Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda kütləvi aksiyaların keçirilməsi üçün hüquqi baza yaradılıb və Azərbaycan hakimiyyəti belə aksiyaların keçirilməsinə şərait yaradır. Azərbaycan hökumətinin bununla bağlı beynəlxalq təşkilatlarla danışıqlar aparmasına ehtiyac duyulmur. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov müxalifətin İctimai Palata adlanan qurumunun aksiya keçirməsinə imkan yaradılması üçün beynəlxalq təşkilatların Azərbaycan hökuməti ilə danışıq aparması barədə səslənən fikirlərə münasibət bildirərkən deyib.
"Ola bilər ki, ayrı-ayrı müxalifət partiyalarının təmsilçiləri guya, "Azərbaycanda kütləvi aksiyaların keçirilməsinə şərait yoxdur" deyərək, məsələ qaldırmaq istəyirlər. Məncə, beynəlxalq təşkilatlar Azərbaycanda reallığı öyrəniblər, vəziyyətin müxalifətin dediyi kimi olmadığının şahidi olurlar", - Əhmədov deyib.
O, bildirib ki, istər müxalifət, istərsə də qanuni fəaliyyət göstərən qurumlar Azərbaycanda kütləvi aksiyalar keçirmək imkanına malikdirlər.
"Kütləvi aksiyaları keçirməkdən ötrü istəklə yanaşı, kütləvi aksiyalarda iştirakı arzulayan adamlar da olmalıdır", - Əhmədov deyib.
YAP funksioneri əlavə edib ki, İctimai Palatanın icazəsiz aksiyalarında iştirak etmək istəyən vətəndaşlar yoxdur.
"Bu, həmin palatanın bir neçə dəfə təşkil etdiyi icazəsiz aksiyalarda da özünü göstərib. Ona görə də İctimai Palata şər atmaq üçün obyekt kimi Azərbaycan hökumətini seçib. Onlar beynəlxalq təşkilatlar qarşısında belə təəssürat yaratmaq istəyirlər ki, guya, Azərbaycan hakimiyyəti İctimai Palatanın və digər qurumların aksiya keçirməsinə imkan vermir. Həqiqət odur ki, onlar istəklərini həyata keçirmək imkanlarına malik deyillər. Onların aksiyalarına istənilən sayda insan gəlmir", - Əhmədov bildirib.