...

Tahir Kərimli: İctimai Palata məqsədi, ideyası bilinməyən qurumdur (MÜSAHİBƏ)

Siyasət Materials 21 Aprel 2011 17:53 (UTC +04:00)
Tahir Kərimli: Azərbaycan xalqı radikallığı qəbul etmədiyi üçün İctimai Palatanı dəstəkləmir (MÜSAHİBƏ)
Tahir Kərimli: İctimai Palata məqsədi, ideyası bilinməyən qurumdur (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir T.Hacıyev/

Vəhdət Partiyasının sədri Tahir Kərimlinin Trend-ə müsahibəsi

- Başqa məqsədlər üçün yaradılan İctimai Palata fəaliyyətini əsasən cəmiyyətdə çaşqınlıq yaratmağa yönəldib. Sizcə, onların bu cür fəaliyyəti nədən qaynaqlanır?

- Azərbaycan Konstitusiyasına əsasən, insanların hər hansı qurumda birləşmək hüquqları var. Ancaq İctimai Palata bilinmir ki, nədir. Birlikdirmi, siyasi partiyaların blokudurmu, məqsədləri, ideyası nədir, hansı hədəfləri qarşıya qoyub? İctimai Palata məqsədləri bilinməyən bir qurumdur.
Əgər bu birlik deputat ola bilməyən insanların hüquqlarının müdafiəsi üçündürsə, bunun üçün məhkəmələr, beynəlxalq məhkəmələr var. Əgər bu qurum seçkinin nəticələrindən narazı şəxslərin birliyi kimi birləşmişdisə, onda gərək bu istiqamətdə fəaliyyət göstərərdi, məhkəmələr vasitəsilə öz hüquqlarını müdafiə edərdilər. Amma biz tamamilə əks fikir görürük. Əks fikir ondan ibarət idi ki, məsələ qaldı qıraqda, bu məsələ ilə məşğul olan olmadı, İctimai Palata Şərqdə baş verən hadisələrdən ruhlanıb, başladı birbaşa siyasi hərəkatla məşğul olmağa. İctimai Palatanın Nizamnaməsi, Əsasnaməsi yoxdur. Bu təşkilatdırmı, hərəkatdırmı, birlikdirmi? Politoloji nöqteyi-nəzərdən bu, hər hansı struktur kimi müəyyən olunmalıdır. Çünki siyasi partiyalar haqqında, ictimai birliklər haqqında qanun var. İctimai Palatanın strukturunu heç cür anlamaq olmur. Bu birliyin yaranması yalnız ona hesablanıb ki, mümkün qədər çox narazı adamları öz ətrafına toplaya bilsin və bir hərəkat irəli sürsün. Lakin başa düşməlidirlər ki, yalnız arxasında xalq olan, ictimaiyyətin dəstəyinə əsaslanan qurum uğur qazana bilər.

- Tahir bəy, yəni hesab edirsiniz ki, İctimai Palata cəmiyyətdən dəstək ala bilmədi?

- Bəli. Hansısa təşkilatın uğuru orada toplaşan insanların istəyinin deyil, ictimaiyyətin, xalqın onları nə dərəcədə dəstəkləməsindən ibarətdir. Bir neçə dəfə onlar mitinq təyin etdilər, lakin insanlar gəlmədi. Onlar iddia edirlər ki, xalqın çox hissəsi narazıdır. Onda niyə 9 milyonluq Azərbaycan əhalisinin heç olmasa cüzi hissəsini - 45 minini cəlb edib mitinq keçirə bilmirlər? İctimai Palatanı təsis edən şəxslər bu məqamları yaxşı bilirlər. Bu səbəbdən elə yerdə aksiyalar keçirtmək istəyirlər ki, mitinqə ətrafda olan insanlar cəlb olunsun və bunların sırasına çoxluq gətirsin. Bu onu sübut edir ki, ictimaiyyət onlara inanmır. Əvvəlki seçkilərdə də aparıcı müxalifət partiyaları tərəfindən çoxlu sayda yalançı vədlər verilib. 2003-cü ildə də, 2005-ci ildə də onların başına müəyyən qism insanlar toplaşırdı və bu dəstək də onlara heç bir uğur gətirmədi.

Mən bəzi partiya sədrləri ilə söhbət edəndə deyirlər ki, İctimai Palataya gedərdim, lakin görürəm ki, bu qurum yalnız Müsavat sədri İsa Qəmbərlə AXCP sədri Əli Kərimlinin fikirlərinin təbliği ilə məşğul olur.

- Sizin deməyinizdən belə nəticəyə gəlmək olar ki, İctimai Palata İsa Qəmbər və Əli Kərimlinin yardımçı təşkilatıdır. Elə deyilmi?

- İctimai Palatanı İsa Qəmbərlə Əli Kərimlinin yardımçı təşkilatı kimi qələmə vermək olar. Sovet dövründə zavodların, fabriklərin yardımçı təsərrüfatı olardı, hansı ki, kənd təsərrüfatı ilə, digər işlərlə məşğul olaraq onlara yardım edirdilər. İctimai Palata da sanki özünü ayrı-ayrılıqda reallaşdıra bilməyən partiyaların istəklərini həyata keçirmək üçün yardımçı təşkilata çevrilib.
Axı müxalifətin digər hissələri də var. Əgər onlar bu İctimai Palataya yaxın buraxılmadılarsa, hansı cəhətdən müxalifətin əksər hissəsi onu qəbul etmiş olur? Yaxınlarda AMİP-in həmin təşkilatdan çıxdığını gördük. Bütün bunlar onu göstərir ki İctimai Palata artıq ciddiliyini itirmək üzrədir. Bu prosesin qarşısını almaqdan ötrü xarici təşkilatlar, səfirlik nümayəndələri gedib onlarla görüşdülər. Cəmiyyət arasında buna ya "İp", yəni "kəndir", ya "İctimai Palatka" deyirlər. Düşünürəm ki, İctimai Palata heç də liderlərin, qohumların toplaşdığı yer olmalı deyil. Bunlar özlərini yalnız İctimai Palatada Koordinasiya Şurasının iclasını keçirməklə, mətbuatda İctimai Palatanın üzvü olan şəxslərin fəaliyyətini işıqlandırmaqla realizə edirlər. Digər müxalifət nümayəndələri də başa düşürlər ki, bu səhv yoldur və getdikcə ondan uzaqlaşırlar.

- İctimai Palatanın uğur qazanmamasının səbəblərindən biri həmin qurumda təmsil olunan rəhbər şəxslərin şəxsi maraqlarını milli maraqlardan üstün tutması ilə bağlı ola bilərmi?

- İctimai Palatada təmsil olunanlar həmişə cəmiyyətin onları dəstəklədiyini iddia edən partiyalardır. Həmin partiyalar hətta bir zamanlar təkbaşına hakimiyyətə gəlmək iddiasını ortaya qoyurdular. Sonda gördülər ki, təkbaşına nə Müsavat, nə AXCP, nə də digərləri bu ambisiyalarını reallaşdıra bilmirlər. İndi istədilər ki, seçkidən narazı qalmış insanları bir təşkilatda birləşdirsinlər. Əslində, onlar öz köhnə arzularını realizə etmək istəyirdilər. Bu da alınan deyil. Çünki həmin qüvvələr hər zaman bir-birilərini ittiham ediblər. 1995-ci ildə AMİP 5 nəfərlə parlamentdə təmsil olunub. 2000-ci ildə AXCP beş nəfər ilə təmsil olunub, 2005-də Müsavat Partiyası olub. Həmişə də onlar bir-birilərinə qarşı ağır ittihamlar irəli sürüblər. Bunu da xalq görüb. Bir zamanlar bir-birilərini söyənlər indi bir araya gəlib. Kim bu birliyin səmimiliyinə inanar? Səmimiliyinə inam olmadığına görə İctimai Palata da uğur qazana bilməz.
İndiyə qədər müxalifətin müxtəlif uğursuz birlikləri olub. Mən düşünürəm ki, İctimai Palata onlardan da uğursuz bir ideyadır. Cəmiyyətə gərək sağlam, rasional bir təklif verə biləsən. Hanı o təkliflər? İctimai Palata o təklifləri vermək iqtidarında deyil. İctimai Palata iqtidara gərək elə təkliflər versin ki, iqtidar həmin təklifləri qəbul edə bilsin. Elə təkliflər verilməlidir ki, o təkliflərin arxasında ictimai dəstək dayansın. Bu olmayanda istədikləri dialoqlar da baş tutmur.

İctimai Palatanın təşkil etdiyi mittinqlər də ictimaiyyət tərəfindən dəstəklənmir. Hər dəfə aksiyalardan öncə qəzetlərdə yazırlar ki, minlərlə insan gələcək. Axı orada minlərlə insan olmur. Bu onu göstərir ki, Azərbaycanda xalqın artıq radikal meyilləri yoxdur. İnsanlar Liviyanı gördülər. İstəmirlər ki, Azərbaycan Liviya kimi cəhənnəm olsun, bu cür qarşıdurma olsun. Ona görə də bu cür ideyanın daşıyıcıları siyasi səhnəni tərk etməlidirlər. Bu gün Azərbaycan xalqına qanlı inqilablar lazım deyil. Bu cür ideyaların daşıyıcıları da bunu başa düşməlidir. Əgər başqa ideyaları yoxdursa, kənara çəkilməlidirlər. İctimai Palatanın bu cür fəaliyyəti nə qədər xaricdən dəstəklənsə də, uzun çəkməyəcək və tarixdə qalacaq.

Xəbər lenti

Xəbər lenti