Azərbaycan, Bakı, 21 iyun /Trend/
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov çərşənbə axşamı Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 11-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Avropa Parlamentinin nümayəndə heyətini qəbul edib.
DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə nazir bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsini, demokratiyanın möhkəmlənməsində və bazar iqtisadiyyatına keçidin başa çatdırılmasında ölkəmizin səylərinin müdafiə olunmasını, cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq-mühafizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan Milli Tədbirlər Planı hazırlanıb. "Avropa İttifaqı-Azərbaycan Fəaliyyət Planı"na və qeyd olunan Milli Tədbirlər Planına uyğun olaraq Daxili İşlər Nazirliyi üzərinə qoyulmuş bir sıra vəzifələrin öhdəsindən uğurla gəlib və bu istiqamətdə tədbirlər bu gün də davam etdirilməkdədir. Həmin tədbirlərə misal olaraq seçkilərin ATƏT-in öhdəliklərinə və digər beynəlxalq standartlara uyğun keçirilməsi, seçki proseslərinə polis əməkdaşlarının müdaxiləsinin qarşısının alınması, mütəşəkkil jinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, insan alverinə və terrorizmə qarşı mübarizədə səylərin gücləndirilməsi, işgəncə, digər pis rəftar və korrupsiyanın qarşısının alınması və aradan qaldırılması məqsədilə polisdə islahatların aparılması məsələlərini göstərmək olar.
Ölkəmizin Avropa strukturlarına uğurla inteqrasiya etdiyini xatırladan Ramil Usubov Daxili İşlər Nazirliyinin digər hüquq-mühafizə orqanları ilə birlikdə respublikada təhlükəsizliyin, insan hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin qorunması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin daha da səmərəli aparılması məqsədilə BMT, ATƏT, Avropa Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, həmçinin Avropa İttifaqına üzv olan dövlətlərin müvafiq qurumları arasında ikitərəfli əməkdaşlığın inkişaf etdiyini və həmin əlaqələrin daha da dərinləşdirilməsi üçün müvafiq sənədlərin imzalandığını diqqətə çatdırıb.
Daxili işlər naziri onu da bildirib ki, orqan və hissələrdə qanunçuluğun vəziyyəti mütəmadi olaraq təhlil edilir, ümumiləşdirilir, hüquqazidd hərəkətlərə, polisin adına ləkə gətirən əməkdaşlara qarşı DİO-da xidmətdən xaric edilməyə, hətta cinayət məsuliyyətinə cəlb olunmağadək prinsipial ölçülər götürülür. Təkcə son 3 ildə və bu ilin birinci rübündə vətəndaşlarla kobud rəftar etdiklərinə, onların hüquq və azadlıqlarını pozduqlarına görə 773 əməkdaş cəzalandırılıb. Onlardan 12-si cinayət məsuliyyətinə cəlb olunub, 50 nəfər DİO-dan xaric edilib, 68 nəfər tutduğu vəzifədən azad olunub.
Avropa Parlamentinin Çexiyadan olan deputatı Milan Kabrnox Aİ və Avropa Parlamentinin Azərbaycanla ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini və əməkdaşlığın daha da genişlənməsində səylərini əsirgəməyəcəklərini vurğulayıb.
Bolqarıstandan olan deputat Slavi Binev Azərbaycanda özünü çox rahat və təhlükəsiz hiss etdiyini xüsusi qeyd edib.