...

Azərbaycan Prezidenti Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunda aparılan tikinti və yenidənqurma işləri ilə tanış olub (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 14 Aprel 2011 21:33 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin cənub bölgəsinə səfəri çərçivəsində Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunda aparılan tikinti və yenidənqurma işləri ilə tanış olmuşdu
Azərbaycan Prezidenti Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunda aparılan tikinti və yenidənqurma işləri ilə tanış olub (ƏLAVƏ OLUNUB) (FOTO)

Prezidentin Sərçuvar kəndinə səfəri barədə məlumat və fotoşəkillər əlavə olunub (ilk xəbər 21:20-də yayılıb)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cümə axşamı ölkənin cənub bölgəsinə səfəri çərçivəsində Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunda aparılan tikinti və yenidənqurma işləri ilə tanış olmuşdur. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlətimizin başçısı yeni yolun tikildiyi əraziyə gəldi.

Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, 2009-cu ilin martında inşasına başlanılan Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu əvvəllər 243 kilometr olmuşdur. Layihələndirmə zamanı daha optimal marşrutlar seçilmiş və yenidənqurma nəticəsində yol 38 kilometr qısaldılaraq 205 kilometr olacaqdır. Ələt yaxınlığında salınan yeni yolun eni 27,5 metr, hərəkət hissəsi dördzolaqlıdır. Burada iki yolötürücünün tikintisi başa çatmaq üzrədir. Hər biri dördzolaqlı olmaqla, yolötürücülərin birinin uzunluğu 86,6 metr, digərinin uzunluğu isə 101 metrdir. İndiyədək layihə üzrə tikinti-quraşdırma işləri 87 faiz yerinə yetirilmişdir. Tikinti işlərinin 2011-ci ilin sonunda tamamlanması planlaşdırılmışdır.
Yolun geniş olması avtomobillərin paytaxta və əks istiqamətə sərbəst və maneəsiz hərəkətinə imkan yaradacaqdır.

Prezident İlham Əliyev tikinti və yenidənqurma işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılması, həmçinin magistralın keçdiyi ərazilərdə abadlıq işlərinə diqqət yetirilməsi ilə bağlı tapşırıqlarını verdi.

Azərbaycan Prezidenti həmçinin Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun Masallı-Astara hissəsinin Sərçuvar kəndi ərazisində aparılan tikinti işləri ilə tanış olmuşdur.

Dövlətimizin başçısı Ələt-Astara avtomobil yolunun sxemini əks etdirən fotostendlərə baxdı.

Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, Masallı və Astara rayonlarının ərazisindən keçəcək birinci dərəcəli yolun bu hissəsinin ümumi uzunluğu 22 kilometr, eni 27,5 metrdir. Yolun dördtərəfli aparıcı zolağının eni 5 metr olacaqdır. Yolun bu hissəsində 6 körpünün, 4 yolötürücünün və 133 suötürücünün inşası nəzərdə tutulmuşdur. Beynəlxalq standartlara tam cavab verəcək yolda müasir işıqlandırma sistemi, nəqliyyatın və piyadaların maneəsiz hərəkəti üçün lazımi şərait yaradılacaqdır.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, yeni yolun istifadəyə verilməsindən sonra Masallı və Astara rayonlarını birləşdirən köhnə yolun istismarı da davam etdiriləcəkdir. Köhnə və yeni yolun qovşağında isə ötürücü yol keçidi inşa olunacaqdır. Bu yolun istifadəyə verilməsi Masallı və Astara ilə yanaşı, Yardımlı, Lənkəran, Biləsuvar və digər rayonların əhalisi üçün rahatlıq yaradacaqdır.

Bildirildi ki, magistral avtomobil yolu rayon mərkəzlərinin kənarından keçəcəkdir. Bu isə avtomobillərin sərbəst və maneəsiz hərəkətinə imkan verəcəkdir.

Sonra Prezident İlham Əliyev Ələt-Astara avtomobil yolunun Kür çayı üzərindən keçən hissəsində inşası davam etdirilən yeni körpü kompleksini əks etdirən fotostendlərə baxdı.

Məlumat verildi ki, körpünün ümumi uzunluğu 370 metr, eni isə 30 metr olacaqdır. Körpüdə yanaşma yolunun ümumi uzunluğu isə 1 kilometrdən çoxdur.

Dövlətimizin başçısı yolun tikintisində istifadə olunan texnikaya baxdı.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tövsiyə və tapşırıqlarını verdi.

Foto - Azərbaycan Prezidentinin rəsmi saytı

Xəbər lenti

Xəbər lenti