...

"Heydər Əliyev və Azərbaycanın müasirləşmə strategiyası" mövzusunda konfrans keçirilib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 7 May 2011 16:44 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə şənbə günü ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanın müasir strategiyası" mövzusunda konfrans keçirilib.
"Heydər Əliyev və Azərbaycanın müasirləşmə strategiyası" mövzusunda konfrans keçirilib (ƏLAVƏ OLUNUB) (FOTO)

Konfransda çıxışlar əlavə edilib (ilk xəbər 14:08-də yayılıb)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İ.İsabalayeva/

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə şənbə günü ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanın müasir strategiyası" mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, YAP sədrinin müavini, icraçı katib Əli Əhmədov çıxışında bu tədbirin artıq 9-cu dəfə keçirildiyini xatırladıb.

O bildirib ki, Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanda böyük infrastruktur layihələr həyata keçirilib. Əhmədovun sözlərinə görə, konfransda səslənən fikirlər yaxın vaxtlarda Azərbaycan cəmiyyətinin müasirləşməsinə yönələn müzakirələrin aparılmasına təkan verəcək. Əhmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı üçün əvəzolunmaz xidmətlərinin olduğunu bildirərək müstəqil dövlətin inkişaf və tərəqqisinin ulu öndərin adı ilə bağlı olduğunu vurğulayıb. YAP-ın sədr müavini bildirib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün özünün müsbət nəticələrini verməkdədir.

"Ölkəmiz sürətlə inkişaf edir, artıq dünyaya Azərbaycanın inkişaf modeli təqdim olunur. Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünün möhtəşəm iqtisadi inkişafı həm onun həyat və fəaliyyətini araşdıranlar, həm də ölkə tarixinin müvafiq dövrünün tədqiqatçıları tərəfindən ətraflı işıqlandırılıb. Qısa zaman kəsiyində inanılmaz iqtisadi sıçrayışın tam
mənzərəsi yaradılıb. Ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti dövrünün uğurları əsasən Azərbaycanın sürətli inkişafı kimi təqdim edilir. Bununla yanaşı, Azərbaycan həm də sürətlə dəyişir, yeniləşir, iqtisadiyyatın strukturu fərqli parametrlər kəsb edirdi. Azərbaycanın müasir iqtisadiyyatının yaradılması sahəsində ilk və ciddi səylər Heydər Əliyev tərəfindən hakimiyyətinin birinci dövründə edilib", - Əhmədov bildirib.

Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və həyata keçirilən siyasət dövlətimizin daha da güclənməsinə xidmət edir. "Azərbaycanın inkişaf modeli qərarlaşıb və fəaliyyətdədir. Hədəflər isə seçilib. Qarşıda qüdrətli, zəngin, güclü Azərbaycan yaradılması vəzifəsi dayanır. Növbəti aylarda, hətta illərdə Azərbaycan ictimai fikrində cəmiyyətin müasirləşməsi ciddi araşdırmalar və tədqiqatlar obyektinı çevriləcək", - Əhmədov vurğulayıb.

Baş nazirin birinci müavini Yaqub Eyyubov çıxışında bildirib ki, Heydər Əliyevin 88-ci ildönümü ölkənin bütün bölgələrində yüksək səviyyədə qeyd edilir.

"Azərbaycan tarixinin unudulmaz şəxsiyyətlərindən biri, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ölkədə qeyd olunmaqdadır. Mən çox xoşbəxtəm ki, tale həyatımı ulu öndər Heydər Əliyevlə bağlıyıb. Hələ 1971-ci ildə tələbə olduğum illərdə onun daima Azərbaycanın gələcəyini düşünərək gəncliyə göstərdiyi böyük diqqət və qayğının şahidi olmuşam. Həyatımın müxtəlif sahələrində, təhsildə, dövlət qulluğunda ulu öndərlə birgə işləmək mənə nəsib olub. Mənim üçün "Mən fəxr edirəm ki, azərbaycanlıyam" deyən bir şəxs haqqında danışmaq çox məsuliyyətlidir. Bu barədə nə qədər danışsaq da azdır", - Eyyubov deyib.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə çıxışında bildirib ki, Heydər Əliyevin adı Azərbaycanın tarixində əbədi həkk olunub.

Həsənov deyib ki, Heydər Əliyev 1993-cü ildə Azərbaycanda milli vətəndaş qarşıdurmasının qarşısını almaqla yanaşı, ölkənin iqtisadi inkişafı üçün də həyati əhəmiyyətli işlər görüb.

"Azərbaycan öz enerji resurslarına sahiblik edə biləcək, ya yox, onları xarici bazarlara çıxara biləcək, ya yox" sualları qarşısında Heydər Əliyevin iradəsi durmuşdu. Azərbaycan öz enerji resurslarını özünün yaratdığı müstəqil yollarla dünyaya çıxara bildi", - Həsənov deyib.

Onun sözlərinə görə, 1994-cü ildə atəşkəsə nail olunması, 1995-ci ildə ölkənin Konstitusiyasının qəbul olunması, Azərbaycanda ilk dəfə parlament seçkilərinin keçirilməsi Azərbaycanın bir dövlət olaraq sonrakı iqtisadi, siyasi, sosial inkişafına təkan verdi.

"Heydər Əliyev 1993-cü ildə Azərbaycanda milli vətəndaş qarşıdurmasının qarşısını almaqla yanaşı, ölkənin iqtisadi inkişafı üçün də həyati əhəmiyyətli işlər görüb. Heydər Əliyev ölkənin daxili siyasətini- dövlət-vətəndaş münasibətlərinin, daxili iqtisadi sosial münasibətlərin
əsasını yaratdığı kimi, bu dövlətin inkişafının xarici siyasətini və geosiyasi konsepsiyasının da əsasını qoydu və inkişaf etdirdi. Azərbaycanın yeni iqtisadi inkişaf xətti, xarici iqtisadi əlaqələri və neft strategiyası 1996-cı ildən öz müsbət nəticələrini verməyə, ölkəni dünya iqtisadiyyatına və siyasətinə inteqrasiyası istiqamətində ciddi addımlar atmağa imkan yaratdı. Bununla da Azərbaycan tezliklə regionda geosiyasi və geoiqtisadi cəhətdən ən əhəmiyyətli bir ölkəyə, arzuolunan iqtisadi tərəfdaşa və ciddi perspektivlər vəd edən dövlətə çevrildi", - Həsənov bildirib.

Milli Məclisin sədr müavini Bahar Muradova isə çıxışında bildirib ki, artıq Azərbaycan müstəqillik əldə edib və bunu heç kəs onun əlindən ala bilməz.

"Doğrudur, cəhdlər var, amma onların qarşısı alınır", - deyən Muradova Heydər Əliyevin iqtisadi modelinin bu gün uğurla həyata keçirildiyini də bildirib. Muradova qeyd edib ki, Heydər Əliyevin yaratdığı iqtisadi model bu gün uğurla həyata keçməkdədir.

Konfransdan öncə YAP-ın İdarə Heyətinin üzvləri, fəalları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər.

Xəbər lenti

Xəbər lenti