...

Azərbaycan Prezidenti İran İslam Şurası Məclisinin sədrini qəbul edib (FOTO)

Siyasət Materials 1 İyul 2011 15:04 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 1-də İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti İran İslam Şurası Məclisinin sədrini qəbul edib  (FOTO)

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 1-də İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlətimizin başçısı İlham Əliyev İran İslam Şurası Məclisinin sədri Əli Laricaninin ölkəmizə səfərinin uğurlu olacağını dedi və səfərin Azərbaycan-İran əlaqələrinin inkişafı baxımından əhəmiyyətini qeyd etdi. Xalqlarımızın dostluq və qardaşlıq əlaqələrinin gücləndiyini vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin iki dövlət arasındakı münasibətlərin inkişafına təkan verdiyini dedi.

Azərbaycan ilə İran arasında bütün sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini bildirən dövlətimizin başçısı siyasi sahədə əlaqələrin gücləndiyini vurğuladı. Azərbaycan Prezidenti iqtisadi sahədə yaxşı nəticələrin əldə olunduğunu, xüsusilə nəqliyyat və enerji sektorlarında konkret layihələrin icra edildiyini və gələcəkdə bu istiqamətdə daha da fəal əməkdaşlıq etməyin zəruriliyini bildirdi.

Mədəniyyət və humanitar sahədə əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı bu sahədə əməkdaşlığı genişləndirməyin önəmini qeyd etdi.

Dövlət başçısı Azərbaycan-İran əlaqələrinin ölkələrimizlə yanaşı, bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün də mühüm əhəmiyyət daşıdığını dedi. Parlamentlərarası əlaqələrə toxunan Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğuladı və əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı səfərlərin zəruriliyini bildirdi.

Əli Laricani İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırdı. Sonuncu dəfə Azərbaycana 14 il bundan əvvəl səfər etdiyini deyən qonaq ötən dövr ərzində ölkəmizdə çox böyük inkişaf proseslərinin şahidi olduğunu vurğulayaraq bunu Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün siyasətin nəticəsi kimi dəyərləndirdi və əldə olunan nailiyyətlərə görə dövlət başçısını təbrik etdi.

İran-Azərbaycan münasibətlərinin tarixi köklərə malik olduğunu deyən Əli Laricani Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkələrimiz arasında münasibətlərdə yeni səhifənin açılmasında xüsusi rolunu qeyd etdi. İran İslam Şurası Məclisinin sədri İran ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu dedi.

Dövlətimizin başçısı İlham Əliyev Prezident Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş etdi.

Fotoşəkillər - Azərbaycan Prezidentinin rəsmi internet saytı

Xəbər lenti

Xəbər lenti