...

Payızda Ermənistan müxalifətinin etirazları güclənəcək - Aleksandr İsgəndəryan

Siyasət Materials 4 İyul 2011 08:59 (UTC +04:00)
Heç şübhəsiz ki, Ermənistandakı mitinqlər bir-birinin ünvanına səsləndirilən ciddi siyasi ittihamların davam etdiyi kimi, davam edəcək. Bu, siyasi mübarizənin formalarından biridir. Ermənistanın "Qafqaz" institutunun direktoru Aleksandr İsgəndəryan bu fikirdədir.
Payızda Ermənistan müxalifətinin etirazları güclənəcək - Aleksandr İsgəndəryan

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir E.Tariverdiyeva/

Heç şübhəsiz ki, Ermənistandakı mitinqlər bir-birinin ünvanına səsləndirilən ciddi siyasi ittihamların davam etdiyi kimi, davam edəcək. Bu, siyasi mübarizənin formalarından biridir. Ermənistanın "Qafqaz" institutunun direktoru Aleksandr İsgəndəryan bu fikirdədir.

"Həm də çox güman ki, payızdan müxalifətin etirazları güclənəcək. Belə ki, sentyabrdan etibarən paralmentdə yer uğrunda seçkiqabağı mübarizə başlayacaq. Mitinqlərin parlament seçkilərinə kimi başa çatacağını təsəvvür etmək mümkün deyil", - Trend-ə İsgəndəryan bildirib.

İyunun 30-da Yerevanda etiraz aksiyası keçirilib. Aksiyada 4 min etirazçı iştirak edib. Müxalif siyasətçi Levon Ter-Petrosyanın çağırışı ilə nümayişçilər paytaxrın mərkəzində Azadlıq meydanını tutublar.

Keçmiş prezident Ter-Petrosyan Ermənistan hakimiyyətinə onların müxalifətlə dialoq çərçivəsində öz təkliflərini irəli sürmələri tələbi ilə müraciət edib.

Ter-Petrosyan bildirib ki, Ermənistanda hakimiyyətin dəyişdirilməsinə ehtiyac var. Bu, növbədənkənar seçkilər vasitəsilə mümkündür.

İsgəndəryanın sözlərinə görə, Ermənistandakı vəziyyəti Gürcüstandakı etirazlarla müqayisə etmək olmaz. "Gürcüstan Prezidenti Mixail Saakaşvilinin müxalifətdə ciddi rəqibi yoxdur", - o hesab edir.

Onun sözlərinə görə, əksinə, Ermənistanda bir sıra müxalif partiyalar var ki, rejimə rəqib ola bilməsələr də, parlamentdə yer uğrunda ciddi namizəd ola bilərlər. "Siyasi mübarizənin davam edəcəyinə şübhə yoxdur", - İsgəndəryan qeyd edib.

"Mən bu gün baş verən prosesləri hakimiyyət və müxalifət arasında dialoqun qurulması adlandırmazdım. Çox güman ki, bu, hansısa oyun qaydalarının qurulmasına cəhddir. Onun çərçivəsində siyasi mübarizə olacaq", - ekspert bildirib.

"Bu o deməkdir ki, mübarizəni prinsipcə heç kim ləğv etməyib, yəni Ermənistan Milli Konqresi və müxalifət koalisiyasının digər partiyaları əleyhdar qalacaqlar və mübarziəni davam etdirəcəklər. Sadəcə olaraq bu mübarizə başqa çərçivələrdə, hakimiyyət və müxalifət arasında əlaqə olmayanda davam edəcək", - İsgəndəryan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanda prezident və hətta parlament seçkiləri ilə bağlı proqnoz vermək hələ ki çox tezdir.

"Bu halda müxalifətin dediyi növbədənkənar seçkilər haqqında danışmaq mənə elə gəlir ki, mənasızdır. Qabaqcadan görülməsi mümkün olmayan fors-major baş verməsə, heç bir növbədənkənar seçkilər olmayacaq", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti