilk xəbər 18:30-da yayılıb)
Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir T.Hacıyev/
Almaniyanın paytaxtı Berlində şənbə günü İran səfirliyi qarşısında azərbaycanlıların və türklərin birgə etiraz aksiyası keçirilib. Azərbaycan-Almaniya Alimlər Birliyinin sədri Əhməd Yəzdaninin Trend-ə verdiyi məlumata görə, aksiyanın əsas məqsədi son günlərdə İranın Azərbaycanın daxili işlərinə qarışma cəhdlərinə etiraz etmək olub.
Səfirliyin qarşısına toplaşan 70-ə yaxın adam İranın Azərbaycan torpaqlarını işğal etmiş Ermənistana iqtisadi və siyasi dəstək verməsinə etirazlarını bildiriblər. Bundan əlavə, aksiya iştirakçıları İranda 30 milyondan çox Azərbaycan türkünün ana dilindən istifadə etmək hüququnun pozulduğuna da etiraz ediblər.
Aksiyaçılar İrandan işğalçı Ermənistana iqtisadi, siyasi və hərbi dəstəyi dayandırmağı, İranda yaşayan azərbaycanlıların öz ana dilində təhsil almaq və digər hüquqlarının təmin edilməsini tələb ediblər.
Etiraz aksiyasının sonunda aksiya iştirakçıları adından hazırlanmış bəyanat İran səfirliyin nümayəndəsinə təqdim olunub.
Aksiya iştirakçıları İran tərəfinin səsləndirdiyi bəyanatları mahiyyət və məzmun etibarilə Azərbaycan Respublikasının daxili işlərinə qarışmaq, ölkədə sabitliyi pozmaq, bəzi radikal təmayüllü dini qrupları fəallaşdırmaq cəhdi kimi dəyərləndirirlər.
Bəyanat müəllifləri özünü dünyada "müsəlman təəssübkeşi" qiyafəsində təqdim etmək istəyən İranın bəzi siyasi dairələri və din xadimlərinin Ermənistanın təcavüzü nəticəsində qətlə yetirilmiş 30 mindən çox azərbaycanlının, öz yurd-yuvasından didərgin salınmış bir milyona yaxın müsəlmanın hüquqlarını eyni qətiyyətlə "müdafiə etməməsi"ni tənqid edirlər.