...

Azərbaycan xalqına edilən təcavüzlərlə bağlı muzey yaradılmalıdır – hakim partiya

Siyasət Materials 4 Mart 2011 13:42 (UTC +04:00)
Azərbaycan xalqına edilən təcavüzlər ümumiləşdirilərək bununla bağlı muzey və ya abidə yaradılmalıdır.
Azərbaycan xalqına edilən təcavüzlərlə bağlı muzey yaradılmalıdır – hakim partiya

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan xalqına edilən təcavüzlər ümumiləşdirilərək bununla bağlı muzey və ya abidə yaradılmalıdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin cümə günü keçirilən iclasında çıxışı zamanı hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

"Azərbaycan xalqı qısa vaxt ərzində - yanvar, fevral və mart aylarında 3 tarixi matəm gününü qeyd edir. Bu 20 yanvar faciəsi, Xocalı soyqırımı və 31 Mart soyqırımı günləridir. Mənə elə gəlir ki, xalqımıza və torpağımıza edilən təcavüzü nəzərə alıb, bunların hamısını ümumiləşdirərək qlobal bir iş görmək lazımdır", - Novruzov bildirib.

Onun sözlərinə görə, bu, ümumiləşdirilməli, beynəlxalq aləm üçün Ermənistanın tarixən Azərbaycana etdiyi təcavüz konkret göstərilməlidir.

"Bu, həm də müxtəlif vaxtlarda azərbaycanlıların öz vətənləri uğrunda canlarından keçməsi ilə bağlı ümumiləşmiş abidə ola bilər. Yəni, dünyaya daha böyük şəkildə çatdırmaq baxımından ümumiləşdirilməlidir", - hakim partiyanın nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti