...

Bakıya gələn hər bir qonaq gözəlliyinə görə paytaxtı dünyanın ən böyük şəhərləri ilə müqayisə edir - Hacıbala Abutalıbov

Siyasət Materials 10 Mart 2011 02:09 (UTC +04:00)
Bakının, Bakıətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni siması görülən abadlıq işləri sayəsində xeyli dəyişmiş, dinamik və davamlı inkişafın əsası qoyulmuş, başqa sözlə, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə çevrilməsi prosesi baş vermişdir. Bu isə görülmüş və görüləcək işlər sahəsində, sözün həqiqi mənasında, əsl sıçrayış deməkdir. Bunu Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalibov çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə ölkəmizin paytaxtı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirilən müşavirədə çıxışı zamanı deyib.
Bakıya gələn hər bir qonaq gözəlliyinə görə paytaxtı dünyanın ən böyük şəhərləri ilə müqayisə edir - Hacıbala Abutalıbov

Bakının, Bakıətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni siması görülən abadlıq işləri sayəsində xeyli dəyişmiş, dinamik və davamlı inkişafın əsası qoyulmuş, başqa sözlə, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə çevrilməsi prosesi baş vermişdir. Bu isə görülmüş və görüləcək işlər sahəsində, sözün həqiqi mənasında, əsl sıçrayış deməkdir. Bunu Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə ölkəmizin paytaxtı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirilən müşavirədə çıxışı zamanı deyib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Abutalibov 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramının təsdiq edilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirənin və Prezidentin imzaladığı Sərəncamın bugünkü və gələcək uğurlar baxımından son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.

"Bakı şəhərinin, ətraf kənd və qəsəbələrin inkişafı ilə bağlı Sərəncamın imzalandığı gündən bir sıra sistemli, kompleks xarakterli layihələr işlənib hazırlanmış və uğurla həyata keçirilmişdir. Daha dəqiq desək, adıçəkilən bölgənin qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli işlər görülmüşdür.
Şübhəsiz ki, enerji təminatının tam həlli, kanalizasiya sistemlərində yeni təmizləyici qurğuların qurulması, qəsəbədaxili xidmət obyektlərinin mədəni-məişət, texniki, tibbi avadanlıqla təmin edilməsi, həmçinin, idman qurğularının istifadəyə verilməsi gələcəkdə bu bölgədə turizmin inkişafı üçün münbit şərait yaradır.
Milli mədəni irsimizin mühüm tərkib hissəsi sayılan abidələr, məbədlər və bu qəbildən olan digər zəngin memarlıq nümunəsi sayıla bilən tikililər bərpa edilərək öz əvvəlki görünüşünə qaytarılmışdır. Buna misal olaraq, Qala kəndində bir növ möcüzələr aləmini xatırladan və tarixi-arxeoloji cəhətdən böyük əhəmiyyətli memarlıq nümunələrini göstərmək olar. Yeri gəlmişkən, görülən bu işlərdə böyük əməyi olmuş Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva milli və vətəndaş təəssübkeşliyi, mədəni irsimizə göstərdiyi qayğı nəticəsində respublikamızın digər bölgələrində olduğu kimi, Bakıda, şəhərətrafı qəsəbə və kəndlərdə də insanların dərin rəğbətini qazanmış, diqqətə və hörmətə layiq işlər görmüşdür.
Bakının kənd və qəsəbələrində diqqəti cəlb edən mühüm məqamlardan biri də onların hər birinin oxşar cəhətləri ilə yanaşı, həm də özünəməxsusluğu və bənzərsizliyidir. Burada hər bir kəndin və onun sakinlərinin uzun illər formalaşmış spesifik xüsusiyyətləri, etik davranış qaydaları, ənənəvi peşə, sənət və məşğulluq sahəsində olan fərqlər, hətta etno-linqvistik rəngarənglik mövcuddur. Başqa sözlə, adıçəkilən layihələrin uğurla həyata keçirilməsini təmin etməkdən ötrü bu bölgədəki spesifikliyin nəzərə alınması heç şübhəsiz ki, ümumi işimizin xeyrinə olardı", Abutalıbov deyib.

Onun sözlərinə görə, Bakı şəhəri qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramının həyata keçirilməsində işsizlik problemi və onun həlli yolları strateji, prioritet xarakter daşıyırdı.

"Bu gün artıq əminliklə deyə bilərik ki, bu sahədə də kifayət qədər müsbət dəyişikliklər baş vermişdir. Yerli əhali üçün əvvəllər də, bu gün də ənənəvi sayılan məşğulluq sahələrinin - heyvandarlığın və balıqçılığın inkişafı, müxtəlif çeşidli kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, tətbiqi sənət növlərindən sayılan zərgərliyin və xalçaçılığın inkişafı danılmazdır. Eyni zamanda, bu istiqamətdə hələ görüləcək işlər də az deyildir. Lakin tarixi təcrübə məhz bu problemin həllində bizə çıxış yolunu göstərir. Həqiqəti özündə tam əks etdirən tarixi mənbələrə istinadən deyə bilərik ki, təkcə Abşeronun Bilgəh qəsəbəsində vaxtilə becərilən nadir və sağlamlıq üçün olduqca əhəmiyyətli sayılan zəfəran bitkisi, tərkibində olduğumuz çar Rusiyasının, sonralar isə Sovetlər Birliyinin tələbatını nəinki ödəyir, hətta xaricə qızıl pula satılırdı.
Başqa bir misal, ənənəvi olaraq Bakının kənd və qəsəbələri paytaxtın ağartı, meyvə-tərəvəz və bostan məhsullarına olan tələbatını tam və dolğun şəkildə ödəyirdi. Zənnimcə, bu ənənənin bərpası ümumi işin xeyrinə olardı. Fikrimizcə, yaxın gələcəkdə adıçəkilən bölgədə işsizliyin tam həlli və beynəlxalq standartlara cavab verən sosial infrastrukturun qurulması gündən-günə böyüməkdə olan Bakı şəhərinin bir çox problemlərinin həllinə - ekoloji tarazlığın bərpasına, demoqrafik proseslərin nizamlanmasına, nəqliyyat tıxaclarının azalmasına, başqa sözlə, şəhər təsərrüfatının problemləri ilə həddindən artıq ağırlaşmış paytaxtın sosial yükünün yüngülləşdirilməsinə kömək edəcəkdir", Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı deyib.

Hacıbala Abutalıbov bildirib ki, şəhərimizə gələn qonaqların Bakı ilə ilk tanışlığı şəhərətrafı kənd və qəsəbələrə aid ərazidə yerləşən, ulu öndərin adını daşıyan beynəlxalq hava limanından başlayır. Şəhər icra hakimiyyətinin başçısı ərazidə həyata keçirilmiş köklü yeniliklərin hər bir əcnəbi qonaqda paytaxtımız haqqında xoş təəssürat və məmnunluq hissi doğurduğunu qeyd edib.

"Tam qətiyyətlə deyə bilərik ki, "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı"nın təsdiq edilməsi haqqında möhtərəm Prezidentimiz tərəfindən imzalanmış Sərəncam onun müstəqil dövlət quruculuğu istiqamətində atdığı daha bir düzgün, uğurlu addımından, zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş strateji xarakter daşıyan gələcək inkişaf perspektivlərimizdən, uzun illər boyu bir çox ölkə başçısının bacarmadığı zəiflik mənbəyini güc mənbəyinə çevirmək məharətindən, ən başlıcası isə İlham Əliyevə ulu öndər Heydər Əliyevdən miras qalmış, balanslaşdırılmış siyasi kursun bir strateq olaraq inkişaf etdirməsindən, başqa sözlə, müdrikliyindən və uzaqgörənliyindən xəbər verir", Abutalıbov deyib.

Onun sözlərinə görə, qədim tarixin dərin qatlarından, eləcə də yaxın və uzaq keçmişdən yaxşı məlumdur ki, dünyada bir sıra ölkə başçıları öz məmləkətlərini, xüsusən də paytaxt şəhərlərini abadlaşdıraraq, bədii təfəkkür dili ilə desək gülüstana çevirmiş, bununla da əsrlərin və nəsillərin yaddaşında qurucu, yaradıcı rəhbər kimi qalmışlar. "Bu mənada, möhtərəm Prezident, Siz də ölkə başçımız olaraq Vətənimiz və onun paytaxtının gündən-günə gözəlləşməsi və rövnəq saçması üçün əlinizdən gələni əsirgəməmiş, milli təəssübkeşliyimizin hamisi və qurucu rəhbəri olmusunuz", icra hakimiyyətinin başçısı deyib.

Bakı şəhəri İcra hakimiyyətinin başçısı bildirdi ki, indi Bakıya gələn hər bir qonaq gözəlliyinə görə paytaxtımızı dünyanın ən böyük şəhərləri ilə müqayisə edir. Daha sonra Hacıbala Abutalıbov dedi ki, paytaxtda aparılan abadlıq-quruculuq işləri, eləcə də şəhərin sürətli inkişaf tempi fonunda Bakı şəhərinin kənd və qəsəbələrinin sosial-iqtisadi və mədəni inkişafı ilə əlaqədar əldə edilmiş uğurlar bir növ kölgədə qalır. Abutalıbov, dövlət başçısının Bakı şəhərinin kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair imzaladığı Sərəncam əsasında qəbul edilən konkret proqram və gündəlik diqqətin bu problemin tezliklə həllinə əsaslı zəmin yaratdığını qeyd edib.

"Möhtərəm Prezident! Sizin Bakı şəhərinin kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafının həyata keçirilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə növbəti gəlişiniz heç şübhəsiz ki, adıçəkilən bölgənin gələcək inkişafına prinsipial xarakterli müsbət təsirini göstərərək qarşıda duran vəzifələrin həyata keçirilməsinə böyük təkan verəcəkdir.
İcazənizlə, paytaxt əhalisi, kənd və qəsəbələrin sakinləri və eləcə də öz adımdan Bakı və ətraf kənd və qəsəbələrin problemlərini daim diqqət mərkəzində saxladığınıza və əməli tədbirlərin həyata keçirilməsində bilavasitə göstərdiyiniz fəaliyyətə, diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirir, xalqımız tərəfindən dərin rəğbət hissi ilə qarşılanan və sevilən bir ölkə başçısı kimi bu ağır, çətin, lakin son dərəcə məsuliyyətli və şərəfli işinizdə uğurlar, uğurlar və uğurlar arzulayıram. Diqqətinizə görə dərin təşəkkürümü bildirirəm", Abutalıbov deyib.

Xəbər lenti

Xəbər lenti