...

Azərbaycan Diplomatik Akademiyası Cənubi Amerika diplomatları üçün treninq keçirir (FOTO)

Siyasət Materials 16 İyun 2011 18:42 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası (ADA) ilk dəfə olaraq Cənubi Amerika ölkələrinin diplomatları üçün "Xəzər hövzəsi ölkələrinin öyrənilməsi" adlı kursa başlayıb.
Azərbaycan Diplomatik Akademiyası Cənubi Amerika diplomatları üçün treninq keçirir (FOTO)

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Azərbaycan Diplomatik Akademiyası (ADA) ilk dəfə olaraq Cənubi Amerika ölkələrinin diplomatları üçün "Xəzər hövzəsi ölkələrinin öyrənilməsi" adlı kursa başlayıb.

ADA-dan Trend-ə verilən məlumata görə, təlimlərin ilk günündə dinləyicilərlə görüşən xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev bildirib ki, Azərbaycan Cənubi Amerika ölkələri ilə əməkdaşlığa böyük önəm verir.

O, ADA-da yalnız peşəkar diplomatlar deyil, bakalavr və magistr pillələrində təhsil almaq istəyən latın amerikalı tələbələr üçün də imkanların mövcud olduğunu söyləyib.

Daha sonra çıxış edən ADA-nın icraçı dekanı Fariz İsmayılzadə və Xarici Siyasət Proqramının direktoru Aygün Hacıyeva həm ADA, həm də kurs barədə ətraflı məlumat veriblər.

Azərbaycanda olduqları 10 gün ərzində xarici diplomatlar Xəzər dənizi regionunun tarixi və mədəni irsi, onun statusu və geosiyasəti, neft sənayesi, iqtisadiyyatı və investisiya imkanları, regionun gələcəyinə təhlükə yarada biləcək potensial təhdidlər, regional münaqişələrə dair məruzələr dinləyəcəklər.

Eyni zamanda, Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci il dönümü ilə bağlı xüsusi müzakirələr keçiriləcək.

Diplomatlar Azərbaycanda akkreditə olunmuş bir neçə səfirlə görüşəcək, Quba və Qobustana, Səngəçal terminalına səfər edəcəklər, ölkənin milli-mədəni sərvəti ilə tanış olacaqlar.

Təlimə Venesuela, Nikaraqua, Honduras, Boliviya, Kolumbiya, Ekvador, Yamayka, Dominikan Respublikası kimi 14 Cənubi Amerika diplomatı qatılıb.

Xəbər lenti

Xəbər lenti