Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycandan İnsan Haqları üzrə Avropa Məhkəməsinə indiyədək 1254 şikayət daxil olub.
Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının idarə heyətinin üzvü, Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA Azərbaycan) nümayəndələri ilə görüşündə deyib.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycana dair işlər mövzusunda görüş zamanı çıxış edən Əsgərov bildirib ki, ötən illərdə Azərbaycandan Avropa Məhkəməsinə göndərilən şikayətlərin sayı sabit az olsa da, şikayətlərdə Avropa Konvensiyasında təsbit olunmuş hüquqların, demək olar ki, tam spektri əks etdirilir.
Onun sözlərinə görə, 2010-cu ildə Azərbaycandan Avropa Məhkəməsinə 337 şikayət daxil olub. Onlardan 167-si rədd edilib, 49-u hökumətə göndərilib, 33-ü qəbul olunub.
Qəbul olunan şikayətlərdən 16-sı üzrə Konvensiyanın pozulması müəyyən edilib, 10-u isə qərar əsasında və problemin qarşılıqlı razılıqla yoluna qoyulması ilə həllini tapıb.
Azərbaycan 2001-ci ilin yanvarında Avropa İnsan Haqları Konvensiyasına qoşulub.
Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi gənc hüquqşünaslara Avropa Məhkəməsi ilə işin quruluşu, səlahiyyətli nümayəndənin fəaliyyəti, kommunikasiya edilən şikayətlərin təhlili, Avropa Məhkəməsi qərarlarının icrası ilə bağlı görülən tədbirlər barədə ətraflı məlumat verib.
ELSA Azərbaycanın Prezidenti Kamal Cəfərov gənc hüquqşünaslar üçün "Səhnələşdirilmiş məhkəmə proses"ləri layihəsi haqqında ətraflı məlumat verib, hüquqşünas tələbələrin müxtəlif qurumlarda təcrübə keçmə imkanları Əsgərovun diqqətinə çatdırılıb.