...

Azərbaycanda bütövlükdə iqtisadi sahədə bütün tapşırıqlar yerinə yetirilir - Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Siyasət Materials 13 Aprel 2011 10:17 (UTC +04:00)
Nazirlər Kabinetinin bugünkü toplantısı 2011-ci ilin birinci rübünün yekunlarına həsr edilir.
Azərbaycanda bütövlükdə iqtisadi sahədə bütün tapşırıqlar yerinə yetirilir - Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Prezidentin yekun nitqi əlavə olunub (ilk xəbər saat 17:52-də yayılıb)

Nazirlər Kabinetinin bugünkü toplantısı 2011-ci ilin birinci rübünün yekunlarına həsr edilir. Birinci rübdə iqtisadiyyatımız uğurla inkişaf etmişdir. Əlbəttə ki, bu ilin əvvəlində əldə edilmiş nəticələri düzgün təhlil etmək üçün biz bundan əvvəlki illərdə Azərbaycanda mövcud olan iqtisadi inkişafı mütləq nəzərə almalıyıq. Çünki son illər ərzində iqtisadiyyatımız durmadan artmışdır, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı bildirib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

"Son 7 il ərzində ümumi daxili məhsul təxminən 3 dəfə artmışdır, hətta böhranlı 2009 və 2010-cu illərdə iqtisadiyyatımız 14 faiz artmışdır. Ona görə də bu yüksək təməl, yüksək baza üzərində birinci rübdə yenə də müşahidə olunan artım, əlbəttə ki, bizi çox sevindirir.

İqtisadiyyatımız birinci rübdə bütövlükdə 1,6 faiz artmışdır. Ancaq sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 5,6 faiz artmışdır. Bildiyiniz kimi, bizim əsas vəzifəmiz qeyri-neft sektorunu inkişaf etdirmək, neft-qaz amilindən asılılığımızı azaltmaq və beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olmaqdır. Ona görə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir və ölkədə aparılan sosial və iqtisadi islahatlar, ilk növbədə bu məqsədə nail olmaq üçün həyata keçirilir" İlham Əliyev deyib.

Prezidentin sözlərinə görə, sənaye istehsalı bütövlükdə 0,3 faiz artsa da, sənayenin inkişafında əsas məsələ, yəni sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sənayemiz 9,8 faiz artmışdır. Bu da onu göstərir ki, qeyri-neft sektoruna qoyulan vəsait, investisiyalar, sahibkarlara yaradılmış şərait gözəl nəticələrini göstərmişdir. Bütövlükdə sənaye istehsalında o qədər də böyük artımın olmaması neft-qaz sektorunda hasilatda müəyyən azalmanın səbəbidir. Ancaq bu azalma əlbəttə ki, müvəqqəti xarakter daşıyır və hazırda Azərbaycanda neftin hasilatı demək olar ki, yüksək həddə çatmışdır və bu səviyyədə qalacaqdır. O ki qaldı qaz istehsalına, növbəti illərdə qoyulacaq investisiyalar hesabına qaz hasilatımız da artmalıdır.

"Narahatedici məsələlərdən biri odur ki, birinci rübdə inflyasiya 9,1 faiz artmışdır. Bu, bizi narahat edir. Ancaq hazırda inflyasiya birrəqəmli inflyasiyadır, elə etməliyik ki, biz birrəqəmli inflyasiyanın səviyyəsini saxlaya bilək. Bununla bərabər, əhalinin pul gəlirləri 16 faizdən çox artmışdır. Yəni, əgər biz yenə də inflyasiyanı əhalinin pul gəlirləri ilə müqayisə etsək, görərik ki, gəlirlərdə real artım müşahidə olunur. Əminəm ki, bu meyillər il ərzində özünü daha da böyük həcmdə göstərəcəkdir.

Ölkəmizdə yığılan valyuta ehtiyatlari 34,2 milyard dollara bərabərdir. Bu istiqamətdə də bütün tapşırıqlar yerinə yetirilir və valyuta ehtiyatlarımız artır. Ölkəmizdə böyük investisiya layihələri icra edilir və bu layihələr böyük vəsait tələb edir. Buna baxmayaraq, biz həm investisiya layihələrimizi təmin edirik, eyni zamanda, valyuta ehtiyatlarımızı da artırırıq. Bu, özlüyündə gözəl göstəricidir. Eyni zamanda, bu, ölkənin iqtisadi və maliyyə gücünü göstərir.
Heç şübhə etmirəm ki, ilin sonuna qədər bizim valyuta ehtiyatlarımız artacaqdır. Bu artım çox təsirli olacaqdır" dövlət başçısı çıxışında qeyd edib.

İlham Əliyev bildirib ki, bütövlükdə iqtisadi sahədə bütün tapşırıqlar yerinə yetirilir.

"Birinci rübün yekunları deməyə əsas verir ki, ilin sonuna qədər də bu müsbət meyillər özünü göstərəcəkdir. Sosial sahədə bütün proqramlar həyata keçirilir. Bütün sosial məsələlər öz həllini tapır. Sosial infrastrukturun yaradılması istiqamətində proqram üzrə işlər aparılır. Məktəblərin, xəstəxanaların, sosial obyektlərin, mədəniyyət, idman obyektlərinin tikintisi investisiya proqramı çərçivəsində müəyyən olunduğu kimi icra edilir. Birinci rübün yekunlarına görə ölkəmizdə orta əməkhaqqı 340 manat səviyyəsindədir. Əgər biz dollarla hesablasaq, bu, haradasa 430 dollara yaxındır. Bu, yaxşı göstəricidir. Orta əməkhaqqının artımı ölkədə həm iqtisadi, həm də sosial sahədə aparılan siyasətin əlamətidir. Biz bazar iqtisadiyyatına sadiq olan ölkəyik. Eyni zamanda, sosial məsələlər də Azərbaycanda uğurla öz həllini tapır. Əlbəttə, bunun ən gözəl göstəricisi ondan ibarətdir ki, Azərbaycanda yoxsulluğun səviyyəsi ildən-ilə aşağı düşür.
2010-cu ilin yekunlarına görə Azərbaycanda yoxsulluq 9,1 faiz səviyyəsində idi. Mən ümid edirəm ki, bu il ərzində həm iqtisadi sahədə, həm sosial sahədə görüləcək işlər nəticəsində, eyni zamanda, bu il maaşların və pensiyaların gözlənilən artımları hesabına Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı yenə də aşağı düşəcəkdir. Nəticədə, biz bir neçə il bundan əvvəl qarşıya qoyulmuş məqsədə çatacağıq.

Hər bir ölkədə yoxsullar vardır. Ancaq biz qarşıya vəzifə qoyuruq, bizim hədəfimizdir, bizim məqsədimizdir. Ölkədə aparılan quruculuq işləri, iqtisadi islahatlar, sosial proqramlar bu ağır problemin həlli üçün bizə imkan verəcəkdir. Bununla bərabər, bütün regionlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir. Bu ilin birinci rübündə nəzərdə tutulmuş bütün investisiya layihələri vaxtında həllini tapır. Birinci üç ayda regionlarda təxminən on yeddi min yeni iş yeri açılmışdır. Bu proses davam edir. Bütövlükdə birinci proqramın icrasından sonra ölkəmizdə 930 min yeni iş yeri açılmışdır. Sahibkarlara kömək məqsədi ilə kreditlər ayrılır və bu kreditlər gözəl nəticələrini verməkdədir. Yəni, regionların inkişafı proqramı icra edilir. Regionlara səfərlərim mənə imkan verir ki, görülən işləri özüm gözümlə görüm və deyə bilərəm ki, hər bir bölgədə inkişaf vardır. Ən önəmlisi ondan ibarətdir ki, bu inkişaf davamlıdır. Yəni, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Baxmayaraq ki, son illərdə Azərbaycanda böyük işlər görülmüşdür. Biz daim inkişafda olmalıyıq və daim mövcud problemlərin həlli işində fəal olmalıyıq. Regionların sosial-iqtisadi inkişafı proqramının icrası ilə bərabər, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı proqramı da hazırlanır. Bu məqsədlə keçən ay geniş müşavirə keçirilmişdir. Bütün tapşırıqlar verilmişdir.

Hazırda problemlər təhlil edilir. Əslində biz bu problemləri bilirik. O problemlərin həlli üçün xüsusi proqram qəbul olunandan sonra biz bu il proqramda nəzərdə tutulacaq məsələlərin bir hissəsini icra edəcəyik. Ancaq vaxt itirməmək üçün Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılmışdır ki, bu məsələlər təxirə salınmadan həllini tapsın.

Artıq qəsəbələrdə işlər başlamışdır. Mən indi qəsəbələrdə tez-tez oluram, əvvəlki dövrlərdə də olmuşam. Vəziyyətlə tanış oluram və insanlardan birbaşa soruşuram ki, hansı məsələlər onları daha çox narahat edir. Deyə bilərəm ki, qəsəbələrdə son illərdə böyük işlər görülmüşdür. Tikilən məktəblər, demək olar ki, qəsəbələrdə təhsil sahəsinin inkişafına müsbət təsir göstərmişdir. Bəzi qəsəbələrdə su qıtlığı mövcuddur. Kanalizasiya problemi, demək olar ki, bütün qəsəbələrə xas olan məsələdir. Kanalizasiya problemi təkcə qəsəbələrdə deyil, Bakı şəhərinin özündə də qarşıda duran çox kəskin məsələdir. Ancaq bununla bərabər, son illər aparılmış işlər nəticəsində elektrik enerjisi ilə təminat yaxşıdır. Heç bir şikayət, heç bir müraciət olmamışdır. Qəsəbələrin qazlaşdırılması prosesi gedir. Hazırda bu məsələ demək olar ki, tam şəkildə həll edilib. Sadəcə, növbəti bir neçə il ərzində biz yeni xətlərin çəkilişi nəticəsində qazın təzyiqinin də yaxşılaşdırılmasına nail olmalıyıq. Səhiyyə məsələləri müəyyən dərəcədə həll olunub. Amma yeni xəstəxanaların, poliklinikaların tikintisinə ehtiyac vardır. Ən vacib məsələ, - bu problemi bütün qəsəbələrə aid etmək olar, - yollar məsələsidir. Demək olar ki, qəsəbələrin yollarının əksəriyyəti torpaq yollarıdır. Hazırda yol çəkilişi prosesi başlamışdır" Prezident bildirib.

Dövlət başçısı hesab edir ki, geniş, çox dəqiq və konkret proqram qəbul olunandan sonra 2013-cü ilə qədər biz qəsəbələrdə mövcud problemlərin böyük əksəriyyətini həll etməliyik.

"Baxmayaraq ki, bu çox böyük proqramdır. Qəsəbələrdə hazırda 800 mindən artıq əhali yaşayır. Bu özlüyündə böyük bir şəhərdir. Ancaq bu məsələ öz həllini tapmalıdır. Ümid edirəm ki, biz qısa müddət ərzində bu məsələnin həllinə nail olacağıq.

Birinci rübdə ölkəmizdə böyük infrastruktur layihələri icra edilirdi. Bu layihələrin icrası cədvəl üzrə gedir. Qazlaşdırma prosesi gedir. Su, kanalizasiya məsələləri həll edilir, həm magistral, həm qəsəbələrarası yollar çəkilir. Böyük infrastruktur layihələrinin arasında Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni binasının tikintisini mən xüsusi qeyd etmək istəyirəm. Aeroport hər bir ölkənin giriş qapısıdır. Hazırda beynəlxalq aeroportumuz Azərbaycanın indiki inkişaf səviyyəsinə və xüsusilə gələcək inkişafımıza tam şəkildə cavab vermir. Ona görə, həm aeroportun yeni binası tikilməlidir. Artıq işlər başlanmışdır. Eyni zamanda, yeni uçuş-enmə zolaqları tikilməlidir. Bütün xidmət infrastrukturu yenidən qurulmalıdır. Heydər Əliyev Beynəlxalq Aeroportu dünya miqyasında ən gözəl, ən müasir və ən səviyyəli aeroportların sırasına daxil edilməlidir. Növbəti iki il ərzində əminəm ki, tikinti başa çatacaq və ölkəmiz üçün çox vacib olan infrastruktur obyekti istismara veriləcəkdir.

Bildiyiniz kimi, hazırda digər böyük infrastruktur layihələri icra edilir. Mən onların sırasında Beynəlxalq Dəniz Ticarət Limanını qeyd etmək istəyirəm. Orada işlər yaxşı gedir. Gəmiqayırma zavodunun tikintisi gedir. Yəni, bu iki böyük layihə və aeroportu da əlavə etsək, Azərbaycanın nəqliyyat imkanlarını yüksək dərəcədə artıracaqdır. Növbəti aylar ərzində yeni gəmilərin, bərələrin alınması nəzərdə tutulur. Çünki Azərbaycan üzərindən yükdaşımaların həcmi artmaqdadır. Baxmayaraq ki, son illərdə biz ona yaxın yeni müasir tanker, yük gəmiləri almışıq, buna yenə də ehtiyac vardır. Nəzərə almalıyıq ki, 2012-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilməlidir. Biz bütün hazırlıq işlərini elə qurmalıyıq ki, Bakı-Tbilisi-Qars dəmir yolu istismara veriləndən sonra bir gün də yubanma olmasın. Ona görə, yeni bərələrin alınması məsələləri qoyulubdur və bu il o məsələlər öz həllini tapacaqdır.

İnformasiya-kommunikasiya sektorunda bu ilin birinci rübündə çox böyük artım vardır. Bu sektor çox dinamik inkişaf edir. Mən bu barədə fikirlərimi bir neçə dəfə bildirmişəm. Azərbaycan bu bölgədə artıq informasiya-kommunikasiya texnologiyaları üzrə mərkəzə çevrilir. Ənənəvi olaraq Bakutel sərgiləri keçirilir. Azərbaycana və burada görülən işlərə dünyada maraq artır. Bu sektorun inkişafı Azərbaycanda ümumi intellektual potensialın və intellektual imkanlarımızın inkişafına xidmət göstərəcək, eyni zamanda, bu sektorun böyük kommersiya əhəmiyyəti vardır. Artıq bu sektor bizim üçün yeni bir gəlir mənbəyinə çevrilir. Gələcəkdə bu sektorda əldə olunacaq gəlirlər ölkə iqtisadiyyatının inkişafına çox güclü təsir göstərəcəkdir.

Süni peykin yaradılması proqramı icra edilir. Ümid edirəm ki, Azərbaycan artıq yaxın zamanlarda öz peykinə malik olacaqdır. Bu, həm ölkənin imici və nüfuzlu üçün çox vacib olan məsələdir. İlk növbədə isə praktiki nöqteyi-nəzərdən bu, çox vacib olan layihədir. Peykin kommersiya istismarından əldə olunacaq gəlirlər də bizə yaxşı imkanlar yaradacaqdır" Prezident çıxışında vurğulayıb.

"İlin birinci rübündə görülmüş işlər göstərir ki, ölkə iqtisadiyyatı uğurla inkişaf edir, sosial məsələlər öz həllini tapır, hər bir sahə üzrə konkret proqramlar vardır. Bu proqramlar icra edilir. Hökumət üzvləri isə öz vəzifələrini bilirlər və vəzifə borcunu icra edirlər.

Dünyada gedən proseslər, xüsusilə neftin dünya bazarlarında kəskin şəkildə bahalaşması istər-istəməz inflyasiya risklərini də artırır. Bilirsiniz ki, biz bir neçə il bundan əvvəl də oxşar mənzərə ilə üzləşmişdik. O vaxt da neftin qiyməti kəskin şəkildə - haradasa 60 dollardan 140 dollara qədər qalxmışdı və müəyyən müddətdən sonra biz bu kəskin artımı istehlak qiymətlərinin artırılmasında da gördük. Yəni, istisna olunmur və yəqin ki, inflyasiya risklərinin artması qaçılmazdır. Belə olan halda biz gərək antiinflyasiya tədbirlərinin gücləndirilməsində daha da məqsədyönlü siyasət aparaq" İlham Əliyev yekun nitqində bildirib.

Dövlət başçısı bildirib ki, makroiqtisadi sabitliyə daha da çox diqqət göstərək.

"Makroiqtisadi sabitlik həmişə diqqət mərkəzindədir. İqtisadi inkişafla bağlı bütün tədbirlərdə, demək olar ki, bu məsələyə xüsusi diqqət göstərilir. Keçən il inflyasiyanın səviyyəsi qəbuledilən həcmdə idi. Biz görürük ki, bu ilin birinci rübündə inflyasiya 9,1 faiz artmışdır. Ona görə həm dünyada gedən proseslər, neftin bahalaşması, eyni zamanda, ölkəmizdə maaşların, pensiyaların gözlənilən artırılması məsələləri istər-istəməz inflyasiya risklərinə öz təsirini göstərəcəkdir. Biz çalışmalıyıq ki, 2011-ci ildə inflyasiya birrəqəmli olsun və bütün antiinflyasiya tədbirləri daha da güclü və məqsədyönlü şəkildə həyata keçirilsin.
İstehlak qiymətlərinə nəzarət vardır, daim monitorinq aparılır və bundan sonra da biz bu məsələlərlə məşğul olacağıq. İnhisarçılığa qarşı mübarizəni daha da gücləndirməliyik. Həm idxalda, həm də ki, daxili istehsalda inhisarçılığa qarşı mübarizə daha da güclü aparılmalıdır. Bəzi hallarda inhisarçılıq deyəndə daha çox idxalla bağlı olan məsələlər yada düşür. Ancaq son hadisələr, xüsusilə Novruz bayramı ərəfəsində müşahidə olunan mənzərə onu göstərir ki, daxildə istehsal olunan malların qiymətlərinin süni şəkildə qaldırılması halları baş vermişdir. Biz dərhal operativ şəkildə lazımi tədbirləri gördük. Süni şəkildə artırılan qiymətlərin tənzimlənməsi üçün lazımi addımları atdıq. Ancaq həm idxalla, həm də daxili istehsalla bağlı inhisarçılığa yol verilməməlidir" Prezident yekun nitqində qeyd edib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycanın bazarı demək olar ki, kifayət qədər məhduddur.

"Əgər hansısa bir böyük istehsalçı yaranırsa,- biz istəyirik, maraqlıyıq ki, həm orta və kiçik sahibkarlıq artsın, həm böyük şirkətlərimiz olsun və onlar da güclənsin, dövlət tərəfindən verilən dəstək, siyasi, iqtisadi dəstək artıq böyük şirkətlərin yaranmasına xidmət göstərir,- ancaq, eyni zamanda, böyük şirkət istər-istəməz inhisarçıya çevrilir, bəzi hallarda öz maraqlarının təmin olunması üçün qəbuledilməz addımlar atır.
Belə olan halda inhisarçılığa qarşı mübarizə həm idxalda, həm daxili istehsalda daha da güclü olmalıdır və elə etməliyik ki, xoşagəlməz hallara yol verilməsin.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi gözəl nəticələrini verir. Bu siyasət davam etdiriləcəkdir. Bu, bizim şüurlu seçimimizdir və görülən tədbirlər xalq tərəfindən yüksək qiymətləndirilir. Biz burada bir neçə amili nəzərə almalıyıq. Bu mübarizə genişmiqyaslı və çoxşaxəli olmalıdır. Əlbəttə ki, inzibati tədbirlər gücləndirilməlidir, cəza tədbirləri bundan sonra da tətbiq olunacaqdır, ictimai nəzarət daha da güclü olmalıdır.

Mən həmişə insanlarla təmasda olan zaman müraciət edirəm ki, xoşagəlməz hallar haqqında məlumatlar versinlər. Azərbaycanda ümumiyyətlə, bütün sahələrdə ictimai nəzarət daha da güclü olmalıdır. İslahatların dərinləşməsi prosesi getməlidir. Bu da antikorrupsiya tədbirlərinin arasında mühüm əhəmiyyətə malik olan sahədir. Sağlam rəqabət təmin edilməlidir. Qeyri-sağlam rəqabət aradan qaldırılmalıdır. Bütün sahələrdə şəffaflıq təmin edilməlidir. Bizdə bu sahədə gözəl təcrübə vardır. Bizdə şəffaflıqla bağlı məsələlər uğurla həllini tapır. Azərbaycan Dövlət Neft Fondunu misal gətirmək olar. Dünya miqyasında ən böyük və müsbət qiymətlərə layiq olan qurumdur və biz şəffaflıqla bağlı inkişaf etmiş ölkələrin bir çoxundan qabaqdayıq. Bu sahədə əldə olunmuş nailiyyətlər bütün başqa sahələrə də şamil edilməlidir" Prezident bildirib.

İlham Əliyev deyib ki, miqrasiya ilə bağlı məsələlər Azərbaycanda uğurla həllini tapır. Miqrasiya da inkişafın təzahürüdür. Bir neçə il bundan əvvəl Nazirlər Kabinetinin toplantısında mən məsələ qaldırmışdım ki, vaxt gələcək və biz bu problemlə üzləşə bilərik. O vaxt gəldi və Miqrasiya Xidmətinin vaxtında yaradılması bizə imkan verdi ki, bu prosesləri lazımi səviyyədə tənzimləyək. Qanunsuz miqrasiyaya qarşı ciddi tədbirlər görülür. Yenə də demək istəyirəm ki, miqrasiya inkişafın əlamətidir. Əgər Azərbaycanda sürətli inkişaf olmasaydı, xaricdən Azərbaycana işləmək üçün gələnlərin sayı o qədər də çox olmazdı.
Biz əlbəttə ki, ilk növbədə daxili əmək resurslarımızı müdafiə etməliyik. Baxmayaraq ki, son illərdə Azərbaycanda bir milyona yaxın iş yeri yaradılmışdır və bunun tam əksəriyyəti daimi iş yerləridir, yenə də işsizlik məsələləri vardır. Elə etməliyik ki, ilk növbədə Azərbaycan vətəndaşları işlə təmin olunsunlar.

"Eyni zamanda, Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və biz bütün inteqrasiya proqramlarına çox müsbət baxırıq. Azərbaycanda liberal iqtisadiyyat və işləmək üçün bütün imkanlar vardır. Azərbaycan xalqı qonaqpərvər xalqdır, Azərbaycanda quruculuq-abadlıq işləri, müasir xidmətlərin yaradılması məsələləri əlbəttə ki, miqrantları cəlb edir. Bununla bərabər, onu da qeyd etməliyik ki, Azərbaycanda ictimai asayiş çox yüksək səviyyədə qorunur, təhlükəsizlik tədbirləri güclüdür. Şəhərlərimizə xas olan əlamət ondan ibarətdir ki, insanlar özlərini çox rahat hiss edirlər. Azərbaycanda kriminogen durum da çox yaxşıdır.
Bütün bu amillər əlbəttə ki, xaricdən gələnlərə, necə deyərlər, əlavə təkan verir. Yenə də demək istəyirəm ki, biz xoş niyyətlə gələn bütün qonaqlara öz qapılarımızı açırıq. Ancaq bütün bu işlər qanun çərçivəsində həll olunmalıdır və qanunsuz miqrasiyaya qarşı tədbirlər davam etdirilməlidir.

Növbəti aylarda sahibkarlığın inkişafı işində əlavə tədbirlər görüləcəkdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kreditlər artıq verilməyə başlanmışdır. Bu kreditlər bütün bölgələri əhatə edir. Artıq bizdə bu sahədə təcrübə də çox müsbətdir. Bu il veriləcək kreditlər hesabına yeni müəssisələr, yeni iş yerləri yaradılacaq və ölkə iqtisadiyyatının çoxşaxəli şəkildə inkişaf etməsinə biz daha da böyük həcmdə nail olacağıq. Deyə bilərəm ki, bu ilin birinci rübünün uğurlu yekunları, xüsusilə qeyri-neft sektorunun artımı, o cümlədən sahibkarlığa göstərilən diqqətin nəticəsində mümkün olmuşdur. Güzəştli şərtlərlə verilən kreditlər, sahibkarlara dəstək, regional inkişaf proqramının icrası və proqrama vaxtaşırı əlavələrin edilməsi məsələləri də əlbəttə ki, müsbət rol oynayır.

Hazırda taxılçılığın inkişafı ilə bağlı təkliflər paketi hazırlanır. Bundan əvvəlki iclaslarda bu barədə tapşırıqlar verilmişdir ki, böyük fermer təsərrüfatları, infrastruktur yaradılsın və bu işlərə böyük torpaq sahələri cəlb edilsin, suvarma məsələləri öz həllini tapsın.
Şübhə etmirəm ki, növbəti illərdə qeyri-neft sektorunun, kənd təsərrüfatının və sahibkarlığın inkişafı daha da sürətlə gedəcək və bizə imkan verəcək ki, ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək.
Biz bu məsələni bir neçə il bundan əvvəl qoymuşuq. Deyə bilərəm ki, miqrasiya ilə bağlı olan məsələlərdəki kimi, biz yenə də uzaqgörənlik göstərmişdik. Çünki biz ərzaq təhlükəsizliyi ilə bağlı məsələləri gündəliyə salanda o vaxt hələ bu məsələ dünya miqyasında bu qədər də kəskinləşməmişdi" Prezident qeyd edib.

Dövlət başçısı deyib ki, son illər ərzində müəyyən hava şəraiti ilə, təbii fəlakətlərlə bağlı xüsusilə taxılçılıqda bəzi ölkələr tərəfindən ixraca qoyulan məhdudiyyətlər göstərir ki, biz aqrar siyasətimizi ancaq daxili resurslar üzərində aparmalıyıq. Azərbaycanda uzun illər ərzində aparılan aqrar islahatlar, 1990-cı illərdə aparılmış və davam etdirilən çox cəsarətli aqrar islahatlar, fermerlərə göstərilən dəstək, vergilərin ləğvi, bugünkü reallıqlar imkan verir ki, biz öz gücümüzə arxalanaraq ərzaq təhlükəsizliyimizi təmin edə bilək. Bu məsələ ilə bağlı sahibkarlarla görüşdə geniş fikir mübadiləsi aparılmışdır. Təkrara ehtiyac yoxdur. Sadəcə olaraq, demək istəyirəm ki, bu məsələ də daim gündəlikdə olmalıdır.

"Ətraf mühitin qorunması işində səylərimizi daha da gücləndirməliyik. Düzdür, "Ekologiya ili" rəsmən başa çatdı. Ancaq hər il "Ekologiya ili" olmalıdır - həm ağacəkmə məsələləri, həm içməli su ilə təminat, neftlə çirklənmiş ərazilərin təmizlənməsi. Bu məsələlərin həlli üçün dövlət büdcəsində vəsait nəzərdə tutulur. Dövlət büdcəsinə düzəlişlər ediləndən sonra yenə də bu məqsədlər üçün vəsait nəzərə alınmalıdır.

Hazırda bütün ölkədə içməli su və kanalizasiya layihələri icra edilir. Bu layihələr daha da sürətlə icra edilməlidir və belə görünür ki, Azərbaycan dövləti, yəni dövlət büdcəmiz əsas yükü öz üzərinə götürməlidir.

Mən təxminən əvvəlki illərdə də belə qənaətdə idim ki, gec-tez biz bu məsələni də öz üzərimizə götürəcəyik. Çünki bildiyiniz kimi, beynəlxalq maliyyə qurumları ilə apardığımız danışıqlar həm uzanırdı, həm də müəyyən şərtlər irəli sürülürdü. İndi Azərbaycanın maliyyə imkanları kifayət qədər genişdir və bu rəqəmlər də səsləndi. Bizim valyuta ehtiyatlarımız artır, biz bu yaxınlarda büdcəyə əlavələr edəcəyik. Ona görə əsas yükü Azərbaycan dövləti öz üzərinə götürməlidir. Harada ki, məqbul şərtlərlə və yaxşı kommersiya şərtləri ilə kreditlərin verilməsi mümkündür, əlbəttə, biz bu imkanlardan istifadə etməliyik. Harada ki, məsələ uzanır, yaxud da şərtlər çox sərtdir, əlbəttə, mən hesab edirəm ki, biz belə kreditlərə heç müraciət etməməliyik, bu işləri daxili imkanlar hesabına görməliyik. Bu məqsədlə dövlət büdcəmizdə əlavə vəsait nəzərdə tutulmalıdır ki, işlər daha da sürətlə getsin, növbəti bir neçə il ərzində bütün ölkədə su, kanalizasiya məsələləri öz həllini tapsın.
Əlbəttə ki, bu məsələlər regional inkişaf proqramında daha da böyük həcmdə öz əksini tapmalıdır. Regional inkişaf proqramında, əlbəttə ki, bu məsələlər qoyulubdur. Konkret icra müddəti də qoyulubdur. Yəni, buna daha da böyük diqqət göstərilməlidir. Eyni zamanda, regionlarla bağlı olan layihələr arasında kənd yollarının tikintisi xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlər üçün keçmişdə də vəsait ayrılmışdır və müxtəlif bölgələrdə yeni kənd yolları salınmışdır. Mən o yolların açılışında iştirak etmişəm. O yollar on minlərlə insanı, yüzlərlə kəndi birləşdirir. Yeni infrastrukturun yaradılması həm bölgələrin inkişafına xidmət göstərir, həm də insanların rahatlığı üçün çox vacibdir. Hesab edirəm ki, kənd yollarının tikintisinə böyük məbləğdə əlavə vəsait ayrılmalıdır. Hazırda yerlərdən təkliflər gəlir. İlk növbədə biz, yenə də deyirəm, böyük yaşayış məntəqələrini birləşdirən yolların tikintisi ilə məşğul olmalıyıq. Əlbəttə ki, biz ən bərbad vəziyyətdə olan yolları da bərpa etməliyik, əslində yenidən qurmalıyıq. Çünki əfsuslar olsun ki, nəinki bölgələrdə, hətta Bakı qəsəbələrində və kəndlərində yolların əksəriyyəti torpaq yollarıdır.

Bu da qətiyyən dözülməz bir haldır. Ona görə, bir də demək istəyirəm ki, qəsəbələrlə bağlı olan məsələlərin içərisində yollar, su və kanalizasiya məsələləri prioritet məna daşıyır.
Bakı qəsəbələri ilə bağlı olan məsələlər haqqında mən giriş sözümdə öz fikirlərimi bildirdim. Bu ay proqram qəbul ediləcəkdir. Proqrama çox ciddi nəzarət edilməlidir. Həm Bakı İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri, İqtisadi İnkişaf Nazirliyi tərəfindən proqram vaxtaşırı təhlil olunmalıdır, əlavələr edilməlidir. Mən ümid edirəm ki, qəsəbələrə aid olan bütün məsələlər proqramda öz əksini tapacaqdır.

Ancaq həyat yerində durmur. Biz regional inkişaf proqramının icrası ilə bağlı bu mənzərə ilə üzləşmişdik ki, müəyyən mərhələlərdə düzəlişlər də, əlavələr də edildi. Hər halda bu məsələ ölkə qarşısında duran məsələlərin içərisində xüsusi əhəmiyyətə malikdir. Bununla bərabər, həm regional proqram, həm Bakı qəsəbələrinin inkişafı proqramı çərçivəsində qəzalı vəziyyətdə olan məktəblərin bərpası və yenidən qurulması məsələləri öz həllini tapmalıdır.
Son illərdə bu sahədə çox böyük işlər görülmüşdür. İki mindən artıq məktəb tikilib istifadəyə verilmişdir, əlavə korpuslar tikilmişdir. Ancaq qəzalı vəziyyətdə olan məktəblərin sayı hələ də kifayət qədərdir. Burada əlbəttə ki, müxtəlif fikirlər ola bilər: hansı məktəb qəzalı məktəb hesab olunmalıdır və burada fikir müxtəlifliyi vardır. Çünki mən bu məsələ ilə bağlı göstərişlər vermişəm ki, qəzalı vəziyyətdə olan məktəblərin sayını mənə versinlər və o məktəblər hansı rayonlarda, hansı qəsəbələrdə yerləşir. Hər halda, mən hesab edirəm ki, Azərbaycanda pis vəziyyətdə məktəb olmamalıdır. Bunu ya qəzalı adlandırmaq, yaxud da ki, pis vəziyyətdə olan məktəb kimi qələmə vermək olar. Ancaq bütün məktəblər yaxşı vəziyyətdə olmalıdır. Harada ki yenidən qurulmalıdır onu edəcəyik, harada ki, təmirə ehtiyac var əlbəttə ki, onlar təmir olunacaqdır. Yaxın gələcəkdə o məktəblərin dəqiqləşdirilmiş siyahısı verilməlidir. Büdcəyə əlavələr edilən zaman bu məqsədlər üçün də vəsait nəzərdə tutulacaqdır. Bununla bərabər, ölkədə uşaq bağçaları ilə bağlı problemlər də vardır. Biz bu problemləri bilirik. Bu problemlər müstəqilliyimizin ilk illərində yaranmışdır. O vaxt uşaq bağçalarının bir hissəsi özəlləşdirilmişdir. Yaxud da ki, onlardan başqa məqsədlər üçün istifadə olundu. Bəzilərində dükanlar, restoranlar, digər məişət obyektləri yaradıldı. Yəni, o dövrdə belə xoşagəlməz hallara yol verilirdi. Ona görə, hazırda mövcud olan uşaq bağçaları bizim tələbatımıza heç uyğun gəlmir.
Nəzərə alsaq ki, Azərbaycan əhalisi də artır və bu, çox müsbət haldır. Artıq Azərbaycanda doqquz milyon əhali vardır. Sovet vaxtında tikilmiş bağçalar daha az əhaliyə hesablanmışdır. Ona görə bu vəziyyət çox ciddidir. Burada yeganə yol, hesab edirəm real yol ondan ibarətdir ki, yeni uşaq bağçaları tikilməlidir. Mən hesab etmirəm ki, biz özəlləşdirmənin nəticələrinə yenidən baxaq. Bu, mümkün deyildir. Azərbaycan bazar iqtisadiyyatına sadiq olan ölkədir. Azərbaycan xarici və daxili investorlar üçün çox etibarlı ölkədir və bu, bizim böyük nailiyyətimizdir. Çünki hamı bilir ki, Azərbaycan öz sözünə sadiq olan ölkədir və investisiyalar,- istər xarici, istər daxili, - dövlət tərəfindən qorunur. Bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Ona görə bizim bircə yolumuz qalır ki, yerlər müəyyən edilsin və biz uşaq bağçalarının tikintisinə geniş şəkildə başlaya bilək. Ona görə bu göstərişi də verirəm. Büdcəyə əlavələrdə bu məsələ mütləq öz həllini tapmalıdır. Bu il və növbəti illərdə uşaq bağçalarının tikintisi proqramı icra edilməlidir.

Nefq-qaz sektorunda işlər gedir. Azərbaycan öz imkanlarını genişləndirir və bütün ölkədə qazlaşdırma prosesi gedir. Demək olar ki, hər həftə hansısa bir yeni kənd qazlaşdırılır. Bütün infrastruktur yenidən qurulur, bu işlər müasir səviyyədə görülür və hesab edirəm ki, növbəti iki il ərzində ölkədə qazlaşdırma ilə bağlı əsas məsələlər öz həllini tapacaqdır. Bu ilin birinci rübündə Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub" qaz dəhlizi üzrə bəyannamə imzalanmışdır. Bu bəyannamə hər iki tərəfin maraqlarını təmin edir. Bəyannamədə Azərbaycan Avropa istehlakçıları üçün təchizatçı və kömək edən ölkə kimi göstərilir. Bu bəyannamənin çox böyük mənası vardır. Azərbaycanın zəngin qaz ehtiyatları müxtəlif yollarla dünya bazarlarına çatdırılır və çatdırılmalıdır. Biz elə etməliyik ki, zəngin qaz ehtiyatlarımızdan maksimum dərəcədə səmərəli şəkildə istifadə edək, yaxın gələcəkdə hasilatın həcmini artıraq. Bunu etmək üçün, şübhəsiz, bizim üçün mövcud olan bazarlarda qazımızın həcmini artırmalıyıq və yeni bazarlara çıxmaq üçün çalışmalıyıq. Hazırda müxtəlif ölkələrlə ikitərəfli danışıqlar gedir və əlbəttə, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr, imzalanmış sənədlər bu məsələnin həlli üçün mühüm addım olacaqdır.
Bizdə elektrik enerjisinin istehsalı sahəsində bütün işlər lazımi səviyyədə aparılır. Azərbaycan artıq elektrik enerjisi ixrac edən ölkəyə çevrilibdir. Biz bütün qonşu ölkələrə enerji ixrac edirik. Bununla bərabər, biz yenə də ölkə daxilindəki enerji güclərini artırırıq. Növbəti müddətdə biz elektrik xətlərinin yeniləşməsinə daha çox diqqət verməliyik. Çünki generasiya güclərimiz kifayət qədərdir. Bu il Füzuli Su Elektrik Stansiyası istismara verilməlidir. Onun gücü 25 meqavatdır və "Cənub" Elektrik Stansiyası istifadəyə verilməlidir. Onun gücü isə 800 meqavata yaxındır. Hazırda müxtəlif hesablamalara görə 1000 meqavata yaxın əlavə enerji gücümüz vardır ki, biz ondan istifadə etmirik. Biz gələcəkdə əlbəttə ki, elektrik enerjisinin ixracı ilə daha da ciddi məşğul olmalıyıq. Bunu etmək üçün qaz sahəsində olduğu kimi, həm hazırkı bazarlara ixracı artırmalıyıq, eyni zamanda, yeni bazarlara da çıxmalıyıq. Bu məqsədlə hazırda Azərbaycan ilə Gürcüstan arasında 500 kilovotluq enerji xətlərinin tikintisi başlanmışdır. Bu məqsədlə Samuxda yeni böyük yarımstansiya tikilmişdir. Mən bu yaxınlarda onun açılışında iştirak etmişəm. Yəni, bütün bu işlər bizə lazımdır ki, maksimum dərəcədə elektrik enerjisini ixrac edə bilək. Neft və qazdan sonra üçüncü vacib ixrac xəttimiz bu xətt olmalıdır. Bununla bərabər, bərpa olunan enerji mənbələrinin yaradılması prosesi gedir, kiçik su elektrik stansiyaları tikilir, bir neçəsinin təməl daşı qoyulmuşdur. Yenə də kiçik su elektrik stansiyalarının tikintisi nəzərdə tutulur və Azərbaycanda digər alternativ enerji mənbələrinin yaradılması prosesi gedir" Prezident bildirib.

Dövlət başçısının sözlərinə görə, magistral yolların tikintisi ilə bağlı əlavə tədbirlər görülməlidir. Çox işlər görülüb.

"Bütün magistral yollarda işlər gedir. Şəhərlərarası yollar, kənd yolları tikilir. Hesab edirəm ki, biz ilin sonuna qədər bu sahədə əlavə vəsaitin ayrılması hesabına işi daha da sürətləndirməliyik. Xüsusilə Bakı-Rusiya sərhədi yolunun davam etdirilməsi üçün əlavə vəsait nəzərdə tutulmalıdır ki, biz bu yolun tikintisini tezliklə başa vuraq. Yolun böyük hissəsi artıq beynəlxalq standartlara uyğundur. Sərhədə yaxın olan qalan hissənin tikintisini də tezliklə təmin etməliyik. Bakı-Gürcüstan yolunun bir hissəsi ikizolaqlı, bir hissəsi dördzolaqlıdır. Nəzərə alsaq ki, o yoldan istifadə çox intensiv xarakter daşıyır, biz ikizolaqlı hissəni dörd zolağa genişləndirməliyik. Bu tapşırığı da verirəm ki, Bakıdan Gürcüstan sərhədinə qədər bu yolun hamısı dördzolaqlı olsun.

Bu layihəyə başlamaq üçün əlavə vəsait nəzərdə tutulmalıdır. Bakı-İran sərhədi yolunun inşası cədvəl üzrə gedir. Bu yol bəri başdan dördzolaqlı kimi nəzərdə tutulmuşdur. Orada bütün işlər cədvəl üzrə gedir. Yolların tikintisi ilə vaxtaşırı tanış oluram və işlər lazımi səviyyədə görülür.
Bakı-Şamaxı yolu. O da demək olar ki, Bakı-Balakən sərhəd yolunun bir hissəsidir. O da yenidən qurulub. İkizolaqlı yol kimi qurulub. Hesab edirəm, bu yolu da dörd zolağa genişləndirmək üçün əlavə tədbirlər görülməlidir ki, bu yolla gedib-gəlmək daha da rahat olsun.
Bakıda yeni qovşaqlar, körpülər, tunellər tikilir. Bu işlər şəhərimizin müxtəlif yerlərində gedir. Bakı qəsəbələrinin proqramı çərçivəsində qəsəbələrarası yolların tikintisi də nəzərdə tutulur. Bu işlər daha da sürətlə aparılmalıdır. Bütün bu işləri görmək üçün yaxın zamanlarda büdcəyə əlavələr edilməlidir, dürüstləşmə aparılmalıdır. İndi müvafiq göstərişlər verilmişdir, təkliflər hazırlanır. Nəzərə almalıyıq ki, əlavə maliyyə resurslarımız vardır, dünyada neftin qiyməti artmışdır. Təbii olar ki, biz həllini gözləyən məsələləri elə bu il həll edək və bu məsələləri gələn ilə saxlamayaq. İlk növbədə qeyd etdiyim məsələlər, infrastruktur layihələri əlavə edilməlidir, tikinti işləri, sosialyönümlü tədbirlər, - bu barədə burada deyildi, - dürüstləşmə zamanı nəzərə alınmalıdır.
Azərbaycanda sosialyönümlü tədbirlər vaxtaşırı aparılır. Həm uzunmüddətli proqramlar çərçivəsində, həm də lazım gələndə əlavə tədbirlər görülür. Mən onların arasında bu yaxınlarda əhalinin suya olan borclarının silinməsi məsələsini qeyd etmək istəyirəm. Bu, bizim sosial siyasətimizin nə qədər güclü olduğunu göstərir. Bu addım xoşniyyətli addımdır və hesab edirəm ki, düzgün addımdır, sosial ədalət prinsipləri baxımından düzgün addımdır, bazar iqtisadiyyatı prinsipləri baxımından bəlkə də o qədər də düzgün addım deyildir. Ancaq bizim üçün əsas məsələ prioritetlərin düzgün seçilməsidir. Bu prioritetlər sırasında sosial məsələlər birinci yerdədir. Ancaq o da həqiqətdir ki, əgər güclü iqtisadi imkanlarımız olmasa, heç bir sosial məsələ öz həllini tapa bilməz. Ona görə dürüstləşmə zamanı mütləq geniş sosial paket nəzərdə tutulmalıdır, əməkhaqqılarının, pensiyaların artırılması məsələləri öz həllini tapmalıdır və tapacaqdır. Xüsusilə, 2006-cı ilə qədər pensiyaya çıxmış vətəndaşların pensiyaları artırılmalıdır. Çünki bu sahədə müəyyən ədalətsizlik vardır. Bu ədalətsizlik ona görə yarandı ki, 2006-cı ildən sonra yeni qaydalar tətbiq olundu və 2006-cı ildən sonra pensiyaya çıxanlar daha böyük pensiya alırlar. 2006-cı ilə qədər Azərbaycanda pensiyaya çıxanların sayı haradasa 900 mindən artıqdır.

Bütövlükdə 1 milyon 300 nəfərə qədər pensiyaçı vardır. Onlardan 900 mini 2006-cı ilə qədər pensiyaya çıxmışdır. Ona görə, ilk növbədə onların pensiya təminatı yaxşılaşdırılmalıdır ki, bu sahədə heç bir ayrı-seçkilik olmasın və yaşlı insanlar lazımi səviyyədə pensiya ilə təmin olunsunlar. Bu, bizim borcumuzdur, onlar işləyiblər, çalışıblar, bu ölkəni yaradıblar, ölkənin inkişafında çox böyük rol oynayıblar. Bizim borcumuz onların maddi təminatını yaxşılaşdırmaqdır. Biz bunu mütəmadi qaydada edirik. Xüsusilə bu il biz 2006-cı ilədək pensiyaya çıxmış vətəndaşların pensiya təminatını yaxşılaşdırmalıyıq.
Bütün digər məsələlər öz həllini tapır. Yenə də demək istəyirəm ki, hökumət üzvləri öz vəzifə borcunu yaxşı bilirlər. Ölkədə bütövlükdə işlər yaxşı gedir. 2011-ci ilin birinci rübünün yekunları da bunu təsdiqləyir. Gələn aylarda, ilin sonuna qədər biz eyni əzmkarlıqla və peşəkarlıqla işləməliyik, ölkə qarşısında duran bütün vəzifələri icra etməliyik.
Sağ olun" İlham Əliyev bildirib.

Fotoşəkillər - Azərbaycan Prezidentinin rəsmi internet saytı

Xəbər lenti

Xəbər lenti