...

Azərbaycan Parlamentinin spikeri TÜRKPA-nın iclasında iştirak edəcək

Siyasət Materials 25 Aprel 2011 13:50 (UTC +04:00)
Spiker Oqtay Əsədovun başçılıq etdiyi Azərbaycan Parlamentinin nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) plenar iclasında iştirak edəcək.
Azərbaycan Parlamentinin spikeri TÜRKPA-nın iclasında iştirak edəcək

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir M.Əliyev/

Spiker Oqtay Əsədovun başçılıq etdiyi Azərbaycan Parlamentinin nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) plenar iclasında iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə bazar ertəsi Azərbaycan Parlamentinin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

Onun sözlərinə görə, iclasın gedişində bu qurumun yaradılması zamanı imzalanan İstanbul sazişinə əlavə və düzəlişlər haqqında protokol, eləcə də türkdilli ölkələrin parlamentlərinin kitabxanaları arasında əməkdaşlıq haqqında protokol imzalanacaq, TÜRKPA-nın emblemi və bayrağı müzakirə ediləcək və qəbul olunacaq. Onun sözlərinə görə, iclasın yekunları üzrə Astana bəyannaməsi qəbul ediləcək.

Təvəkküloğlunun sözlərinə görə, səfər zamanı Azərbaycan Parlamentinin spikerinin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə, Qazaxıstan Parlamenti palatalarının sədrləri, türkdilli ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlərinin keçirilməsi planlaşdırılır. "Görüşlərdə iki ölkə arasında əməkdaşlığın perspektivləri, TÜRKPA-nın fəaliyyətinin inkişaf məsələləri müzakirə olunacaq", - Milli Məclisin mətbuat xidmətinin rəhbəri deyib.

İclasın ikinci sessiyasının gedişində quruma sədrlik Azərbaycandan Qazaxıstana keçəcək.

Aprelin 27-28-də Astanada Sülh və Həmrəylik Sarayında Türkdilli Ölkələrin Parlament Assambleyasının xətti ilə tədbir keçiriləcək. TürkPA-nın yaradılmasına dair təşəbbüs Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən 2006-cı ilin noyabrında türkdilli ölkələrin rəhbərlərinin Antalyada keçirilən 8-ci sammitində irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti