Azərbaycan, Bakı, 7 aprel /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə axşamı Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunu qəbul edib. Bu barədə Trend-ə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Məmmədyarov Azərbaycan-AŞ PA əməkdaşlığının bir çox sahələri əhatə etdiyini və faydalı nəticələr verdiyini söyləyib. XİN rəhbəri Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümükünlüyünü vurğulayıb. AŞ PA Bürosunda Dağlıq Qarabağ üzrə Alt komitənin işinin bərpasına dair planları alqışlayan nazir, Azərbaycan tərəfinin bu təşəbbüsü tamamilə dəstəklədiyini və AŞ PA-nın bu istiqamətdə səylərinin davam etdirilməsinin vacibliyini qeyd edib.
Çavuşoğlu Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun işində iştirak üçün dəvət aldığından məmnun olduğunu bildirib, bu kimi tədbirlərin dünyada baş qaldıran dini, milli dözümsüzlük və digər təhlükə yaradan və neqativ halların qarşısının alınması prosesində böyük rol oynadığını xüsusi qeyd edib.