...

Azərbaycan Milli Demokrat Partiyası Böyük Məclisinin toplantısının keçirilmədiyini bəyan edib

Siyasət Materials 26 Aprel 2011 12:34 (UTC +04:00)
Aprelin 24-də bir qrup şəxs Azərbaycan Demokrat Partiyasının konfrans zalında toplaşaraq Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının (AMDEP) adından çıxış edib, guya "partiya Böyük Məclisinin toplantısının" keçirildiyini bildiriblər.
Azərbaycan Milli Demokrat Partiyası Böyük Məclisinin toplantısının keçirilmədiyini bəyan edib

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir T.Cəfərov/

Aprelin 24-də bir qrup şəxs Azərbaycan Demokrat Partiyasının konfrans zalında toplaşaraq Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının (AMDEP) adından çıxış edib, guya "partiya Böyük Məclisinin toplantısının" keçirildiyini bildiriblər. Trend-in məlumatına görə, AMDEP bununla bağlı bəyanat qəbul edib.

Bəyanatda bildirilir ki, Azərbaycanın bütövlüyü və suverenliyi əleyhinə olan xarici qüvvələr tərəfindən Azərbaycanda siyasi sabitliyin pozulması və dövlətin imicinin aşağılanması məqsədi güdən planlar iflasa uğrayıb.

"Bu iflasın səbəblərindən biri də AMDEP-in milli mənafeyi öndə tutan siyasi qurum kimi həmin siyasi oyunlara qoşulmaması oldu. Bundan irəli gələrək, AMDEP-i xarici sifarişçilərin oyunlarına qatmaq, beynəlxalq antitürk qüvvələrin Azərbaycandakı marionetləri ilə birgə addımlağa sövq etmək üçün partiyaya qarşı kənar qüvvələrin hücumları başlanıb. AMDEP-ə qarşı təxribatlardan biri də məhz partiyanın parçalanması oyunu idi ki, bu məkrli oyunu partiyanın böyük bir hissəsi dəf etmiş oldu. AMDEP bir daha bildirir ki, partiya dünya türkçü qüvvələrinin "sorosçu" və ya "Batının kuklaları" kimi dəyərləndirdiyi siyasi intriqanların yanında olmayacaqdır, həmin qüvvələrlə olmaq istəyən marginal bir qrupun özünü "millətçi", "bozqurdçu" və ya "AMDEP-çi" adlandırması absurd məzhəkədən başqa bir şey deyil", - bəyanatda qeyd edilir.

Bildirilir ki, partiya Nizamnaməsinə və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq fəaliyyətini və tədbirlərini həyata keçirməkdə davam edir. Beləliklə, partiya "sorosçu", "Batının kuklaları" ilə bir cinahda olmaq istəyən və milliyətçiliyə aidiyyəti olmayan bir qrup şəxsin 24 aprel 2011-ci il tarixli, nümayiş etdirmək istədiyi şousunu iflasa uğramış məzhəkə kimi dəyərləndirir.

Bununla bağlı partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyası da bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının sonuncu Böyük Məclisi 15 aprel 2011-ci il tarixində keçirilib. Partiyanın həmin tarixdəki Böyük Məclisinin toplantısının legitimliyi partiya Nizamnaməsinə uyğun olaraq partiya MNTK-sı tərəfindən təsdiqlənib, bu toplantının proseduru partiya Nizamnaməsinin müvafiq maddələrinə (partiya Nizamnaməsinin 9.2. - 9.2.5. maddələrinə) uyğun olaraq keçirilib.

Partiya MNTK-sı 24 aprel 2011-ci il tarixində Azərbaycan Demokrat Partiyasının konfrans zalında bir qrup şəxsin AMDEP adından toplantı keçirməsində iştirak etmiş bəzi şəxslərin partiya üzvlüyündə qalmasının məqsədəuyğunluğu barədə məsələnin qarşıda keçiriləcək partiya Qurultayında qaldırılacağını bildirir.

Xəbər lenti

Xəbər lenti