Azərbaycan, Bakı, 6 may /Trend, müxbir T.Hacıyev/
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü dünyanın müxtəlif ölkələrində qeyd olunacaq. Bu barədə cümə günü Trend-ə Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yekaterinburq və digər şəhərlərində Ümumrusiya Azərbaycanlıları Konqresi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının və Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş konfrans və toplantılar keçiriləcək.
Ümumrusiya Azərbaycanlıları Konqresinin mayın 10-da Moskvadakı Bakı kinoteatrında keçirəcəyi konfransda bu ölkədə yaşayan azərbaycanlılarla yanaşı, digər millətlərin nümayəndələri də iştirak edəcək. Konfransda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin keçdiyi həyat yolundan, onun Azərbaycan Respublikasının iqtisadi qüdrətinin artması və regionun aparıcı dövlətinə çevrilməsi, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində göstərdiyi xidmətdən danışılacaq.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Dağıstanın Dərbənd şəhərində, Gürcüstanın Tbilisi və Marneuli şəhərlərində də tədbirlər keçiriləcək.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbirlər Ukrayna, Belarus, Estoniya, Litva, Latviya və Moldovada da keçiriləcək. Həmin tədbirlərdə ulu öndərin siyasi kursu və Azərbaycanın müstəqil dövlət olaraq güclənməsində roluna dair çıxışlar olacaq və məhz ümummilli liderin siyasəti sayəsində Azərbaycanın beynəlxalq müstəvidə etibarlı tərəfdaş imicinin formalaşdığı vurğulanacaq.
Qazaxıstanda ümummilli lider Heydər Əliyevin 88-ci ildönümü "Heydər Əliyev - dünya miqyaslı siyasətçi" adlı elmi-nəzəri konfransın keçirilməsi ilə qeyd olunacaq. Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzləri İttifaqının təşkil ediəcəyi tədbirdə ulu öndər Heydər Əliyevin XX əsrin görkəmli siyasətçisi olması, onun Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafına verdiyi töhfədən bəhs olunacaq.
Konfranslar, "dəyirmi masa" və toplantılarla yanaşı ümummilli lider Heydər Əliyevin 88-ci ildönümü münasibətilə bir sıra ölkələrdə gül sərgiləri, fotosərgilər, film nümayişləri də təşkil olunacaq. Çexiyada fəaliyyət göstərən "Azər-Çex" cəmiyyətinin təşəbbüsü ilə Praqa şəhərindəki Azərbaycan Evində Heydər Əliyev haqqında sənədli film nümayiş olunacaq, gül sərgisi keçiriləcək və ümummilli liderə həsr edilmiş guşə açılacaq.
Azərbaycanın Polşadakı səfirliyi və Azərbaycan-Polşa Birlik Assosiasiyanın təşkilatçılığı ilə Varşavada yazıçı Vitold Mixaylovskinin ümummilli lider Heydər Əliyev haqqında yazdığı kitabın təqdimat mərasimi keçiriləcək.
Rumıniya və Macarıstanda da Azərbaycan xalqının ümummilli liderinin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbirlərin keçirilməsi planlaşdırılır.
"Aydan" Estoniya-Azərbaycan Mədəniyyət mərkəzinin təşkilatçılığı ilə Tallində akademik Zərifə Əliyeva adına bağçada gül sərgisi və yığıncaq keçiriləcək.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 88-ci ildönümü münasibətilə Almaniyada bir neçə tədbir olacaq. Berlin şəhərindəki Türk Evində Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniyadakı Azərbaycanlılarının Koordinasiya Mərkəzi və "Atatürkçü Düşüncə Dərnəyi Berlin-Brandenburq"un birgə təşkilatçılığı ilə baş tutacaq tədbirdə görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində fəaliyyətindən, gördüyü işlərdən bəhs olunacaq. Tədbirə Azərbaycan və türk diasporlarının təmsilçiləri ilə yanaşı, Almaniya ictimaiyyətinin nümayəndələri də dəvət olunub. Bundan əlavə, Almaniyada fəaliyyət göstərən digər Azərbaycan diaspor təşkilatları - "Odlar Yurdu", "ALM.AZ", "Saksen-Anhalt Alman-Azərbaycan Mədəniyyəti", "Avropa Azərbaycanlıları Konqresi" kimi diaspor qurumları da ölkənin ayrı-ayrı şəhərlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünü qeyd edəcəklər.
Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəyi (TAD) və Türkiyə Azərbaycanlıları Dərnəkləri Federasiyası (TADEF) Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə müxtəlif tədbirlər keçirəcək.
Kvebek Azərbaycanlıları Assosiasiyası və Kvebek Qadınları Assosiasiyasının təşəbbüsü ilə Kanadada, Azərbaycan-Nyu York Assosiasiyasının təşkilatçılığı ilə ABŞ-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbirlərin keçirilməsi planlaşdırılır.